Hər 25 gündə bir medal qazanmaq mümkünmüş

”Çağ” Öyrətim Şirkəti srağagün “Gülüstan” sarayında keçirilən təntənəli mərasimdə Azərbaycan xalqı qarşısında fəaliyyətinin 15 ilinin hesabatını verdi. 15 il kiçik bir zaman müddəti deyil. Ən azı ona görə ki, Azərbaycanın sonuncu müstəqillik yaşından cəmi bir il azdır bu rəqəm. Digər tərəfdən isə “Çağ”ın bu dövr ərzində əldə etdiyi nailiyyətlər bu rəqəmi olduqca böyük göstərir. Sadəcə beynəlxalq bilik yarışlarından, fənn və layihə olimpiadalarından gətirilən medalların sayı 200-ü keçib. Ortalama olaraq hər ilə 14 medal düşür. Yəni “Çağ” fəaliyyət göstərdiyi 15 il ərzində hər 25 gündə bir medal qazanıb. Bu, Azərbaycan bayrağının hər il 14 dəfə beynəlxalq səhnələrdə dalğalanması, ölkəmizin ən ali səviyyədə təbliğatının aparılması deməkdir.”Çağ”ın uğuru yalnız medal qazanmaqla yekunlaşmır. Bu şirkətin liseylərində milli dəyərlərə əsaslanan və eyni zamanda ümumbəşəri dəyərləri mənimsəyən insanlar yetişdirilir. Şirkət 15 il ərzində yüzlərlə məzun yola salıb. Bunların bir qismi Azərbaycanda qalıbsa, bir qismi dünyanın müxtəlif ölkələrində təhsillərinə və iş həyatlarına davam edirlər. “Çağ” eyni zamanda bunun hesabatını verdi. Xaricdəki “Çağ”lıların arasında diaspor təşkilatlarının rəhbərləri, ölkəmizin xaricdəki diplomatik korpuslarında işləyən attaşelər, beynəlxalq nüfuzlu şirkətlərdə mütəxəssis kimi çalışanlar, elmi fəaliyyətlərini davam etdirənlər, eləcə də Azərbaycanda ümummilli işlərlə məşğul olanlar, dövlət və qeyri-dövlət işlərində çalışanlar var. Onlardan 21 nəfəri srağagünkü tədbirdə səhnəyə çıxdı. Onlardan bir neçəsinin fikrini sizinlə bölüşmək istəyirəm. Adlarını çəkməyəcəyəm. Çünki bu fikirlər onlardan birinin dilindən çıxsa da, əminəm ki, lisey məzunlarının əksəriyyəti onlar kimi düşünür. Avropada təhsilini davam etdirən lisey məzunlarından biri Azərbaycana qayıtmayacağını, ölkəmizin mənafeyini xaricdə qoruyacağını bildirdi: “Mən Brüsseldə, Avropa Parlamentində qalacağam, burada Azərbaycanımızın mənafeyini qoruyacağam”. O, bu sözləri deyərkən bu ilin mart ayında Azərbaycan-Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumu yadıma düşdü. Həmin forumda ölkə başçısı İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan dəfələrlə diasporun möhkəmləndirilməsinin əhəmiyyətini vurğulamışdılar. İndi bir lisey məzunu hər iki dövlətin ali rəhbərlərinin tövsiyələrini öz əməlləri ilə icra edir. “Əziz Vətənim, biz sənə sahib çıxmaq üçün, şərəfini ləyaqətlə qorumaq üçün and içdik. İndi bu andımızı layiqincə yerinə yetiririk”, “Biz bu liseylərdə Vətəni sevməyi, bütövlükdə insanları sevməyi öyrəndik. Bu sevgini bizə öyrətdiyiniz üçün sizə təşəkkür edirik”, “Biz növbəti liseyimizi Şuşada açacağıq”, “Azərbaycanın bayrağını indiyə qədər ucaltdığımız kimi bundan sonra da ucaldacağıq”... Bu cümlələr lisey məzunlarının səmimiyyətlərinin ifadələridir. Dünən Azərbaycan-Türkiyə Özəl Liseylərinin Baş İdarə rəisi Adəm Önal yubiley münasibətilə Vətənə qayıdan məzunlarla görüşündə təmsil etdiyi şirkətin məramını çox açıq ifadələrlə bir daha ortaya qoydu: “Bu liseylər məzunları yüksək məvacibli vəzifələr tutsunlar, mal-mülk sahibi olsunlar deyə açılmadı. Bu liseylər bəşəriyyətin problemlərini həll etmək üçün, insanları aydınlığa çıxarmaq üçün qurulub”.Bir millətin aydınlığa çıxması üçün Vətən eşqi ilə yanan ziyalılara ehtiyac var. Hər bir ziyalı öncə öz Vətəni, sonra bütün bəşəriyyət üçün yanmalıdır. Onlar yandıqca ətrafa işıq saçılır, hər tərəf aydınlığa qərq olur. “Çağ” da Vətəni, milləti və bütövlükdə bəşəriyyət üçün yanmağı bacaran ziyalılar yetişdirir.Son günlər yerli mətbuatda bu liseylər haqqında böhtan və təhqir dolu yazılar dərc olunur. Bu liseylərin adları müxtəlif dini cərəyanlarda hallandırılır, onlar Azərbaycana xəyanətdə suçlanırlar. İndi üzümü həmin jurnalistlərə tutub soruşuram: “Hər 25 gündə bir medal qazanmaq nə vaxtdan Vətənə xəyanət olub? Azərbaycanı xaricdə, xüsusilə də dünyanın ən aparıcı ölkələrində yüksək səviyyədə təmsil etmək nə zamandan düşmənçilik sayılıb? Təmiz mənəviyyatlı olmaq nə vaxtdan nöqsan sayılıb?”
Natiq Pənahlı
http://www.zaman.az/site/?name=yazar&news_id=3785&yid=17

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır