Heydər Əliyev Qafqaz Universitetində anılıb

Dünən Qafqaz Universitetində mərhum eks-prezident Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir təşkil edilib. Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin əsaslarının yaradıcısıdır: "Heydər Əliyevin siyasi obrazı millətinin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxan bütöv bir idarəçilik məktəbinin parlaq təcəssümüdür. Azərbaycan xalqı məhz Heydər Əliyevin sayəsində və bilavasitə rəhbərliyi altında tarixin ən sərt sınaqlarından keçib. Onun mütərəqqi və dünya standartlarına uyğun apardığı islahatlar nəticəsində ölkədə demokratik və hüquqi dövlət qurulub, iqtisadi müstəqilliyə nail olmaqla xalqın firavan gələcəyi üçün bütün təminatlar yaradılıb". Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən danışıb: "Bunların sırasında ən əsası müstəqil Azərbaycan dövlətinin qurulmasıdır. Bu gün Azərbaycanda iqtisadiyyatın bütün sahələrində inkişaf müşahidə edilir. Aparılan iqtisadi islahatlar mövcud problem və çatışmamazlıqları aradan qaldırır. Hazırda ölkədə yeganə problem Dağlıq Qarabağ problemidir. Heydər Əliyev bu problemin aradan qaldırılması istiqamətində xeyli iş görüb. İndi bizə onun tövsiyələrini yerinə yetirmək qalır. İlham Əliyev də bu istiqamətdə ümummilli liderin yolunu uğurla davam etdirir". Ə.Əhmədovun dediyinə görə, H.Əliyevinin fəaliyyəti illərində gələcəyin təminatçıları hesab etdiyi gənclərin standartlara uyğun səviyyədə təhsil alması, biliklər əldə etməsi üçün lazımi şərait yaradılıb. Gənclərin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alması və peşəkar kimi yetişməsi üçün dövlət tərəfindən vəsait ayrılıb. Onun sayəsində bu gün yüzlərlə gənc yüksək səviyyədə ali təhsil alıb və hazırda dövlət strukturlarında müvafiq vəzifələrdə çalışır. H.Əliyev təhsil sahəsinin inkişafı üçün də lazımi işlər görüb: "Azərbaycanda təhsilə qayğının təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. O, ölkənin uğurlu gələcəyini təhsildə, müasir standartlara uyğun səviyyədə təhsil alan gənclərdə görürdü. H.Əliyev hakimiyyətdə olduğu illərdə daim təhsil sahəsinə xüsusi diqqət yetirib. Onun təməlini qoyduğu ənənə bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir"
S.QARAYEVA

http://www.525.az/new/2007/12/14/read=23209

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır