“Çağ” Öyrətim Şirkətinin 15 yaşı tamam oldu

Müstəqil Azərbaycan dövlətinin yeni təhsil sisteminin yaradılmasında müstəsna xidməti olan “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 15 yaşı tamam oldu. Bu münasibətlə “Gülüstan” sarayında keçirilən təntənəli yubiley mərasimində Azərbaycan — Türkiyə qardaşlığının çağdaş örnəklərini yaratmış, milli təhsilimizin önündə gedən bu qurumun keçdiyi parlaq yola geniş nəzər salındı. Şirkət təmsilçilərinin və yetirmələrinin, respublika ictimaiyyəti nümayəndələrinin, yubilyarın Azərbaycandakı və Türkiyədəki dostlarının, ölkəmizin rəhbər qurumlarının məsul işçilərinin, millət vəkillərinin, jurnalistlərin toplaşdığı mərasim iki dövlətin himnlərinin səslənməsi ilə başlandı. Sonra şirkətin ünvanına gəlmiş çoxsaylı təbriklərdən seçmələr səsləndi, “Çağ”ın müxtəlif ölkələrin ali məktəblərində təhsil alan yetirmələri ürək sözlərini bildirdilər. Təntənəli gecədə şirkətin ötən illərdə qazandığı uğurlardan bəhs edən “Çağ” Öyrətim. “Etimada sədaqətlə — 15 il" videofilmi göstərildi, “Heydər Əliyev və ”Çağ" Öyrətim" kitab-albomu iştirakçılara təqdim olundu.“Çağ” Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 1991-ci ildə Naxçıvanda fəaliyyətə başlayan həmkarlarının sonrakı illərdə nümunəvi və geniş bir təhsil şəbəkəsi yaratdıqlarını vurğuladı. O qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin qayğı və himayəsi ilə “Çağ” şirkəti 10 lisey, 1 gimnaziya, 1 ibtidai məktəb, 10 ali təhsilə hazırlıq kursu və “Qafqaz” Universitetindən ibarət təhsil qurumu kimi formalaşıb, ölkəmizdə mötəbər mövqe qazanıb. Lisey məzunlarının 98-99 faizi, “Araz” hazırlıq kursları müdavimlərinin 90-95 faizi hər il ölkənin və dünyanın nüfuzlu ali məktəblərinə daxil olur. “Çağ”ın şagirdləri beynəlxalq fənn və layihə olimpiadalarında 47 qızıl, 74 gümüş, 87 bürünc medal qazanmışlar. Bütün bu uğurların qazanılmasına şərait yaratdığına görə böyük öndər Heydər Əliyev şirkətin “Fəxri baş müəllimi” adına layiq görülmüşdür. “Çağ” şirkəti bundan sonra da Azərbaycan üçün yüksək bilikli və bacarıqlı nəsil yetişdirilməsinə xidmət edəcək.Təhsil naziri Misir Mərdanov “Çağ” şirkətinin Azərbaycanda ən yaxşı təhsil müəssisəsi olduğunu söylədi, kollektivi səmimi-qəlbdən təbrik etdi. O, təhsil sahəsində Azərbaycan — Türkiyə əməkdaşlığını daha ucalara yüksəltməkdə şirkətə yeni uğurlar dilədi. Nazir “Çağ” şirkətinin təhsil və təlim-tərbiyə sahəsində fərqlənmiş pedaqoq və mütəxəssislərinə mükafatlar təqdim etdi. “Çağ” şirkətinin qurulmasına Türkiyə tərəfdən fəal yardım göstərmiş professor Əli Bayram ümummilli lider Heydər Əliyevlə Naxçıvanda və Bakıdakı görüşlərini xatırlatdı, onun bu qurumun tarixində oynadığı həlledici rolun heç vaxt unudulmayacağını söylədi.Sonda təhsil naziri Misir Mərdanova, “Çağ” şirkətinin qurulmasında və inkişafında xidmətləri olan insanlara xatirə hədiyyələri təqdim olundu.“Çağ” Öyrətim Şirkətinin 15 illik yubiley təntənəsi ölkəmizdə başa çatmaqda olan tədris ilinin əlamətdar hadisəsi kimi yaddaşlara köçdü.
Tahir AYDINOĞLU,“Xalq qəzeti”
http://www.xalqqazeti.com/index.php?lngs=aze&cats=14&ids=10672

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır