4 Haziran 2007 Pazartesi

Hər 25 gündə bir medal qazanmaq mümkünmüş

”Çağ” Öyrətim Şirkəti srağagün “Gülüstan” sarayında keçirilən təntənəli mərasimdə Azərbaycan xalqı qarşısında fəaliyyətinin 15 ilinin hesabatını verdi. 15 il kiçik bir zaman müddəti deyil. Ən azı ona görə ki, Azərbaycanın sonuncu müstəqillik yaşından cəmi bir il azdır bu rəqəm. Digər tərəfdən isə “Çağ”ın bu dövr ərzində əldə etdiyi nailiyyətlər bu rəqəmi olduqca böyük göstərir. Sadəcə beynəlxalq bilik yarışlarından, fənn və layihə olimpiadalarından gətirilən medalların sayı 200-ü keçib. Ortalama olaraq hər ilə 14 medal düşür. Yəni “Çağ” fəaliyyət göstərdiyi 15 il ərzində hər 25 gündə bir medal qazanıb. Bu, Azərbaycan bayrağının hər il 14 dəfə beynəlxalq səhnələrdə dalğalanması, ölkəmizin ən ali səviyyədə təbliğatının aparılması deməkdir.”Çağ”ın uğuru yalnız medal qazanmaqla yekunlaşmır. Bu şirkətin liseylərində milli dəyərlərə əsaslanan və eyni zamanda ümumbəşəri dəyərləri mənimsəyən insanlar yetişdirilir. Şirkət 15 il ərzində yüzlərlə məzun yola salıb. Bunların bir qismi Azərbaycanda qalıbsa, bir qismi dünyanın müxtəlif ölkələrində təhsillərinə və iş həyatlarına davam edirlər. “Çağ” eyni zamanda bunun hesabatını verdi. Xaricdəki “Çağ”lıların arasında diaspor təşkilatlarının rəhbərləri, ölkəmizin xaricdəki diplomatik korpuslarında işləyən attaşelər, beynəlxalq nüfuzlu şirkətlərdə mütəxəssis kimi çalışanlar, elmi fəaliyyətlərini davam etdirənlər, eləcə də Azərbaycanda ümummilli işlərlə məşğul olanlar, dövlət və qeyri-dövlət işlərində çalışanlar var. Onlardan 21 nəfəri srağagünkü tədbirdə səhnəyə çıxdı. Onlardan bir neçəsinin fikrini sizinlə bölüşmək istəyirəm. Adlarını çəkməyəcəyəm. Çünki bu fikirlər onlardan birinin dilindən çıxsa da, əminəm ki, lisey məzunlarının əksəriyyəti onlar kimi düşünür. Avropada təhsilini davam etdirən lisey məzunlarından biri Azərbaycana qayıtmayacağını, ölkəmizin mənafeyini xaricdə qoruyacağını bildirdi: “Mən Brüsseldə, Avropa Parlamentində qalacağam, burada Azərbaycanımızın mənafeyini qoruyacağam”. O, bu sözləri deyərkən bu ilin mart ayında Azərbaycan-Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumu yadıma düşdü. Həmin forumda ölkə başçısı İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan dəfələrlə diasporun möhkəmləndirilməsinin əhəmiyyətini vurğulamışdılar. İndi bir lisey məzunu hər iki dövlətin ali rəhbərlərinin tövsiyələrini öz əməlləri ilə icra edir. “Əziz Vətənim, biz sənə sahib çıxmaq üçün, şərəfini ləyaqətlə qorumaq üçün and içdik. İndi bu andımızı layiqincə yerinə yetiririk”, “Biz bu liseylərdə Vətəni sevməyi, bütövlükdə insanları sevməyi öyrəndik. Bu sevgini bizə öyrətdiyiniz üçün sizə təşəkkür edirik”, “Biz növbəti liseyimizi Şuşada açacağıq”, “Azərbaycanın bayrağını indiyə qədər ucaltdığımız kimi bundan sonra da ucaldacağıq”... Bu cümlələr lisey məzunlarının səmimiyyətlərinin ifadələridir. Dünən Azərbaycan-Türkiyə Özəl Liseylərinin Baş İdarə rəisi Adəm Önal yubiley münasibətilə Vətənə qayıdan məzunlarla görüşündə təmsil etdiyi şirkətin məramını çox açıq ifadələrlə bir daha ortaya qoydu: “Bu liseylər məzunları yüksək məvacibli vəzifələr tutsunlar, mal-mülk sahibi olsunlar deyə açılmadı. Bu liseylər bəşəriyyətin problemlərini həll etmək üçün, insanları aydınlığa çıxarmaq üçün qurulub”.Bir millətin aydınlığa çıxması üçün Vətən eşqi ilə yanan ziyalılara ehtiyac var. Hər bir ziyalı öncə öz Vətəni, sonra bütün bəşəriyyət üçün yanmalıdır. Onlar yandıqca ətrafa işıq saçılır, hər tərəf aydınlığa qərq olur. “Çağ” da Vətəni, milləti və bütövlükdə bəşəriyyət üçün yanmağı bacaran ziyalılar yetişdirir.Son günlər yerli mətbuatda bu liseylər haqqında böhtan və təhqir dolu yazılar dərc olunur. Bu liseylərin adları müxtəlif dini cərəyanlarda hallandırılır, onlar Azərbaycana xəyanətdə suçlanırlar. İndi üzümü həmin jurnalistlərə tutub soruşuram: “Hər 25 gündə bir medal qazanmaq nə vaxtdan Vətənə xəyanət olub? Azərbaycanı xaricdə, xüsusilə də dünyanın ən aparıcı ölkələrində yüksək səviyyədə təmsil etmək nə zamandan düşmənçilik sayılıb? Təmiz mənəviyyatlı olmaq nə vaxtdan nöqsan sayılıb?”
Natiq Pənahlı
http://www.zaman.az/site/?name=yazar&news_id=3785&yid=17

"Çağ" Öyrətim Şirkətinin 15 illik yubleyi qeyd olundu

Hüseyn Avni Karslıoğlu: "Şirkət uğurlu fəaliyyəti ilə iki qardaş ölkənin əlaqələrinin inkişafına öz töhfəsini verməkdədir"
"Çağ" Öyrətim Şirkəti "Gülüstan" sarayında "Etimada sədaqətlə - 15 il" təntənəli yubiley mərasimi keçirildi. Tədbiri "Çağ" Öyrətim İşlətmələri idarə heyətinin sədri Ənvər Özərən açaraq, Azərbaycandakı fəaliyyətləri haqqında geniş məlumat verdi. O, bildirdi ki, şirkət Azərbaycanda ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb və ötən dövr ərzində onun etimadını doğrultmağa çalışır. Həmçinin, Ə. Özərən Azərbaycanın təhsil sisteminin inkişafı üçün gələcəkdə də uğurla işləyəcəklərini söylədi. Sonra söz təhsil naziri Misir Mərdanova verildi. O, çıxışında "Çağ" Öyrətim Şirkətinin 15 il Azərbaycan xalqına şərəflə xidmət etdiyini bildirdi: "Azərbaycanda fəaliyyətə başlayan şirkət hazırda xarici ölkələrdə də uğurla iş aparır. Müəssisənin tərkibində olan liseylər, universitet Azərbaycan hökumətinin təsdiq etdiyi proqram əsasında öz işini qurub. Bu müəssisə xalqımıza layiqincə xidmət edir". Nazir M.Mərdanov şirkətə məxsus Qafqaz universitetinin özəl ali məktəblər sırasında ön yerdə olduğunu bildirdi. Azərbaycanda dövlət və özəl ali təhsil müəssisələrinin Boloniya prosesinə qoşulması ilə bağlı iş aparıldığını deyən təhsil naziri, bildirdi ki, Qafqaz Universiteti ölkədə Boloniya prosesinə tam qoşulmuş yeganə ali məktəbdir. Mərasimdə iştirak edən Türkiyənin ölkəmizdəki səfiri Hüseyn Avni Karslıoğlu isə bildirdi ki, şirkət uğurlu fəaliyyəti ilə iki qardaş ölkənin əlaqələrinin inkişafına öz töhfəsini verir. Sonda şirkətin müşaviri Ağa Rəsul Məmmədov şirkət haqqında məlumat verdi. O bildirdi ki, "Çağ" Öyrətim Şirkəti özündə 10 lisey, 1 gimnaziya, 1 ibtidai məktəb, 10 ali təhsilə hazırlıq kursları və 1 universiteti birləşdirir: "Müəssisənin cari fəaliyyətinə rəhbərlik və onun işlərinin aparılmasını Ortaqlar Məclisi tərəfindən təyin olunmuş prezident həyata keçirir. Liseylər Bakı şəhəri ilə yanaşı respublikanın digər bölgələrində də fəaliyyət göstərir. Təlim-tərbiyə isə Azərbaycanın təhsil standartlarına uyğun olaraq aparılır. Təhsil dili Azərbaycan dili olmaqla, təbiət fənləri ingilis dilində tədris edilir. Şagirdlər isə dünya standartlarına uyğun hər bir xidmətlərlə əhatə olunublar: kitabxanalar, fənn otaqları, laboratoriyalar, kompüter, video və audio kabinetləri müntəzəm olaraq yeniləşdirilir". Bundan əlavə, müşavir onu da qeyd etdi ki, liseylərin şagirdləri hər il Respublika Təhsil Nazirliyinin komandası tərkibində dünya bilik olimpiadalarında iştirak edərək, Azərbaycan bayrağını ucaldırlar: "Belə ki, onlar Bolqarıstan, İndoneziya, İngiltərə, ABŞ, İspaniya, İsveç, İtaliya, Meksika, Rusiya və Almaniyada yüksək nəticələr əldə ediblər. 1994-cü ildən bu günə qədər liseylərin şagirdləri 46 qızıl, 73 gümüş və 84 bürünc olmaqla cəmi 203 medal qazanıblar. Məzunların 99 faizi isə hər il dünyanın ən müxtəlif universitetlərinə daxil olurlar. Onların böyük hissəsi ABŞ-ın Hyüston, Texas və Viskonsin universitetlərində, Rusiyanın Lomonosov adına Moskva Dövlət Universitetində, eləcə də, Almaniya, Türkiyə, İngiltərə, Çin, İsveçrə və başqa ölkələrin ali məktəblərində təhsil alırlar".
Sevinc NƏZƏROVA

http://www.ses-az.com/new/2007/06/02/read=34

"Çağ" 15 ildir müstəqil Azərbaycanla qoşa addımlayır




ƏNVƏR ÖZƏRƏN: "QARABAĞDAKI HAQLILIĞIMIZI GÜCLÜ İNSANLAR YETİŞDİRMƏKLƏ SÜBUT EDƏ BİLƏRİK"
"Biz Azərbaycanda çox çətin dönəmlərdə işə başladıq. 1992-ci ildə Naxçıvan blokada şəraitində, digər tərəfdən torpaqlar işğal olunmuş və qaçqınlar var idi... Amma heç bir xalqın inkar etmədiyi bir iş var idi ki, hansı şərait olursa, olsun, təhsil işinə böyük önəm verilməlidir. Çünki xalq cəhalətdən qurtararsa, yaxşı bilik alarsa beynəlxalq aləmdə də bizi təmsil edəcək insanlar yetişər. Qarabağ məsələsindəki haqlılığımızı dünyaya, diasporamızı güclü tutacaq insanlar yetişdirməklə sübut edə bilərik. O zaman da "Çağ" Öyrətim İşlətmələri Şirkəti qarşısına bu məqsədi qoyaraq Azərbaycanda fəaliyyətə başladı". Məlumdur ki, 1992-ci ildə Azərbaycan xalqı ağır durumla üz-üzə qalmışdı. Ölkənin bütün sferalarında özbaşınalıq duyulur, siyasi, iqtisadi, sosial, mədəniyyət sahələrində tənəzzül hökm sürürdü. Məhz bu ərəfədə qardaş Türk xalqının nümayəndələri yenidən bizə öz yardım əllərini uzadaraq, Azərbaycan xalqının bu çətinliklərdən əzmlə çıxmasına, təhsilli və nurlu gələcəyinin məhv olmamasına köməklik göstərdi. Artıq 15 ildir ki, "Çağ" ölkəmizdə özünü milli formada yetişdirən, Azərbaycançılığı başa düşən, vətənini, bayrağını canından, qanından çox sevən insanlar yetişdirir. Heç təsadüfi deyil ki, 1994-cü ildən indiyə qədər, ümumilikdə "Çağ"ın liseyləri ölkəmizə beynəlxalq olimpiadalarda 46-sı qızıl olmaqla 200-dən çox medal qazandırıb. "Çağ" Öyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərənlə də bu 15 il ərzində qət etdikləri çətin və şərəfli yol barədə söhbət etdik. Qarşılaşdıqları problemlərdən, əldə etdikləri nailiyyətlərdən danışdıq.
FƏALİYYƏTİMİZƏ ÜMUMMİLLİ LİDER YAŞIL İŞIQ YANDIRDI -
"Çağ" Öyrətim İşlətmələri Şirkəti Azərbaycanda 15 ilini qeyd edir. Həmçinin respublikamızın müstəqilliyinin elan olunmasından da 15 il keçir. Demək olar ki, "Çağ" Öyrətim Şirkəti Azərbaycan müstəqilliyə addım atar-atmaz burada yarandı. Şirkətimizin burada yaranmasının xeyir-duasını verən ümummilli lider Heydər Əliyev Naxçıvanda olanda şirkətimizin nümayəndə heyətini qəbul etdi. Beləliklə də "Çağ" Öyrətim Şirkətinin xarici aləmə çıxışının ilk qapısı ümummilli liderin göstərişi ilə Naxçıvanda başladı. Həmin çətin anlarda Azərbaycanda təhsil işinə başladıq. Başqa cür də ola bilməzdi ki, durub gözləyək ki, şərait yaxşı olsun ondan sonra biz burada iş quraq. Çünki, iki qardaş xalqın bir-birinə belə yanaşması münasib düşməzdi. Türkcə belə bir söz var ki, dost dar gündə bəlli olar. Amma Azərbaycanla Türkiyə yalnız dost deyil, qardaşdır. Bizim qardaşlığımızın tarixi 4 min illik tariximizdə axtarılmalıdır. 40 əsrdir bu coğrafi ərazidə Türk dövlətləri olaraq yaşayırıq. 1992-ci ildəki çətin anlarda da şirkətimizin ilk nümayəndələri bura gəldi və ölümlərini gözə alaraq işə başladılar. Amma nə olur-olsun, bir-birimizə mənəvi dəstək olmalı idik. Türk qardaşlarının burada olması Azərbaycan xalqının özünə olan inamını artırırdı. Burada baş verən haqsız hadisələr bu vəsilə ilə dünya miqyasına çıxarılırdı. Necə ki, 1920-ci ildə Azərbaycan xalqının Türkiyədə Atatürkün başlatdığı istiqlal savaşının yanında idi və kasıb olmalarına baxmayaraq yardımlar edirdilər, biz də köməkliyimi əsirgəməməli idik. Atatürk deyirdi ki, Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Ulu öndər Heydər Əliyev isə "Azərbayanla Türkiyə bir millət, iki dövlətdir" deməklə bu münasibətləri daha dəqiq ifadə etdi.
"ÇAĞ"-la AZƏRBAYCANDA ÖZƏL TƏHSİLİN ƏSASI QOYULDU
"Çağ" Öyrətim Şirkətinin Azərbaycandakı fəaliyyətinə önəm verilməsi ilə ölkənin gələcəyinə, bu gününə, sabahına təhsildən başqa heç bir şeyin vacib olmadığını qarşımıza məqsəd qoyaraq fəaliyyətə başladıq. Demək olar ki, çətin şərtlərlə biznesmen səviyyəsində özəl məktəb quruculuğuna başladıq. Bu illər bunu sübut etdi ki, həqiqətən "Çağ" Öyrətimə Prezident tərəfindən yaşıl işıq yandırılması Azərbaycan-Türkiyə qardaşlığının nə qədər möhkəm olduğunu, etimada sədaqətlə 15 ildə nə qədər dəyərli iş həyata keçirdiyini sübut etdi. Burada təhsil, ona yaradılan şərait hər keçən gün inkişaf edir. Azərbaycanda 4500-dən çox məktəb var. Bu qədər məktəb içərisində "Çağ" Öyrətim Şirkətinə məxsus məktəblərdə təhsil alan gənclər az saydadır. Lakin Azərbaycanın azad bazar iqtisadiyyatına keçməsi və özəl təhsil sisteminin burada bir nümunəsinin həyata keçirilməsi şirkətimizlə başladı. Bizim burada olan şirkətimizə diqqət və qayğı, 15 il içərisindəki əziyyət və nailiyyətlər, hər zaman ümummilli liderin fəaliyyətimizi nümunə göstərməsi, Prezidentimiz İlham Əliyevin müxtəlif görüşlərdə şirkətimizi dəyərləndirməsi, Azərbaycanın beynəlxalq aləmdə səsinin yüksəlməsinə bir vəsilə olur. Rəsmi səviyyələrdə deyilən "Azərbaycanda bu məktəblərin sayı artmalıdır" ifadələri, bizə göstərilən diqqət onu göstərir ki, hər gün, hər il daha müvəffəqiyyətli çalışırıq. Həmçinin bütün Azərbaycan xalqının və onun Prezidentinin etimadını doğrultmaq bizə diqtə edir ki, daha məsuliyyətlə işləyək.
YETİRMƏLƏRİMİZ DÜNYANIN 50-dən ÇOX UNİVERSİTETİNDƏ TƏHSİL ALIR
Azərbaycan gəncləri olduqca savadlıdır. Bu gün dünyanın 40-a yaxın ölkəsinin 50-dən çox universitetində yetirmələrimiz təhsil alır. Yalnız bu il Türkiyənin Orta Doğu Texnik Universitetinə "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Bakı özəl türk liseyindən 20 şagird qəbul olub. Bu böyük göstəricidir və Türkiyənin özündə heç bir məktəb bu qədər şagirdi birbaşa həmin universitetə göndərə bilməz. "Qafqaz" Universiteti 1996-cı ildən indiyədək hər il beynəlxalq konfranslar keçirir. Ən axırıncı belə konfrans isə "Qloballaşma prosesində Mərkəzi Asiya, Avrasiya iqtisadi və beynəlxalq münasibətlər" adlı oldu ki, buraya 20 ölkədən 200-dən çox tədqiqatçı alim qatılmışdı. Vurğulamalıyam ki, Azərbaycan xalqının qlobal düşüncə tərzi var və əgər dövlət bütün bu prosesləri dəstəkləməsə belə müvəffəqiyyətlər əldə etmək çox çətin olar.
"QAFQAZ"I BİTİRƏN 80 FAİZ MƏZUNUMUZ İŞLƏ TƏMİN OLUNUB
"Çağ" Öyrətim İşlətmələri Şirkəti və ona bağlı olan təhsil müəssisələri Təhsil Nazirliyinin proqramları daxilində iş görür. O cümlədən "Qafqaz" Universitetinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının proqramına əsasən tələbə qəbul edirik. Bu səbəbdən də universitetimiz Azərbaycanda özəl ali məktəblər içərisində nümunəvi bir təhsil müəssisəsidir. Həmin universitetə doktorluqlarını dünyanın müxtəlif ölkələrində bitirən gənc müəllim kadrları cəlb olunub, tələbələrimizə ingiliscə hazırlıq təhsili verilir. Bununla da onlar dünyaya çıxdıqları zaman dil bilmələri səbəbindən rahatlıqla işlə təmin oluna bilirlər. Universitet beynəlxalq kitabxanalarda 10 mindən çox jurnala abunədir. "Qafqaz" Universitetində təhsilin, tələbələrə yaradılan şəraitin yüksək səviyyədə olması, bütün işlərə ciddi yanaşılması məzunlarımızın işlə təmin olunmasında problem yaratmır. Çünki ətraf bizdən bilikli, savadlı insan tələb edir və əgər bunu yetişdirə biliriksə, heç kim bizim məzunumuzu xətirlə işə qəbul etməyəcək. Sərbəst bazar iqtisadiyyatı bunu istəyir. Buna görə də universitetin məzunlarına iş aləmində tələbat böyükdür. Demək olar ki, məzunlarımızdan 80 faizi hazırda işlə təmin olunmuş vəziyyətdədir.
BİLİKLİ ŞAGİRDLƏRƏ HƏMİŞƏ GÜZƏŞTLƏR EDİRİK
Bilikli və bacarıqlı şagirdlərə hər zaman köməyimiz olur. Məsələn, universitetdə yüksək bal toplayan tələbələrimiz, məsələn, 500-600 balı keçdikdə biz onlardan təhsil haqqı almırıq və 600 balı keçibsə ona təqaüd ayırırıq. Liseylərə də qəbul imtahanlarında güzəştlərimiz var. Ola bilsin ki, qəbul zamanı şagird ilk 3 dərəcəni göstərir. Biz onlara müəyyən 50, 40, 30 faiz güzəştlər edirik. Əgər şagird beynəlxalq olimpiadalarda iştirak edərək medal qazanıbsa, artıq həmin şagird məktəbi qurtarana qədər bizdə pulsuz təhsil alır. O cümlədən qaçqın şagirdlərə müəyyən hədd daxilində köməklik göstəririk. Bildirim ki, bizim şagirddən aldığımız ödənişlər məktəblərin yerləşdiyi yerə, iqtisadi vəziyyətə görə çox fərqlidir. Məsələn, Bakıda yaşayan valideyn nisbətən çox qazandığı üçün daha yüksək məbləğ ödəyir. Amma Lənkəranda bu qiymət bir az aşağıdır. Amma bu o demək deyil ki, Bakıda dərslər daha yaxşı keçilir, Lənkəranda yox. Ərazisindən asılı olmayaraq, tədris etdiyimiz dərs hər yerdə eyni keyfiyyətə malikdir. Daim liseylərimizdəki şəraiti yaxşılaşdırmaq üçün biznesmenlərlə əlaqə qururuq və onlardan sponsorluq etmələrini istəyirik. Əks təqdirdə bizim şagirdlərdən aldığımız pul onun təhsil xərclərinin yarısını belə ödəmir. Deyək ki, şagird Lənkəran liseyinə girir və onun verdiyi pul təxminən xərclərin 60 faizini, Bakıda isə xərcləri yalnız başa-baş ödəyir. Amma təhsil mənəviyyat məsələsidir və ondan gəlir sahəsi kimi istifadə etmək düzgün deyil.
UĞURLARIMIZA SEVİNMƏYƏNLƏR BİZƏ İFTİRA ATIR
Sonda demək istəyirəm ki, söylədiklərim bu 15 il ərzində əldə etdiyimiz nailiyyətlərin yalnız bir qismidir. Amma bəzi insanlar bu müvəffəqiyyətləri heçə sayaraq fəaliyyətimizlə bağlı iftira xarakterli sözlər danışırlar. Bu gün "Çağ" Öyrətim Şirkəti hamının gözü qabağındadır və Azərbaycanda təhsil xidməti göstərir. Lazımsız ifadələri isə Azərbaycan-Türkiyə qardaşlığını istəməyənlər işlədir. Məzun etdiyimiz gənclər dünyanın müxtəlif ölkələrində, Azərbaycanın dövlət qurumlarında çalışırlar və onlar yüksək əxlaqa və xarakterə malik, vətənpərvər insanlardır. 2003-cü ildə dünya olimpiadasında Azərbaycana 3 qızıl, 1 gümüş medal qazandırmışdıq. Ümummilli lider dedi bu, bu Azərbaycan üçün əfsanəvi bir qalibiyyətdir. Çünki 69 ölkə içərisində dünya üçüncüsü olduq. Bu gün Lomonosov Universitetində 40-a yaxın yetirməmizin oxuduğunu deyincə, Prezidentimiz bildirdi ki, bu çox böyük nailiyyətdir. Çünki hələ Sovetlər dövründə biz ildə 1-2 tələbəni güclə ora göndərə bilirdik. Bu şirkətdə həqiqətən insanlar fədakarlıqla çalışırlar. Bu isə bəllidir ki, ölkələrimizin müvəffəqiyyətlərinə sevinməyənlərin paxıllığına səbəb olur...
Yasəmən

Dünyadakı Azərbaycan və parlaq gələcək

Çinlilərin bir sözü var: bir il sonranı düşünürsənsə, düyü ək, 10 il sonranı düşünürsənsə, ağac ək, 50 il sonranı düşünürsənsə, nəsil yetişdir. Bir neçə gün əvvəl “Gülüstan” sarayında 15 illik yubileyini keçirən, daha doğrusu, xalqa 15 ilin hesabatını verən “Çağ” Öyrətim İşlətmələri şirkəti çinlilərin bu bölgüsünü də təkzib elədi. Yəni bu gün Azərbaycanda müşahidə olunan sürətli inkişaf fonunda “Çağ” elə möhtəşəm uğurlara imza atıb ki, bu gün dünyanı heyrətə salan çinlilər bu uğurlar üçün 50 il zaman müddəti hesablaya bilərdilər. “Çağ” isə 15 ilə o uğurları yerləşdirə bildi. Türk liseyləri məzunlarının, valideynlərin, millət vəkillərinin, başda Misir Mərdanov olmaqla, Təhsil Nazirliyi rəhbərliyinin, Türkiyədən və Azərbaycandan çoxsaylı qonaqların qatıldıqları bu yubiley gecəsində könüllər coşub-daşdı, gözlərdən fərəh yaşları axdı. “Çağ”ın məzunları bu gün dünyanın inkişaf etmiş ölkələrində öz təhsillərini davam etdirir, mühüm postlarda çalışırlar. Ən başlıcası isə bu məzunlar harada çalışmalarından asılı olmayaraq, hamısı azərbaycançılıq prinsipini başının üstündə bayraq edir, o ölkələrdə diaspor fəaliyyətinin güclənməsi üçün çalışırlar. O gənclər tamaşaçılara təqdim edildikcə hiss edirdim ki, ətrafımda oturanlar qürur duyurlar, özlərini daha güclü, daha uğurlu hiss edirlər. Çünki bu gənclər insana özünə güvən duyğusu verirlər. Onlara bu xalqın uğurlu sabahı kimi baxırsan. Bu gənclər Avropa Şurasından tutmuş, uzaq Afrika ölkələrinə qədər yayılıblar. Getdikləri hər yerdə Azərbaycanı uğurla təmsil edirlər. Qaradərili, qalındodaqlı afrikalı bir uşağın şirin bir ləhcə ilə bizim kövrək “Ayrılıq” mahnımızı oxuması da elə bu məzunlardan birinin təşəbbüsü və uğurlu təcrübəsi, Azərbaycanı tanıtma fəaliyyətidir. Səhnədə sıralanan o gənclər: “Biz bu liseylərdə vətənpərvərliyi öyrəndik, sevgini öyrəndik, səmimiyyəti öyrəndik, fədakarlığı öyrəndik, bayraq sevgisini öyrəndik, ataya-anaya ehtiram göstərməyi, insanların əlindən tutmağı öyrəndik”, - dedilər. 1992-ci ildən bəri keçən illər xatırlandı, şirkətin hansı fədakarlıqlar sayəsində inkişaf etdiyi dilə gətirildi. Natiqlər “Çağ” Öyrətim İşlətmələri Şirkətinin işini Azərbaycan təhsilinə böyük təkan kimi qiymətləndirdilər. Şirkətin qurucuları mərhum Prezident Heydər Əliyev cənablarının “Çağ”a qayğısından danışdılar, onun uzaqgörənliyindən bəhs etdilər. Son günlərdə İstanbulda Türkiyə Böyük Millət Məclisinin sədri Bülənd Arınçın himayəsi ilə keçirilən və xalqın böyük rəğbətini qazanan Beynəlxalq Türk Dili Olimpiadasında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən türk liseylərində təhsil alan müxtəlif irqlərə, dinlərə, rənglərə, mədəniyyətlərə mənsub şagirdlərin yarışdıqları vurğulandı və bu tədbirlərin türk xalqlarının aydın gələcəyindən xəbər verdiyi ifadə edildi. Nəticə olaraq onu deyə bilərəm ki, mən o gün “Gülüstan” sarayında Azərbaycanın dünyaya yayılmış böyük bir potensialını gördüm. Dünyanın ən modern ölkəsində təhsil alan, çalışan bu gənclərin Azərbaycanın inkişafında mühüm rol oynayacaqlarına bir daha inandım. Bu şirkəti quran, onun bu günə gəlməsi üçün hər cür fədakarlığa qatlanan Anadolu insanına, bu təşəbbüsə qollarını açan və dəstək verən hər bir azərbaycanlıya salamlar olsun.
Enes Cansevər
http://www.zaman.az/site/?name=yazar&news_id=3853&yid=1

“Çağ” Öyrətim Şirkətinin 15 yaşı tamam oldu

Müstəqil Azərbaycan dövlətinin yeni təhsil sisteminin yaradılmasında müstəsna xidməti olan “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 15 yaşı tamam oldu. Bu münasibətlə “Gülüstan” sarayında keçirilən təntənəli yubiley mərasimində Azərbaycan — Türkiyə qardaşlığının çağdaş örnəklərini yaratmış, milli təhsilimizin önündə gedən bu qurumun keçdiyi parlaq yola geniş nəzər salındı. Şirkət təmsilçilərinin və yetirmələrinin, respublika ictimaiyyəti nümayəndələrinin, yubilyarın Azərbaycandakı və Türkiyədəki dostlarının, ölkəmizin rəhbər qurumlarının məsul işçilərinin, millət vəkillərinin, jurnalistlərin toplaşdığı mərasim iki dövlətin himnlərinin səslənməsi ilə başlandı. Sonra şirkətin ünvanına gəlmiş çoxsaylı təbriklərdən seçmələr səsləndi, “Çağ”ın müxtəlif ölkələrin ali məktəblərində təhsil alan yetirmələri ürək sözlərini bildirdilər. Təntənəli gecədə şirkətin ötən illərdə qazandığı uğurlardan bəhs edən “Çağ” Öyrətim. “Etimada sədaqətlə — 15 il" videofilmi göstərildi, “Heydər Əliyev və ”Çağ" Öyrətim" kitab-albomu iştirakçılara təqdim olundu.“Çağ” Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 1991-ci ildə Naxçıvanda fəaliyyətə başlayan həmkarlarının sonrakı illərdə nümunəvi və geniş bir təhsil şəbəkəsi yaratdıqlarını vurğuladı. O qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin qayğı və himayəsi ilə “Çağ” şirkəti 10 lisey, 1 gimnaziya, 1 ibtidai məktəb, 10 ali təhsilə hazırlıq kursu və “Qafqaz” Universitetindən ibarət təhsil qurumu kimi formalaşıb, ölkəmizdə mötəbər mövqe qazanıb. Lisey məzunlarının 98-99 faizi, “Araz” hazırlıq kursları müdavimlərinin 90-95 faizi hər il ölkənin və dünyanın nüfuzlu ali məktəblərinə daxil olur. “Çağ”ın şagirdləri beynəlxalq fənn və layihə olimpiadalarında 47 qızıl, 74 gümüş, 87 bürünc medal qazanmışlar. Bütün bu uğurların qazanılmasına şərait yaratdığına görə böyük öndər Heydər Əliyev şirkətin “Fəxri baş müəllimi” adına layiq görülmüşdür. “Çağ” şirkəti bundan sonra da Azərbaycan üçün yüksək bilikli və bacarıqlı nəsil yetişdirilməsinə xidmət edəcək.Təhsil naziri Misir Mərdanov “Çağ” şirkətinin Azərbaycanda ən yaxşı təhsil müəssisəsi olduğunu söylədi, kollektivi səmimi-qəlbdən təbrik etdi. O, təhsil sahəsində Azərbaycan — Türkiyə əməkdaşlığını daha ucalara yüksəltməkdə şirkətə yeni uğurlar dilədi. Nazir “Çağ” şirkətinin təhsil və təlim-tərbiyə sahəsində fərqlənmiş pedaqoq və mütəxəssislərinə mükafatlar təqdim etdi. “Çağ” şirkətinin qurulmasına Türkiyə tərəfdən fəal yardım göstərmiş professor Əli Bayram ümummilli lider Heydər Əliyevlə Naxçıvanda və Bakıdakı görüşlərini xatırlatdı, onun bu qurumun tarixində oynadığı həlledici rolun heç vaxt unudulmayacağını söylədi.Sonda təhsil naziri Misir Mərdanova, “Çağ” şirkətinin qurulmasında və inkişafında xidmətləri olan insanlara xatirə hədiyyələri təqdim olundu.“Çağ” Öyrətim Şirkətinin 15 illik yubiley təntənəsi ölkəmizdə başa çatmaqda olan tədris ilinin əlamətdar hadisəsi kimi yaddaşlara köçdü.
Tahir AYDINOĞLU,“Xalq qəzeti”
http://www.xalqqazeti.com/index.php?lngs=aze&cats=14&ids=10672