Uğurlarımıza görə peşəkar iş sistemimizə və təcrübəli müəllimlərimizə orcluyuq

Araz” hazırlıq kursları 16 ildir ki, ölkəmizdə fəaliyyət göstərir.
Hər il bu kursları bitirən abituriyentlərin 85-90 faizi Azərbaycanın və eləcə də xarici ölkələrin ən qabaqcıl ali məktəblərinə daxil olur. Kursların Baş İdarəsinin rəisi Arif Gömləksiz ilə söhbətimiz də elə bu mövzuda oldu.
- Arif bəy, əvvəla “Araz” ali məktəblərə hazırlıq kursları barədə qısa məlumat verməyinizi xahiş edirik.
- Kurslarımız “Çağ” Öyrətim
İşlətmələri MMM nəzdində 1992-ci ildə Bakıda fəaliyyətə başlayıb. Hazırda respublikamızın ayrı-ayrı bölgələrində - Əli-Bayramlı, Qax, Lənkəran, Mingəçevir, Gəncə, Sumqayıt, Şamaxı, Şəki və Zaqatala şəhərlərində “Araz” kursları öz fəaliyyətlərini uğurla davam etdirir. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Təhsil bir millətin gələcəyidir”. Biz də bu şüarı əldə rəhbər tutaraq çalışmağa başladıq və böyük əzmlə davam edirik.Kurslarımız fəaliyyətə başladığı gündən indiyədək dəfələrlə müxtəlif qruplarda respublika birincisi çıxarıb. Təkcə onu qeyd etmək lazımdır ki, 2006-cı ildə 109, 2007-ci ildə isə 102 nəfər abituriyentimiz qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. 17 nəfər isə prezident təqaüdçüsü olub. Bütün bu uğurlarımıza görə peşəkar iş sistemimizə və təcrübəli müəllimlərimizə borcluyuq.
- Azərbaycanda ali məktəblərə hazırlıq kursları çoxdur. “Araz” bunlardan hansı keyfiyyətlərinə görə fərqlənir?
- “Araz” bir sıra keyfiyyətlərinə görə digər kurslardan fərqlənir. Əvvəla, biz kursa qəbul imtahanlarında hər qrup üzrə ilk yerləri tutan şagirdlərə güzəştli təhsil imkanı veririk. Vaxtdan səmərəli istifadə etməklə hər bir şagirdə fərdi yanaşma üsulunu tətbiq edirik. Şagirdlərin kursun nəşr etdirdiyi hazırlıq vəsaitləri, kitablar, test bankları və “Araz dərgiləri” ilə təmin edirik.Şagirdlərimizin biliklərinin möhkəmləndirilməsi üçün onlara əlavə məşğələlər keçirilir. İndiyə qədərki statistikaya görə, şagirdlərimizin 85-90 faizi yüksək balla universitetlərə qəbul olunurlar.
- “Araz” kursları bu ilki qəbul imtahanlarına necə hazırlaşır?
Hər il olduğu kimi bu il də abituriyentlərimizi qəbul imtahanlarına müntəzəm şəkildə hazırlaşdırırıq. Əvvəlcədən şagirdlərə psixoloji məsləhətlər verilir və onlara ali məktəblərə qəbulun asan olduğu, lakin çox çalışmanın gərəkdiyi aşılanır. İl ərzində proqramda göstərilən saatlar xaricində onlara müntəzəm olaraq əlavə dərslər, məşğələlər keçirilir. Şagirdlərimizə “Araz” kurslarında işləyən təcrübəli müəllimlərin hazırladığı kitab, mövzu testləri və “Araz” dərgiləri pulsuz verilir. Həmin dərgilərdə hər fənn üç hissədən ibarətdir: mövzunun izahı, izahlı testlər, test sualları. Mövzu izahı hissəsində mövzuların proqram ardıcıllığı ilə izahı, izahlı testlər bölməsində abituriyentlər üçün çətinlik törədən test suallarının şərhi, test sualları hissəsində isə izah olunan mövzularla bağlı test sualları ilə tanış ola bilərsiniz. Dərgilərimiz “I-IV” və “II-III” qruplar üzrə ayrı-ayrı çap olunur.Şagirdlərimizin biliklərini ölçmək üçün onlara müntəzəm mövzu və ümumi sınaqlar keçirilir. Topladıqları ballar statistiki olaraq şagird, valideyn və müəllim iş birliyi ilə müzakirə edilir və şagirdə müvafiq məsləhətlər verilir.
- Arif bəy, fəaliyyətinizi genişləndirmək, yeni kurslar açmaq planlarınız varmı?
- Bu ildən Xətai rayonunda yeni şöbəmiz fəaliyyətə başlayır. Həmin bölgədə (Xətai, Nizami, Sabunçu və Suraxanı) yaşayan şagirdlərə daha yaxın olmaq məqsədilə Bakıdakı ikinci kursumuzu açdıq. Bu işdə məqsədimiz həmin bölgənin abituriyetlərinə daha yaxından və daha effektiv xidmət etməkdir.
- 2008-2009-cu tədris ili üçün qəbul barədə nə deyə bilərsiniz?
- 27 aprel tarixində respublikanın bütün bölgələrində kursumuza qəbul imtahanı keçiriləcək. İmtahan üçün qeydiyyatlar “Araz” kurslarında 1-25 aprel tarixləri arasında ediləcək. Yüksək nəticə göstərən abituriyentlər mükafatlandırılacaq.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF