22 Aralık 2006 Cuma

İstedadlı gənclərə dövlət qayğısı

Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünyada ən sürətli inkişaf edən ölkədir. İqtisadiyyatımız bu il 34 faiz artıbdır və bu, dünyada ən birinci göstəricidir.

"Təhsil bilik, elm, tərəqqi deməkdir. Hər bir dövlət, hər bir xalq öz təhsilini daha da təkmilləşdirməyə çalışmalıdır. Bu istiqamətdə Azərbaycanda da işlər aparılır..."İlham ƏLİYEV

Hər yeni dərs ilinin başlanması əlamətdar hadisə olur. Bu ərəfədə respublika səviyyəsində keçirilən tədbirlər, ölkə rəhbəri tərəfindən verilən fərman və sərəncamlar təhsilin cəmiyyətin tərəqqisində mühüm amil olduğunu bir daha nəzərə çarpdırır. Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 12-də Abşeron rayon ictimaiyyəti nümayəndələri ilə görüşü, Xırdalan qəsəbəsində 1296 yerlik yeni orta məktəb binasının təməlqoyma mərasmində iştirakı dövlət başçısının bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığını, elm və təhsilin davamlı inkişafı siyasətinin uğurla reallaşdırıldığını bir daha təsdiq edir.
Həmin gün ölkə Prezidenti "2006-2007-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" sərəncam imzalamışdır. Bu sərəncama əsasən, 650-dən çox bal toplayan 100 tələbəyə Prezident təqaüdü verilmişdir. Bu il qəbul kampaniyasında iştirakçıların rekord sayı Azərbaycan gənclərində təhsilə güclü həvəs və maraq olduğunu göstərmişdir. Bu da təsadüfi deyil. İqtisadi inkişafda davamlılığın və tarazlığın təminatı, xarici siyasət sahəsində fəal diplomatiyanın həyata keçirilməsi, qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi, dövlət idarəetmə sistemi üçün yüksək ixtisaslı, bacarıqlı, intellektual səviyyəli, vətənpərvər kadrların hazırlanması təhsil sahəsində dövrün tələbi ilə səsləşən ardıcıl islahatların reallaşdırılması məsələsini daha da aktuallaşdırır. Çünki dövlət siyasətinin ayrılmaz hissəsi olan təhsil bu gün həm də iqtisadiyyatın gələcəyi ilə bağlı məsələdir. Cəmiyyət həyatındakı sürətli dəyişikliklər milli təhsil konsepsiyasının müasirləşdirilməsini, inkişaf etmiş dövlətlərin bu sahədə qabaqcıllıq ənənələrinin mənimsənilməsini, eləcə də mənəvi-intellektual intibaha xidmət edən siyasətin həyata keçirilməsini vacib məsələ kimi önə çıxarır. Son 13 ildə Azərbaycanda aparılan təhsil islahatlarının məqsədi də məhz bu fundamental prinsiplərin sistemli surətdə reallaşdırılmasını, dünya təhsil sisteminə inteqrasiyasının təmin edilməsini əsas götürür. Ona görə də tələbə qəbulu göstəricilərində həm kəmiyyət, həm də keyfiyyət baxımından ilbəil artan uğurlu nəticələr bu sahədə işlərin düzgün istiqamətdə aparıldığına əyani sübutdur. Bu il ali məktəblərdə yerlərin 93 faizi, texnikumlarda isə 98 faizi tutulmuşdur. Ali təhsil ocaqlarına qəbul olunanların təxminən 72 faizi 300-dən yuxarı, onlardan 992 nəfəri isə 600-dən çox bal toplamışdır. Araşdırmalar göstərir ki, humanitar fənlər üzrə mənimsəmə orta hesabla 32-39 faiz olmuşdur.
Birinci ixtisas qrupunun 25, ikinci və üçüncü ixtisas qruplarının hər birinə 26, dördüncü ixtisas qrupuna 22 təqaüd ayrılmışdır. Beşinci ixtisas qrupunda isə yalnız bir abituriyent 650-dən çox bal toplamışdır. Birinci ixtisas qrupunda ən yüksək 652,8 bal olmuşdur. Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, Göyçay, İsmayıllı, Masallı və Salyan rayonları məktəblərinin məzunları xüsusilə fərqlənmişlər.İkinci ixtisas qrupunda Prezident təqaüdçülərinin siyahısını 667,3 bal toplayan abituriyentlər tamamlayır. Bu qrupda dörd təqaüdə Sumqayıt şəhər məktəblərinin məzunları layiq görülmüşlər. Gəncə, Sumqayıt, Mingəçevir, Şəki şəhərləri, Abşeron, Qax, Laçın, Tovuz, Goranboy rayonları məktəblərinin məzunları bu ixtisas qrupunda daha fəal olmuşlar. Bakı şəhəri üzrə bu siyahıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Bakı Türk, Bakı Türk Anadolu, Zəngi, Zəkalar liseyləri, Heydər Əliyev adına lisey, 53, 70, 77, 147, 157, 245, 274 saylı məktəblərin məzunları vardır.
Üçüncü ixtisas qrupunda 660 bal, dördüncü ixtisas qrupunda isə təqaüdçülərin siyahısını 654,6 bal toplayan abituriyentlər tamamlayır. Onlar respublikanın ən nüfuzlu ali təhsil ocaqlarına - Bakı Dövlət Universitetinə, Azərbaycan Dövlət Neft Akademiyasına, Azərbaycan Dövlət İqtisad Universitetinə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, Azərbaycan Tibb Universitetinə, Azərbaycan Memarlıq və İnşaat Universitetinə, Qafqaz Universitetinə və digər təhsil ocaqlarına daxil olmuşlar.
Dövlət başçısının sərəncamı ölkə ictimaiyyəti, çoxminli müəllim kollektivi, tələbə və valideynlər tərəfindən böyük rəğbətlə qarşılanmış və respublikada mənəvi quruculuq sahəsində elmə, təhsilə göstərilən dövlət qayğısının və siyasətinin bariz təzahürü, xalqımızın gələcəyinə göstərilən diqqət kimi qəbul edilmişdir. Ölkə rəhbəri tərəfindən irəli sürülən vəzifələr müstəqil dövlətimizin kadr potensialının yaradılmasında və inkişafında, təhsilin, onun keyfiyyətinə obyektiv münasibətlərin, istedadlı gənclərə hərtərəfli qayğı göstərilməsinin vacibliyini ortaya qoyur. Məhz təhsilin inkişafı Azərbaycan milli şüurunu, ictimai rəyini dünyada gedən sürətli proseslər səviyyəsinə qaldırır və respublikamızın inkişaf etmiş ölkələr arasında özünə layiqli yer tutmasına təminat verir.
İ.ƏLİYEVA,"Azərbaycan"
http://azerbaijan.news.az/index.php?Lng=aze&Pid=6461

Türk aliminin tədqiqatı

Xalq yazıçısı Elçinin bədii yaradıcılığı elmi tədqiqatçıların diqqət mərkəzindədir. Son illərdə yazıçının əsərləri haqqında bir sıra namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir. Elçinin yaradıcılığı ilə bağlı xarici ölkələrdə də elmi tədqiqat işləri aparılır. AzərTAc xəbər verir ki, türk ədəbiyyatşünası Sədat Adıgözəl qardaş ölkənin Atatürk Universitetində "Elçin romanlarının struktrual-sosioloji təhlili" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bu günlərdə "Qafqaz Universiteti Yayınları" Sədat Adıgözəlin eyniadlı monoqrafiyasını Azərbaycan dilində nəfis şəkildə nəşr etmişdir. Müəllif "Mahmud və Məryəm", "Ağ dəvə" və "Ölüm hökmü" romanlarını geniş elmi-nəzəri təhlildən keçirir, Elçin nəsrini yüksək qiymətləndirərək, onların bədii-estetik təsnifatını verir. Elçinin yaradıcılığından bəhs edən 13-cü elmi əsərin redaktoru professor Akif Hüseynli, "Ön söz"ün müəllifi Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur. "Ön söz"də deyilir ki, türkiyəli tədqiqatçı Sədat Adıgözəlin bu kitabı böyük yazıçının romanlarının struktrual-sosioloji baxımdan təhlili sahəsində ilk monoqrafiyadır və şübhəsiz, Azərbaycan ədəbi-ictimai mühitində geniş maraq doğuracaqdır.
http://azerbaijan.news.az/index.php?Lng=aze&Pid=6352

"Avropa-Asiya geopolitikası və Azərbaycanın xarici siyasəti" mövzusunda tədbir keçirilmişdir

Qafqaz Universitetində "Avropa-Asiya geopolitikası və Azərbaycanın xarici siyasəti" mövzusunda tədbir keçirilmişdir. Universitetin rektoru, professor Əhməd Saniç mövzunun əhəmiyyətini vurğulamışdır. Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək Avrasiya regionunda gedən müasir siyasi proseslərdən danışmışdır. Ölkələrin, regionların inkişafında geosiyasətin mühüm rolunu qeyd edən Ə.Həsənov, geostrateji əhəmiyyətinə görə Avrasiyanın bütün aparıcı dövlətlərin, beynəlxalq təşkilatların diqqətində olduğunu bildirmişdir. O, Avrasiya ilə bağlı dövlətlərarası beynəlxalq münasibətlərin əsas istiqamətlərini və mahiyyətini açıqlamışdır. Azərbaycanın xarici siyasətinin prioritetlərini, beynəlxalq əlaqələrinin, neft strategiyasının əhəmiyyətini nəzərə çarpdıran natiq, iqtisadiyyatımızın dinamik inkişaf etdiyini də vurğulamışdır. Sonra Ə.Həsənov tədbir iştirakçılarını maraqlandıran suallara cavab vermişdir.
AzərTAc
http://azerbaijan.news.az/index.php?Lng=aze&Pid=2105

DAAD proqramı çərçivəsində tələbə mübadiləsi aparılır

Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Per K.Stankina Qafqaz Universitetində olmuşdur. Səfir burada Qafqaz Universiteti və Maqderbuq Universiteti arasında yaranmış dostluq əlaqələri çərçivəsində Almaniyanın müxtəlif universitetlərindən gəlmiş tələbələrlə görüş keçirmişdir.Alman tələbələrinə burada Azərbaycanın təhsili, mədəniyyəti, iqtisadliyyatı və mətbuatı ilə bağlı geniş məlumat verilir. Tələbələrin Azərbaycana səfərini Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı təşkil etmişdir.Görüşün sonunda Qafqaz Universitetinin rektoru Əhməd Saniç DAAD proqramı çərçivəsində bu ali məktəbdə təhsil alan azərbaycanlı tələbələrin gələcəkdə Almaniya və Avropada təhsillərini davam etdirə biləcəklərini söylədi.
G.ŞAHİN

http://azerbaijan.news.az/index.php?Lng=aze&Pid=5939

21 Aralık 2006 Perşembe

Abşeron rayonunun icra başçısı “Qafqaz”ın qonağı oldu


Dünən Qafqaz Universitetində Xırdalan qəsəbəsinə şəhər statusu verilməsi münasibətilə tədbir keçirildi. Toplantıda universitetin rektoru, professor Ahmet Saniç, “Çağ” Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və İcra Aparatının nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan rektor qonaqlara universitetin fəaliyyəti haqqında qısa məlumat verdi. “Qafqaz”ın Xırdalanı olduğu kimi Xırdalan şəhərinin də “Qafqazı” var,-” deyən Ahmet Saniç universitetin əldə etdiyi uğurlarından danışdı. Öz növbəsində, Ənvər Özərən də qonaqları salamladı və onlara tədbirdə iştirak etdikləri üçün minnətdarlığını bildirdi. Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbiri təşkil etdikləri üçün universitet rəhbərliyinə təşəkkürünü bildirdi. İcra başçısı son dövrlər Abşeron rayonunda gedən abadlıq işlərindən danışdı. O, rayonda aparılan abadlıq işləri ilə yanaşı, yeni tikilib istifadəyə verilmiş 10 məktəb və mövcud xəstəxanaların bərpasından da bəhs etdi. “Gördüyümüz işlər görəcəklərimizin yalnız 20 faizidir,-” deyən icra başçısı gələn il Abşeronda daha 10-12 məktəb binasının inşa ediləcəyini də bildirdi. Z. Fərəcov :”Rayonumuzda aparılan abadlıq işlərinə görə 37 nəfər prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Məqsədimiz Xırdalanı gözəl görünüşlü şəhərə çevirməkdir”, - dedi.
Rauf Məmmədov

Türkiyəli nazir Qafqaz Universitetində olub.

Üçgünlük səfər çərçivəsində Əli Coşqun sahibkarlarla görüşüb, bir sıra müəssisələri ziyarət edib. Türkiyəli nazir Qafqaz Universitetində də olub.
Ali təhsil ocağını gəzən qonaq müəllim və tələbələrlə söhbət edib. O, universitet barədə düşüncələrini bu sözlərlə ifadə edib: “Sizinlə qürur duyuram. Dünyanın hər yerində üzümüzü ağ, başımızı uca edirsiniz”.

25 nəfərlik iş adamı heyəti ilə birgə ölkəmizə üçgünlük səfərə gələn Türkiyənin sənaye və ticarət naziri Əli Coşqun bir sıra önəmli görüşlər keçirdi. Səfərin son günündə nazir qəzetimizə verdiyi eksklüziv müsahibədə maraq doğuran bir sıra suallara cavab verdi.
- Cənab nazir, mümkünsə, səfərinizin yekunları ilə bağlı məlumat verərdiniz...

- Azərbaycan Türkiyə ilə dost, qardaş ölkədir. Qısa vaxt ərzində iki ölkə arasındakı ticarət əlaqələri xeyli inkişaf edib. Müstəqilliyin ilk illərində Azərbaycana çox sayda Türkiyə şirkətləri gələrək fəaliyyətə başlayıb. Onlardan narazı qalaraq geri qayıdanlar olsa da, əksəriyyəti burada fəaliyyətini davam etdirir. İş adamları ilə görüş zamanı mənə bildirdilər ki, bir sıra bürokratik maneələr hələ də qalır. Bu, Türkiyədə də mövcuddur. Biz rəsmilərin vəzifəsi iş adamlarının problemlərini həll etmək və onlara köməklik göstərməkdir. Mən azərbaycanlı həmkarım cənab Natiq Əliyev və Heydər Babayevlə görüşlərdə iş adamlarının arzu və istəklərini dilə gətirdim. Cənab İlham Əliyevə də problemlər barədə məlumat verdim. O, türkiyəli sahibkarların Azərbaycana investisiya qoymaları üçün hər cür şərait yaradıldığını söylədi. Səfərin yekunları ilə bağlı məsələyə gəldikdə isə, onu deyə bilərəm ki, iş adamları ilə görüşlər keçirdik. Mən rəhmətlik Turqut Özal baş nazir ikən Sənaye və Ticarət Palatasının rəhbəri idim. O vaxt mənim təşəbbüsümlə şuralar qurduq. Bu şuralar müxtəlif ölkələrdəki iş adamları ilə əməkdaşlıq etməyə başladı. Hazırda şuralarımız 75 ölkədə iş adamları ilə birgə fəaliyyət göstərirlər. Bunlardan biri də Türkiyə-Azərbaycan İş Şurasıdır. Bu şuralarda iş adamlarının qarşısındakı problemlər, yeni investisiya sahələri müzakirə olunur. İstəyirik ki, bu toplantılar mütəmadi olsun və problemlər barədə bizə məlumat verilsin ki, biz də ölkələrimiz arasındakı hüquqi çatışmazlıqları aradan qaldıraq.
- “Bakı-Tbilisi-Ceyhan”ın fəaliyyətə başlaması ilə ölkələrimiz arasındakı iqtisadi münasibətlərdə hansı yeniliklər gözlənilir?

- “Bakı-Tbilisi-Ceyhan”ın işə düşməsi ilə ölkələrimiz arasındakı iqtisadi münasibətlər yeni mərhələyə qədəm qoydu. Hazırda isə “Şahdəniz” layihəsinin reallaşması üçün səylər göstərilir. İnanırıq ki, Türkmənistan və Qazaxıstan da BTC vasitəsilə öz neftlərini dünya bazarına çıxaracaqlar. Beləliklə, Türkiyə qaz və neft terminalına çevriləcək. O zaman Türkiyə bir çox məsələdə Qərb qarşısında daha qətiyyətli addım ata biləcək. Bu şansı yaxşı qiymətləndirmək lazımdır. Azərbaycan zəngin qaz və neft yataqlarına malik bir ölkədir. Təbii sərvətlər ölkəni maddi baxımdan zəngin edir. Cənab İlham Əliyevlə görüş zamanı o bildirdi ki, zənginliyi əhalinin bütün təbəqələri arasında yaymağın yolu sənayeləşmədir.
- Baş nazir Rəcəp Tayyip Ərdoğan Azərbaycana səfəri zamanı ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin bir milyard dollara çatdırılması üçün münbit şəraitin olduğunu demişdi....

- Türkiyəli iş adamları Azərbaycanda önəmli investisiyalar qoyublar. Azərbaycan da artıq zəngin ölkəyə çevrilir. Biz istəyirik ki, Azərbaycan da Türkiyədəki özəlləşdirmələrdə iştirak etsin. Buradan iş adamları gəlib, Türkiyədə fəaliyyət göstərsinlər. Bu istiqamətdə önəmli addımlar atılıb. Lakin bunlarla kifayətlənmək olmaz. Azərbaycanda 1200 Türkiyə şirkəti qurulub. Onların 700 milyon dollar sərmayələri var. 1,5 milyard dollarlıq da investisiya qoyublar. Ötən il ticarət dövriyyəsi 700 milyon dollara yaxın olub. Bu il isə 1 milyard dollara yaxınlaşacağı gözlənilir. Ancaq iki ölkənin potensialı nəzərə alındıqda məlum olur ki, bu, arzuolunan səviyyə deyil. Güman edirəm ki, bir sıra bürokratik əngəlləri aradan qaldırsaq, ticarət həcmi 2 milyard dollara çata bilər. Xüsusilə, Azərbaycan neft və qazının dünya bazarına çıxarılması yeni imkanlar meydana gətirib.
- Səfər çərçivəsində Azərbaycanda hansı yenilikləri gördünüz?

- Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edir. Bunu inkar etmək mümkün deyil. Əldə olunan zənginlikdən bir sıra sahələrin inkişafında səmərəli istifadə etmək lazımdır. Bu sahələrdən ən önəmlisi mənə elə gəlir ki, təhsildir. Azərbaycanda təhsil sahəsində də xeyli yeniliklər mövcuddur. Burada özəl türk liseyləri fəaliyyət göstərir. Mənə verilən məlumata görə, bu liseylərin çoxlu nailiyyətləri var. Ölkə rəhbərliyi də bunu yüksək qiymətləndirir. Hətta mərhum Heydər Əliyev bir dəfə özəl liseylərin rəhbərliyi ilə görüşü zamanı deyib ki, məktəblərin fəaliyyətindən razıdır, lakin ali təhsil ocağının da açılmasını istəyir. Bu tələbi nəzərə alan xeyirxah iş adamlarımız Heydər Əliyevin ali təhsil ocağı üçün ayırdığı ərazidə Qafqaz Universitetini inşa ediblər. Oranı ziyarət etdim. “Qafqaz”da Azərbaycanın gələcək kadrlarını hazırlayırlar. Müəllim heyəti ilə görüşdüm. Onlarla qürur duyuram. Dünyanın hər yerində üzümüzü ağ, başımızı uca edirlər.
- Azərbaycanla Türkiyə arasında yükdaşımalarının baha olması iş adamlarının əsas problemlərindən biridir. Bu çərçivədə Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunun inşası iş adamlarını yaxından maraqlandırır. Layihə ilə bağlı hazırkı mərhələ barədə məlumat verərdiniz.

- Mən Bakı-Tbilisi-Axalkalaki-Qars layihəsini BTC layihəsinə bənzədirəm. BTC fikri də ortaya atılanda reallaşacağına çoxları inanmamışdılar. Bu layihənin də həyata keçəcəyinə inanmırlar. Ancaq bu layihənin qısa vaxt ərzində reallaşacağına inanıram. Çünki Baş nazir Rəcəp Tayyip Ərdoğan Nazirlər Kabinetinin hər toplantısında layihənin qısa vaxt ərzində həyata keçməsi üçün nazirlərə müvafiq tapşırıqlar verir. Prezident İlham Əliyevlə görüş zamanı müşahidə etdim ki, Azərbaycan tərəfi də layihənin həyata keçməsi üçün əlindən gələni əsirgəmir. Doğru qeyd etdiniz ki, malların yük maşınları vasitəsilə daşınması onların qiymətinin həddən artıq baha olmasına gətirib çıxarır. Lakin dəmir yolu işə düşdükdən sonra qiymətlər daha sərfəli olacaq. Bu da iş adamlarımıza daha geniş fəaliyyət göstərmək imkanı qazandıracaq.
- İş adamlarının problemləri ilə bağlı ölkə başçısına məlumat verdinizmi? Başqa dillə desək, səfər çərçivəsində hansı konkret addımlar atıldı.

- Bəli, mən problemləri cənab İlham Əliyevə və nazir həmkarlarıma çatdırdım. Bunlardan biri, digər ölkələrlə müqayisədə Türkiyədən gələn mallardan daha çox vergi alınması ilə bağlı idi. Başqa məsələlər də var. Ancaq qəbul etmək lazımdır ki, Azərbaycanın qanunvericiliyi yeni formalaşır və bu çətinliklər təbiidir. Prezident başda olmaqla, nazirlər və digər məmurlar Azərbaycanla Türkiyə arasında bütün problemlərin aradan qalxmasını istəyirlər.
- Türkiyə sənaye sahəsində xeyli təcrübəyə malikdir. Bu təcrübənin Azərbaycanda tətbiq edilməsi istiqamətində hansı işlər görülür?

- Azərbaycanlı həmkarlarımla görüş zamanı sənayeləşmə ilə bağlı məsələləri də onların diqqətinə çatdırdım. Bunlar nələrdir? Sərbəst iqtisadiyyata keçərkən, ilk növbədə, standartlaşdırma idarəsi qurulmalıdır. Digər tərəfdən, sənaye şəhərləri və kiçik sənaye yerləri təşkil olunmalıdır. Türkiyə Qalxınma və İnkişaf Agentliyi və Azərbaycan hökuməti bu məsələ ilə bağlı layihə hazırlayıblar. Mülkiyyət hüquqlarının qorunması üçün patent institutunun təkmilləşdirilməsi də vacibdir. Bu haqsız rəqabətin qarşısını alacaq.
- Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlük məsələsi də gündəmdədir.

- Hər məsələdə olduğu kimi, bu məsələdə də Azərbaycanı dəstəkləyirik. Ancaq Azərbaycan DTT-yə üzvlüyə hazır olmalıdır. Keyfiyyətli, inkişaf etmiş ölkələrin malları ilə rəqabət edə biləcək mallar istehsal etməlidir. Təbii ki, bu, qısa vaxt ərzində meydana gələn iş deyil. Azərbaycan üzvlük prosesini yaxşı qiymətləndirməlidir. Bu məsələdə Türkiyə nümunə qəbul edilə bilər. Biz hökumətə gəldiyimiz vaxt Türkiyənin ixracatı 30 milyard dollar idi. Hazırda bu rəqəm 85 milyard dollara çıxıb. İdxal etdiyimiz malların 90 faizi sənaye malıdır. Türkiyənin DTT-yə üzvlüyü ölkəmizdə yüksəkkeyfiyyətli malların istehsalına səbəb oldu.
Ramil İsmayılov/Bakı


http://www.zaman.az/site/shownews.php?news_id=588

Qafqaz Universitetində ümummilli liderimiz, mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans


Qafqaz Universitetində elmi-praktik konfrans
Tədbir ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuşdu
Dünən Azərbaycanın ünlü təhsil ocaqlarından biri olan Qafqaz Universitetində ümummilli liderimiz, mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Adıçəkilən təhsil müəssisəsi rəhbərliyinin təşəbbüsüylə baş tutan tədbirə tanınmış ictimai və elm xadimləri, deputatlar və digər rəsmi nümayəndələr qonaq qismində qatılmışdılar. Konfransda Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra Heydər Əliyevin həyatı və fəaliyyəti barədə qısametrajlı sənədli film nümayiş olundu. Sonra tədbir iştirakçılarını salamlayan universitetin rektoru, professor Ahmet Sanic yığıncağı giriş sözü ilə açaraq böyük türk öndəri Mustafa Kamal Atatürklə ümummilli liderimiz Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və onların türk dünyası üçün gördüyü işlərdən danışdı. O, hər iki dövlət arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərindən söhbət açdı. Sonra söz qonaqlara verildi. Atatürk Mədəniyyət Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, professor Nizami Cəfərov öz çıxışında türkçülük, müasirlik və azərbaycançılıq ideologiyasından danışdı. Bildirdi ki, Heydər Əliyev həyatını, bütün ömrünü sözügedən ideologiyadan irəli gələn tələblərin reallaşdırılmasına həsr edib: "Dünyanın inkişaf etmiş dövlətlərinin siyasi və iqtisadi praktikasının Azərbaycanda tətbiqinin reallaşdırılmasının bünövrəsi də məhz ümummilli liderin səyləri nəticəsində qoyulub. Respublikamızın müstəqilliyinin qorunub - saxlanılmasında, iqtisadiyyatımızın yüksəktempli inkişaf mərhələsi keçməsində Heydər Əliyevin misilsiz xidmətləri var. Onun qoyduğu irs, yaratdığı məktəb dünənimizi, bu günümüzü və sabahımızı özündə əks etdirir və onlar bütün bunlar hər zaman dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edəcək. Ümummilli liderimizin ideyaları həmişə yaşayıb, yaşayır və yaşayacaq". Daha sonra digər qonaqlara söz verildi. Onlar da çıxışlarında Heydər Əliyev haqqında xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdülər.
Bəhruz

http://www.hafta-ichi.com/aze/2006/12/12/anons=4

Qafqaz Universitetində Heydər Əliyevin xatirəsi anılıb

Dünən Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevə həsr olunan elmi-praktik konfrans keçirilib. Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic giriş sözüylə çıxış edərək, liderliyi və uzaqgörənliyi sayəsində Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə nail olan H.Əliyevin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə oxşar cəhətlərindən danışıb. O bildirib ki, Atatürk Türkiyəni, H.Əliyev isə Azərbaycanı inkişaf etmiş bir ölkəyə çevirmək, xalqı firavan günlərə çıxarmaq üçün böyük mübarizə yolu keçiblər. A.Sanic deyib ki, H.Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü işlər, etdiyi fədakarlıqlar xalqın yaddaşına ömürlük həkk olunub. Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov H.Əliyevin Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, siyasi və iqtisadi cəhətdən güclü dövlət formalaşdırmaq istiqamətində misilsiz işlər gördüyünü vuğulayıb. N.Cəfərovun sözlərinə görə, H.Əliyevin keçdiyi şərəfli ömür yolu hər bir azərbaycanlı üçün örnək olmalıdır: "Bugünkü və gələcək nəsil Heydər Əliyev ideyalarını anlamağa və onları yaşatmağa borcludur". Universitetin müəllimi Uğur Arif bildirib ki, H.Əliyevin Azərbaycanda həyata keçirdiyi islahatlar ölkənin hərtərəfli inkişafını təmin edib: "Bütün sahələrdə əldə olunan nailiyyətlər onun apardığı dəqiq və düzgün siyasətin nəticəsidir. Heydər Əliyev XX yüzilliyin ən qüdrətli dövlət adamlarındandır". Konfransda H.Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
SEVİNC

http://www.525ci.com/aze/2006/12/12/read=6431