Qardaş Ölkənin Bələdiyyə Başqanlari Azərbaycanda


Qafqaz Universitetində türkiyəli qonaqlarla görüş olub
QARDAŞ ÖLKƏNİN BƏLƏDİYYƏ BAŞQANLARI AZƏRBAYCANA SƏFƏRLƏRİNDƏN MƏMNUNDURLAR
Artıq bir neçə gündür ki, Türkiyənin ünlü bələdiyyə başqanlarından sayılan Umraniyyə bələdiyyə başqanı Hasan Can, Maltəpə bələdiyyə başqanı Fikri Kose və Yeni Doğan bələdiyyə başqanı Hakan Özüngün rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədirlər. Qeyd edək ki, qonaqlar səfər çərçivəsində bir sıra rəsmi görüşlər və tədbirlər keçiriblər. Dünən belə bir mərasim Qafqaz Universitetində təşkil olunub. Adıçəkilən təhsil ocağının rəhbərliyinin təşəbbüsü ilə baş tutan tədbirə Türk Dünyası Bələdiyyələri Birliyinin üzvləri də qatılıblar. Tədbir iştirakçılarını salamlayan universitetin rektoru, professor Ahmet Sanic yığıncağı giriş sözüylə açaraq, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamları ilə çıxışına başlayıb. O, iki dövlət arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərindən ətraflı danışıb. Sonra söz "Çağ Öyrətim İşlətmələri" MMC-nin prezidenti Ahmet Özerenə verilib. A.Özeren ölkələrimiz arasındakı təhsil əlaqələrindən söhbət açıb. O, Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi üçün yaradılan normal şəraitdən razı qaldığını dilə gətirib. Umraniyyə bələdiyyə başqanı Hasan Can Azərbaycanda səfərdə olmasından məmnunluq duyduğunu vurğulayıb: "Dünən "Gülüstan" Sarayında mötəbər şəxslər üçün, bu gün "Yeganə" şadlıq sarayında isə qaçqın və məcburi köçkünlər üçün iftar süfrəsi təşkil etmişik. Bu gün axşam Heydər Əliyev adına Sarayda İbrahim Erkalın və Azərinin birgə keçirdiyi konsertin təşkilatçılığını da biz həyata keçiririk". Malıtəpə bələdiyyə başqanı Fikri Kose bildirib ki, Türkiyədə olduğu kimi Azərbaycanda da iki dövlət arasındakı münasibətlərə xüsusi önəm verilir: "Biz təkcə eyni millətin övladları deyilik, bizi həm də İslam dini bir-birimizə sıx bağlayır. Bu da bizim xoşbəxtliyimiz, daimi dostluq və qardaşlığımız üçün çox önəmlidir". Yeni Doğan bələdiyyə başqanı Hakan Özüng çıxışında həmkarlarının fikirlərini bölüşdüyünü bildirib: "Mən Azərbaycanda olmağımdan və qardaşlarımla, bacılarımla bu müqəddəs Ramazan ayında görüşməyimdən çox məmnunam". Mərasimin sonunda qonaqlar universitetə öz xatirə hədiyyələrini təqdim ediblər.
SEVİNC

http://www.525ci.com/aze/2006/10/14/anons=8

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF