Qafqaz Universiteti Premyer Liqada çıxış etməyi arzulayır

Azərbaycanın ictimai-siyasi həyatında ön sıralarda yer alan Qafqaz Universiteti idman sahəsində də qabaqcıl yerlərdən birini tutur. Ali təhsil ocağının rəhbərliyi əsasən futbola qayğı göstərir. Belə ki, universitetin müxtəlif yaş qruplarında mübarizə aparan dörd komandası var. Universitetin bu sahədə kifayət qədər böyük işlər gördüyünü nəzərə alıb sözügedən təhsil müəssisəsinin idman şöbəsinin müdiri Musa Turmuşla görüşmək qərarına gəldik. O, həm də Qafqaz Universitetinin həvəskarlar liqasında çıxış edən komandasının icraçı direktoru və baş məşqçisidir.
- Özünüz haqda məlumat verərdiniz...

- 1976-cı ildə Adana şəhərinin Ceyhan vilayətində anadan olmuşam. Futbola uşaq yaşlarımdan böyük maraq göstərmişəm. Bu istək mənim “Beşiktaş” klubuna gedib çıxmağıma şərait yaradıb. Vaxtilə “qara qartallar”ın 14-15 yaşlılardan ibarət komandasının aparıcı üzvlərindən biri olmuşam. Vaxtsız zədə böyük arzularımı ürəyimdə qoyub. Lakin futbola həvəsim ölməyib və yenidən öz peşəmdəyəm.
- Klubunuz barədə ətraflı danışmağınızı istərdik...
- Hazırda dörd komandamız fəaliyyət göstərir. Onlardan ikisi - 1994-95-ci il və 96-cı il təvəllüdlü futbolçulardan ibarətdir. Bu komandalar “Sabahın ulduzları” paytaxt çempionatında mübarizə aparırlar. Tələbələrdən ibarət komandamız da var. Həmin komanda bu yaxınlarda universitetlər arasında start götürəcək birincilikdə çıxış edəcək.

- Əsas diqqəti, yəqin ki, həvəskarlar liqasında sizi təmsil edən klubunuza göstərirsiniz...
- Tamamilə düzgün qeyd etdiniz. Hazırda çempionatda birinci yerdəyik. İnşallah, liderliyimiz axıra kimi davam edəcək. Qeyd edim ki, yaxın gələcək üçün ən əsas hədəfimiz həvəskarlar liqasında çempion olub ölkəmizi Avropa miqyaslı yarışlarda “Regionlar kuboku” turnirində təmsil etməkdir.
- Oxucularımıza əsas komandanızın heyətində oynayan futbolçular barəsində məlumat verərdiniz...
- Əvvəlcədən bir məsələni qeyd edim ki, uşaqların hamısı həvəslidirlər. Heyətdə iki türk, iki nigeriyalı və bir gürcüstanlı legionerimiz var. Hamısı da əsas heyətin üzvləridir.
- Əsas məqsədiniz gələcəkdə güclülər dəstəsində çıxış etməkdir. Elə deyilmi?
- Nəticədən asılı olmayaraq, Azərbaycanda futbolun inkişafı üçün əlimizdən gələni etmək başlıca məqsədimizdir. Komandamız ildən-ilə güclənir. Gələcək illərdə daha böyük uğurlar qazanacağımıza inanıram. Təbii ki, ən böyük arzumuz Premyer Liqada oynamaqdır.
- Klub güclülər dəstəsində oynayanda da baş məşqçi siz olacaqsınız?
- Mənin Türkiyə Futbol Fedarasiyasından aldığım B kateqoriyalı məşqçilik lisenziyam var. Yayda UEFA tərəfindən verilən vəsiqəni almağı da planlaşdırıram. Gələcəkdə işim çox ola bilər. Onda məşqçi dəvət edərik. Azərbaycanda çox güclü məşqçilər var. Məsələn, “Olimpik” Əsgər Abdullayevin qurduğu taktika sayəsində çempionatın lideridir.
- Klubunuz haradan maliyyələşdirilir?
- Xərclərimizi Qafqaz Universiteti və əvvəllər bu təhsil ocağının tələbələri olmuş iş adamları ödəyirlər. Bununla kifayətlənmək fikrimiz yoxdur. Yayda klubun atributlarını satışa çıxaracağıq. Bunlar arasında komandamızın bayrağı, uşaqlar və böyüklər üçün idman formaları və s. olacaq.
- Təhsil ocağının nəzdində başqa hansı idman növləri üzrə bölmələr var?
- Güləş, cüdo, karate idman növlərində də müəyyən uğurlarımız var. Onlar ancaq respublika miqyaslı yarışlarda iştirak edirlər. Bundan əlavə, futzal komandası yaradacağıq. çünki bu idman növünün vətəni Azərbaycandır. Əvvəllər universitetimizin nəzdində futzal komandası olub. Peşəkar futbolçu kimi orada iki il komandamın uğurları üçün çalışmışam.
- Bildiyimizə görə, stadion tikintisinə başlanılır...
- Bununla bağlı böyük planlarımız var. Onlardan biri də stadion məsələsidir. Yaxın vaxtlarda tikinti işlərinə start veriləcək. 2008-ci ilin sentyabrında hazır olacağı gözlənilən meydançanın qaçış cığırı da olacaq. Universitetin həyətində yerləşən arenaya üzümüzə gələn illərdə tribuna əlavə etmək fikrimiz də var.
- Azərbaycanda fəaliyyət göstərən Rasim Kara və Səlahəddin Dərvənd kimi türkiyəli mütəxəssilərlə şəxsi tanışlığınız var?
- Rasim Kara hər bir oyunçuya örnək ola biləcək dahi futbol adamıdır. Əgər hazırda Türkiyədə yaxşı qapıçılar yetişirsə, bu, Karanın qoyub getdiyi məktəbin bəhrəsidir. Biz Rasim hocanı buraya dəvət edib lazımi məsləhətlər almışıq. “Turan”a gətirilən Səlahəddin Dərvəndin isə adını nə Türkiyədə, nə də Azərbaycanda olduğum vaxtda eşitmişəm.
- Ali futbol qurumumuz ilə münasibətiniz necədir?
- Komandamız BFF-nin üzvüdür. AFFA ilə münasibətlər də əladır. İndiki şəraitdən razıyam. çünki ali futbol qurumumuzun Rövnəq Abdullayev kimi, futbolun içində olan prezidenti var. Bu səbəbdən Azərbaycan futbolunun gələcəyinə inanıram. Yaxınlarda Elxan Məmmədovla görüşmüşəm. Elxan müəllimlə fikir mübadiləsi apardıqdan sonra Türkiyə uşaq futbol məktəblərinin modelini ona təqdim etmişəm. O da mənə lazımi məsləhətlərini verib.
- Azərbaycanın tanınmış futbolçularından kimlərlə münasibətiniz var?
- Çoxları ilə. Əsasən də tələbəsi olduğum məşhur futbolçular Adil və Yaşar Babayevləri qeyd etmək istərdim. Müəllimlərimlə tez-tez söhbətləşirəm. Yeri gəlmişkən deyim ki, onların qardaş olmadıqlarını bu yaxınlarda bilmişəm (gülür).

Elgiz Abbasov

www.champion.com.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır