Heydər Əliyevsiz keçən 4 il


Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətlə dost olmaq nə qədər qürurvericidirsə, onu itirmək də o qədər ağırdır.
İLHAN İŞBİLƏN“Zaman” qəzetinin ilk genəl müdiri
İşimlə bağlı çox ölkələr gəzmişəm, çox insanlarla görüşmüşəm. Heydər Əliyev mənim tanıdığım insanlar arasında yüksək düşüncə qabiliyyəti, təmkini, tədbiri, səmimiyyəti ilə fərqlənib. O hələ Naxçıvanda olanda biz onun qapısını döydük. Naxçıvan çətin günlər yaşayırdı. Amma yerli əhalinin ürəyi rahat idi, təlaş keçirmirdi. Elə bil Heydər Əliyevin Naxçıvanda olmağı insanlara güvən duyğusu, əmniyyət hissi vermişdi. Muxtar Respublika o çətin illəri Heydər Əliyevlə birlikdə keçdi. Bu böyük insanın adının əzəməti, şəxsi keyfiyyətləri elə bil camaatın üzərindən hər cür qara-qorxunu, təhlükəni, ehtiyac hissini qovub aparırdı. Biz Naxçıvana qəzetçi kimi getdik. O dedi, biz yazdıq. Onun dediklərini Türkiyə ictimaiyyətinə çatdırdıq. Tövsiyəsi ilə Türkiyədə kampaniya keçirdik, Naxçıvana hər cür yardım göstərməyə çalışdıq. Göstərdik də. Mənim üçün hər dəfə onunla görüş böyük bir qazanc idi, həyatımın ən mənalı və maraqlı anları, saatları idi. 1992-ci ilin əvvəlində İstanbulda çıxan ZAMAN qəzetinin rəhbərliyi belə qərara gəldi ki, Sovet hökumətinin siyasi bürosunda yer tutmuş iki böyük şəxsiyyət haqqında kitab çıxartsın. Həmin iki şəxs Heydər Əliyev və Dinməhəmməd Kunayev idi. Mən bu işi gerçəkləşdirmək üçün Bakıya gəldim və buradakı əməkdaşımız İbrahim Nəbioğlu ilə görüşdüm. O zaman Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışırdı. Kunayev isə təqadüddə idi. İlk görüşü Qazaxıstandan başlamağı qərarlaşdırdıq və təyyarə ilə Qazaxıstana uçduq. Tərcüməçi vəzifəsini İbrahim bəy yerinə yetirirdi. Bizim təklifimizi eşidəndə Kunayev çox məmnun oldu. Uzun müddət söhbət etdik. O, bizə idarəçilik təcrübəsindən, siyasi bürodakı fəaliyyətlərindən bəhs etdi. Ayrılıq zamanı gələndə Kunayev bizə kiçik bir qutu verdi və dedi: “Bunu Azərbaycanın prezidenti, qardaşım Heydər Əliyevə çatdırarsınız”. Biz onun bu sözlərindən təəccübləndik, xüsusilə də İbrahim bəy. Bizim bu halımız Kunayevin nəzərindən qaçmadı və o, sözlərinə belə davam etdi: “O, çox dəyərli şəxsiyyətdir. Mən inanıram ki, Azərbaycan xalqı Heydər Əliyevi yenidən hakimiyyətə gətirəcək”. Kunayev bizi hörmətlə yola saldı. Biz əvvəlcə Bakıya, oradan da Naxçıvana getdik və Heydər Əliyevlə görüşdük. Kunayevin göndərdiyi əmanəti ona çatdırdıq. Onun sözlərini Heydər Əliyevə söyləyəndə, bu böyük şəxsiyyətin üz ifadələrindən anladım ki, aralarında böyük hörmət və dostluq əlaqələri olub və münasibət heç də azalmayıb. Naxçıvanın çox çətin günləri idi. Muxtar Respublikada əhali işıq, qaz sarıdan əziyyət çəkirdi. Biz bir günlüyə gəlsək də, Heydər Əliyev MR Ali Sovetinin sərəncamında olan qonaq evini bizə ayırdı və bizi dörd gün qonaq saxladı. O dörd günün təəssüratı unudulan deyil. İndi o böyük liderdən ayrılmağımızın dörd ili tamam olduğunu eşidəndə təəssüflənməyə, kədərlənməyə bilmədim. Amma təsəllimiz də var. Dəfələrlə görüşə bilmişik, məsləhətlərini, tövsiyələrini almışam. Məni özünə dost hesab eləyib. Həmişə böyüyüm kimi xətir-hörmətini saxlamışam. Onun elmindən, təcrübəsindən faydalanmağa çalışmışam. Bir də ona görə məmnunam ki, yazdığı, hazırladığı siyasi kurs bu gün də davam etməkdədir. Allah ona rəhmət eləsin.
Dr. ƏLİ BAYRAMFatih Universitetinin idarə heyətinin üzvü
Heydər Əliyev mənim gördüyüm ən güclü və bacarıqlı şəxsiyyətlərdən biridir. İlk tanışlığımız 1991-ci ildə olmuşdur. Türkiyə ilə Azərbaycan sərhədində Araz çayı üzərində bizi bir-birimizə bağlayan ilk qardaşlıq körpüsünün açılışında yaşadığımız o təhlükəli məqam heç yadımdan çıxmır. Bu söhbəti çox yerdə danışmışam. Hər dəfə danışanda da bir daha o insanın gücünü, iradəsini yenidən hiss etmiş kimi oluram. Biz Araz çayı üzərindən salınmış həmin o müvəqqəti körpüdən keçərkən güclü sel gəldi və mən bir anlığa da olsa, qorxdum. Ən çox da ona görə qorxdum ki, bu böyük insanı bu yerdə itirə bilərdik. Bu təlaşım Heydər Əliyevin gözündən yayınmadı. Mənə ürək-dirək verdi: “Qorxma, Əli Bayram, bu iki xalqın birliyi yolunda lazım gəlsə, iki Əlinin də canı fəda olsun!” Onun çöhrəsinə diqqət elədim, bir zərrə də təlaş, qorxu görmədim. Çox qətiyyətli, iradəli şəxsiyyət idi. Həmişə irəlini düşünərdi, uzaqgörən idi. Qəbul etdiyi qərarın 5 il, 10 il sonrasını düşünərdi. Sonrakı illərdə də dəfələrlə görüşdük. Hər dəfə mənimlə görüşəndə xüsusi sayğı, hörmət göstərirdi. Ətrafındakılara məni təqdim edəndə: “Bu, mənim köhnə dostumdur”, - deyərdi. Bu “köhnə dostum” ifadəsinin arxasında necə böyük səmimiyyət, necə böyük etimad durduğunu anlayıram. Əslində Heydər Əliyev onu demək istəyirdi ki, bu adamları biz çətin günlərimizdə görüb tanımışıq. Həmişə də onu deyərdi ki, bu adamlar ilk gündən bizimlə necə səmimidirlərsə, o cür də qalıblar, dəyişməyiblər. Türkiyəyə yaxından bələd idi, mətbuat içərisində ən çox ZAMAN-a etimad göstərirdi. Deyirdi ki, ZAMAN həqiqətən də bizim qardaşlığımıza, doğmalığımıza xidmət edir. Türkiyəyə rəsmi işə göndərdiyi adamlara da ZAMAN-la əməkdaşlıq etməyi tövsiyə edərdi. Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətlə dost olmaq nə qədər qürurvericidirsə, onu itirmək də o qədər ağırdır. Dörd ildir ki, onsuzuq. Amma ona da sevinirəm ki, bu gün onun yetirməsi, layiqli davamçısı İlham Əliyev Azərbaycana rəhbərlik edir. Azərbaycanda bu gün hərtərəfli inkişaf müşahidə olunur. Xüsusilə də Bakı yenilənir, gözəlləşir. Bütün bunlar Heydər Əliyevin əsəridir. Tarixində Heydər Əliyev kimi parlaq şəxsiyyət olmaq hər bir xalq üçün şərəfdir. Bu mənada Azərbaycan xoşbəxtdir. Vəfatının dördüncü ilində bu böyük dostumu bir daha rəhmətlə anıram.
ENES CANSEVER “Zaman-Azərbaycan” qəzetinin Baş redaktoru
Ötən həftə dostum Arif Gömleksizlə Naxçıvana səfərimiz zamanı müşahidə elədiyim yeniliklər, inkişaf həqiqətən də fərəhdən köksümü qabartdı. Mən Naxçıvanın işıqsız, qazsız günlərini xatırlayıram. Muxtar Respublikada cəmi ikicə günlük un ehtiyatının olduğu günləri xatırlayıram. Ötən həftə gördüklərimlə o günləri müqayisə edəndə nə qədər xoş duyğular yaşadığımı ifadə etməkdə çətinlk çəkirəm. “Zaman” Eyitim Öyrətim şirkəninin genəl müdiri Murat Çapan və təmsilçimiz Süleyman Okumuşun müşayiətində Möminə Xatun məqbərəsinə baş çəkdik, Duz dağında olduq, Əshabi-Kəhfi ziyarət etdik, Naxçıvan şəhərini eninə-boyuna gəzib dolaşdıq. Muxtar respublikada gördüyüm bu mənzərələr mənə Əcəmi Naxçıvaninin: “Biz gedəcəyik, dünya duracaq, biz öləcəyik, yadigarımız qalacaq” sözlərini xatırlatdı. Bir vaxtlar blokada şəraitində olan Naxçıvanın bu gün ən ucqar kəndinə də qaz, işıq çəkilib. Demək olar ki, hər həftə Muxtar Respublikanın hansısa rayonunda yeni obyektlərin, tikililərin açılışı keçirilir. Gözəl, yaraşıqlı məktəblər, iaşə obyektləri naxçıvanlıların istifadəsinə verilir. İnsanların həyat tərzində, davranışlarında bir canlanma, yüksəliş açıq-aydın hiss olunur. Naxçıvan şəhərindəki Heydər Əliyev muzeyini gəzərkən diqqətimizi 1992-ci ilin 24 martında Heydər Əliyevlə o dövrdə Türkiyənin baş naziri olan Süleyman Dəmirəl arasında imzalanmış müqavilə çəkdi. Müqavilədə Naxçıvan Muxtar Respublikasında dünya standartına uyğun otel tikintisinə, hər il 100 naxçıvanlı gəncin Türkiyədə təhsil almasına, Muxtar Respublikada mətbuatın inkişafı üçün lazım olan avadanlığın təminatına geniş yer ayrılır və Türkiyə tərəfi öz boynuna xeyli öhdəliklər götürür. İş elə alındı ki, Azərbaycanda açılan “Qafqaz” Universiteti, özəl türk liseyləri və “Zaman-Azərbaycan” qəzeti bu vəzifələri uğurla yerinə yetirməyə başladılar. Ona görə də Heydər Əliyev cənabları hər zaman bu müəssisələrə dəstək vermiş, qayğısını əsirgəməmişdir. Bəli, bu gün Naxçıvan inkişaf yolundadır və bu inkişaf heç şübhəsiz, Heydər Əliyevin hazırladığı layihələrin, tövsiyələrin, təməlini qoyduğu neçə-neçə proyektlərin nəticəsidir. Bu gün Heydər Əliyevin ölümündən 4 il keçir və onun irsi gələcək nəsillər üçün əsl məktəbdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır