Qafqaz Universitetində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib

Dünən Qafqaz Universitetində yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir təşkil edilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, 1993-cü ildən fəaliyyətə başlayan universitet 1998-ci ildə ilk məzuniyyətini, 2008-ci ildə isə 10-cu məzuniyyətini keçirib. Onun sözlərinə görə, bugünədək ali təhsil müəssisəsindən 1500-ə yaxın tələbə məzun olub: "Məzunların saylarının bu həddə çatmasına baxmayaraq, tədris müddəti ərzində tələbələrinə hər cəhətdən yüksək qayğı göstərən universitet məzun olduqdan sonra da onlara diqqət və qayğısını əsirgəmir. Məzun verməyə başladığı müddətdən etibarən universitetin nəzdində Daimi İnkişaf və Karyera Mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəz məzunların karyera qurmaqda yaşadıqları problemləri, sıxıntıları həll etməkdə onlara köməklik göstərir". A.Sanic qeyd edib ki, bu il keçirilən qəbul imtahanlarında universitetə 600-dən yuxarı bal toplayan 118 tələbə qəbul olub. Bu da Qafqaz Universitetinin bir ali təhsil müəssisəsi kimi reytinqinin yüksək olmasından xəbər verir. Ümumilikdə isə universitetdə 2500 tələbə təhsil alır: "Qafqaz Universiteti tələbələrə təhsil verməklə yanaşı onların asudə vaxtlarını səmərəli keçirməsi üçün dərnəklər yaradıb. Hazırda universitetdə 24 tələbə dərnəyi fəaliyyət göstərir ki, tələbələrin 65 faizi bu dərnəklərin üzvüdür". A.Sanic bildirib ki, hazırda Amerika və Avropanın bir sıra nüfuzlu ali təhsil müəssisələri Qafqaz Universitetindəki tədris sistemini, tədrisin müasir standartlara uyğun yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparıldığını nəzərə alaraq universitetlə partnyorluq əlaqələri qurmağı təklif edir: "Biz hazırda bu təklif üzərində düşünürük. Sözügedən ölkələrin universitetləri bizə 50 faiz güzəştlə tələbələrimizin bu ali təhsil müəssisələrində təhsillərini davam etdirmələrini təklif edir. Sonda isə tələbələrə həm Qafqaz Universitetinin, həm də təhsil aldığı digər xarici universitetin diplomu veriləcək. Xarici ölkələrin nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələri qurub tələbə mübadiləsi aparmaq tələbələrimizin seçdiyi ixtisas üzrə sözün əsl mənasında bir mütəxəssis kimi yetişməsinə şərait yaradacaq". Tədbirin sonunda qəbul imtahanında yüksək balla Qafqaz Universitetinə qəbul olan tələbələrə kompyuter və digər qiymətli hədiyyələr təqdim edilib.
S.QARAYEVA

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır