“Qafqaz”da təhsilin səviyyəsi digərlərindən fərqlənir.

"Ən yüksək vəzifə könüllərdə qurulan taxtdır, bundan daha yüksək məqam yoxdur"

Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç bir neçə gün əvvəl qəzetimizin “Redaksiya qonağı” rubrikasının qonağı oldu.

Onunla çox mövzulardan danışdıq. Suallarımızı bəzən səfir kimi cavablandırdı, bəzən sadə Türkiyə vətəndaşı kimi, bəzən də sadəcə olaraq dost kimi. Azərbaycanı çox sevdiyini deyir, burada işləməyi Vaşinqtonda, Parisdə, Londonda işləməkdən üstün tutur. “Bir millət, iki dövlət” prinsipinə ən səmimi duyğuları ilə inandığını və hər kəsin də bu prinsipə inanmalı olduğunu söyləyir.

- Cənab səfir, artıq 6 aydan çoxdur ki, Azərbaycandasınız. Təəssüratlarınız necədir?
- Son gəlişimdən əvvəl Azərbaycanda dörd dəfə olmuşam. Ancaq bu səfərlərim qısamüddətli olduğu üçün Azərbaycanı, onun bölgələrini və insanlarını yaxından tanıya bilməmişdim. Artıq 6 aydan çoxdur ki, buradayam. Gözlədiyimdən daha yaxşı Azərbaycanla qarşılaşmışam. İnsanlar çox istiqanlıdır. Ölkə də çox inkişaf edib. Geniş yollar salınıb, hündür və müasir binalar tikilib.

- Azərbaycanda sizi təəccübləndirən nəsə oldumu?
- Əvvəllər dil problemi ilə qarşılaşacağımı zənn edirdim. Ancaq bu, belə olmadı. İstər rəsmi yerlərdə, istərsə də sadə vətəndaşlarla ünsiyyətdə hər hansı problem yaşamadım. Rahat ünsiyyət qurmağımda mənim Anadoluda doğulmağım da böyük rol oynayır. Çoxlu ortaq sözlərimizin olduğunu gördüm. “Əlimi yudum”, “sən get, mən sənə çataram”, “dərədə çimdim” kimi ifadələri mən kəndimizdə istifadə edirdim. Bunlar mənim üçün xoş sürprizlər oldu.
Bir də Azərbaycanı mən özüm seçdim. Vaşinqton, Paris, London desəydilər, yenə Bakı deyərdim. Azərbaycanda səfir olmaq mənim üçün bir röya idi, o da gerçəkləşdi. 10 il əvvəl bu ancaq ağlıma gəlirdi.

- Bəs 6 aylıq diplomatik fəaliyyətinizi necə dəyərləndirirsiniz?
- Çox ağır iş rejimində işləyirik. Azərbaycandakı heç bir səfirliyin bizim qədər işlədiyini zənn etmirəm. Bunu da təbii qarşılayıram. Ölkələrimiz arasındakı münasibətlər çox yüksək səviyyədə olduğu üçün qarşılıqlı səfərlərin çox olması da normaldır. Yaxın münasibətlərdən doğan qarşılıqlı səfərlər də səfirliyin iş rejiminə təsir edir. Sadəcə, son bir neçə ayda prezident və baş nazir səviyyəsində bir neçə qarşılıqlı səfər reallaşdı. Dövlət və hökumət başçılarından başqa, ayrı-ayrı qurumları təmsil edən heyətlərin də səfərləri olur.

- Ramazan ayındayıq. Bu ayı necə dəyərləndirirsiniz?
- Ötən şənbə ilk iftar dəvətimizi verdik. Şeyxülislam Hacı Allahşükür Paşazadə qonağımız idi. Önümüzdəki günlərdə isə millət vəkilləri, jurnalistlər və digərləri üçün iftar süfrəsi açacağıq. Vaxt imkan verdikcə iftar dəvətlərimizi çoxaldacağıq.

- Uzun illər dövlət işlərində müxtəlif vəzifələrdə çalışmısınız. Rəsmi terminologiyada “dövlət tərbiyəsi” anlayışı var. Bu nə deməkdir?
- Dövlət tərbiyəsi, təbii ki, insanlarla bağlı anlayışdır. Dövlət tərbiyəsi vəzifəsindən asılı olmayaraq, dövləti ən yaxşı şəkildə təmsil etmək, dövlətin sirlərini qorumaq, insanlarla insan kimi davranmaq, nizam-intizamlı olmaqdır. Qısası, dövləti ən gözəl şəkildə təmsil etməkdir.

- Ailə tərbiyəsi ilə dövlət tərbiyəsinin üst-üstə düşmədiyi anlar olurmu?
- Hər iki tərbiyə bir-birini tamamlamalıdır. Bunları bir-birindən ayırmaq olmaz. Yaxşı ailə tərbiyəsi alan insan dövlət tərbiyəsinə də tez uyğunlaşır.

- Azərbaycandakı fəaliyyətinizdə prioritet hesab etdiyiniz sahə varmı?
- Azərbaycan-Türkiyə münasibətlərində bütün sahələr prioritetdir: iqtisadiyyat, təhsil, sosial sahələr. Ancaq mənim üçün qardaşlıq ən prioritet sahədir. Hələ də qardaşlığımızı bilməyən xeyli insan var. Mərhum Prezident Heydər Əliyev “Bir millət, iki dövlət”, Prezident İlham Əliyev isə “Bir millətin iki diasporu olmaz” dediyi halda, hələ də bəzi insanlar bu prinsiplərdən kənarda hərəkət etməyə çalışırlar. Dünyanın ikinci belə cütlüyü yoxdur ki, bizim kimi yaxın münasibətlərə malik olsun.

- Bu prinsiplərin anlaşılmaması üçün hər hansı səbəb varmı?
- Təbii ki, yoxdur.

- Azərbaycan iqtisadiyyatı ilə hər halda yaxından maraqlanırsınız. Sizcə, çatışmazlıqlar nələrdir?
- Burada sərgi sektoru az inkişaf edib. Türkiyədə bu işlə məşğul olan tanınmış bir firmanın təmsilçisini Azərbaycana dəvət etmişdik. O, İqtisadi İnkişaf Nazirliyində görüşlər keçirdi. Qarşıdakı illərdə burada sərgilər təşkil edəcək. Bu sərgilərdə, xüsusilə, Türkiyədə istehsal olunan mallar nümayiş etdiriləcək. İstehsalçı firmaların Azərbaycanda fəaliyyət göstərmələri üçün çalışmalarımız da olacaq.
Burada çatışmayan cəhətlərdən biri də turizm sektoru ilə bağlıdır. Bu sahənin inkişafı üçün böyük potensial olsa da, buna kifayət qədər nail olunmayıb.
Aqrar sektorun da inkişafına ehtiyac var. Azərbaycanda əkinə yararlı sahələr çox olsa da, bu sektora maraq azdır. Bu sektor inkişaf etdirilsə, bazarlarda qiymətlər xeyli aşağı düşər. Türk iş adamlarını aqrar sektora da istiqamətləndirəcəyik.

- Azərbaycanın hansı bölgələrində olmusunuz?
- Qubada, Gəncədə, Naxçıvanda və Bakıətrafı kəndlərdə olmuşam. Azərbaycanın çox gözəl və zəngin təbiəti var. Buralar cənnət kimidir.

- Tanımadığınız bir qapını döyərək, “Allah qonağıyam” deyib içəri girmisinizmi? Sadə vətəndaşların suyunu, çayını içmisinizmi?
- Olmadı, təəssüf ki. Ancaq Nuru Paşanın qonağı olduğu ailədə olmuşam.

- Demək ki, hələ Azərbaycanı tam tanımamısınız.
- İnşallah, onu da edərik. Sizinlə birlikdə gedərik (əməkdaşımız Əli Çərkəzoğlunu dəvət etdi). Özü də sizin avtomobilinizlə.

- Cənab səfir, indiyə qədərki səfirlərin böyük əksəriyyəti yüksək vəzifələrə təyin olundular. Siz necə, yüksək vəzifə gözləyirsinizmi?
- Ən yüksək vəzifə könüllərdə qurulan taxtdır. Bundan daha yüksək məqam yoxdur. Məndən əvvəlki səfirlərin yüksək vəzifələrə təyin olunmalarını isə əməyin qiymətləndirilməsi kimi başa düşürəm.

- Xobbiniz varmı?
- Fotoqrafçılığı sevirəm, ancaq bu işlə çox məşğul ola bilmirəm. Qəzet, jurnal oxuyuram. Vaxt çatışmazlığından çoxsəhifəli kitabları oxuya bilmirəm. Hazırda Nuru Paşa ilə bağlı məlumatları mütaliə edirəm.

- Yeri gəlmişkən, Nuru Paşa ilə bağlı tədbirlər planı hazırlanırdı. Bununla bağlı vəziyyət nə yerdədir?
- Məncə, məndən əvvəlki səfir Hüseyn Avni Karslıoğlunun da dediyi kimi, Nuri Paşanın heykəlinin Azərbaycanın bütün rayonlarında ucaltmaq lazımdır.

- Nuru Paşa ilə bağlı hansısa iş görülürmü?
- Biz hər zaman hazırıq. Nə zaman istəsələr, biz bu işi görməyə hazırıq.

- Sentyabr ayının 15-də geniş bir tədbirin keçirilməsi planlaşdırılırdı.
- Önümüzdəki illərdə bu, baş verəcək, inşallah. Bu, bizdən asılı deyil.

- Media ilə münasibətiniz necədir?
- Mən də mediaya önəm verirəm. Mənim üçün media sağlam keçilməli olan körpüdür. Bu körpü olmadan məsafə qət etmək mümkün deyil. Bununla belə, mediada görünmək üçün mediaya çıxmaq da istəmirəm. Düşünürəm ki, media məsuliyyətli olmalı və insanlara doğru-dürüst xəbər çatdırmalıdır. Azərbaycanda xoşuma gəlməyən hal isə jurnalistlərin rəsmi qəbullarda mikrofon uzatmalarıdır. Bu, rəsmi qəbulların proqramını pozur. Onsuz da müsahibə üçün mənə müraciət edən jurnalistləri səfirlikdə qəbul edirəm.

- Türkdilli ölkələrin zirvə toplantısı keçirilməli idi. Ancaq təxirə salındı.
- Bu, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin proqramında baş verən dəyişikliklə bağlı təxirə salındı. Yəni tamamilə texniki məsələdir. Ola bilsin ki, toplantı noyabr ayının sonunda Bakıda baş tutsun.

- Türkdilli ölkələrin bir araya gəlməsi ilə bağlı çox fikirlər söylənilir. Sizin şəxsi qənaətiniz nədir?
- Bu, hamımızın istədiyi məsələdir. Ancaq bəzi ölkələrdə müəyyən problemlər var. Həmin problemlər həll olunduqdan sonra bu, baş tutacaq. Fransızca, ingiliscə, portuqalca danışan ölkələrin zirvəsi varkən, türkdilli ölkələrin zirvəsi niyə olmasın ki? Qarşıdakı illərdə bu olacaq.

- Bəlkə bu, türkcə danışsaq da, türkcə düşünə bilməməyimizdən qaynaqlanır?
- Xeyr. Onda problem yoxdur. Sadəcə olaraq, liderlər bununla bağlı qərar verməlidirlər.

- Özbəkistan həmişəki destruktiv mövqeyində qalmaqdadır?
- Bəli.

- Prezident Abdullah Gülün belə bir sözü vardı: “Çindən Adriatikə qədər böyük Türküstan qurmaq kimi sözdən ibarət arzulardan əl çəkək. Ortada BTC, BTƏ, BTAQ kimi işlər görülürsə, sözdən işə keçmiş olarıq”. Sizcə də, sözdən işə keçmək lazım deyil?
- Tamamilə razıyam. Bu istiqamətdə müəyyən işlər görülsə də, yavaş gedir. İş planla görülmür. Nizam-intizam, konkret və aktiv fəaliyyət planı olmasa, ciddi iş görmək olmaz. Görmək istədiyin işi gündəminə salmalısan.
Türkdilli ölkələrin Parlament Assambleyası ideyası var. Bununla bağlı artıq üçüncü toplantı keçiriləcək. Digər ideya Daimi Katibliyin qurulması ilə bağlıdır və bu istiqamətdə müəyyən işlər görülür. Bununla bağlı müqavilə Qırğızıstanda keçiriləcək toplantıda imzalanacaq. Bu katiblik qurulduqdan sonra daha konkret işlər görmək mümkün olacaq.

- Cənab səfir, bir qədər də ailəniz barədə məlumat verməyinizi xahiş edirik.
- İki övladım var: oğlum və qızım. Oğlum diplomatdır. Hazırda Brüsseldədir. Peşə seçimində ona müəyyən tövsiyələrim olub, onu bu peşəyə mən təşviq etmişəm. Qızım isə öz peşəsini özü seçib. Onun ixtisası qrafik-layihələndirmədir.

- Ailədə kimin sözü keçir?
- Qərarlarımızı xanımımla ortaq qəbul edirik.

- Yumruğunuzu masaya vurduğunuz anlar olurmu?
- Olur bəzən (gülür). Bu hər yerdə olur. Xanımım da bu müsahibəni oxuyacağı üçün bu mövzunu burada kəsək (gülür).

- Hansı yeməyi xoşlayırsınız?
- Təzə lobya.

- Bəs Azərbaycan mətbəxindən?
- Azərbaycanın plovu çox gözəldir. Bir də burada tərəvəzlər çox təbiidir. Mürəbbələri də çox xoşlayıram.

- İşiniz çox olur hər halda. Ailənizə kifayət qədər vaxt ayıra bilirsinizmi?
- Kifayət qədər vaxt ayırdığımı iddia edə bilmərəm.

- Sizə elə gəlmirmi ki, ailələrdə müəyyən deformasiyalar baş verir?
- Bu, qloballaşmanın mənfi təsiridir. Başqa ölkələrdə təhsil alan gənclər xarici təsirlərə məruz qalırlar. Ancaq kənd yerlərində adət-ənənələrə hələ də riayət olunmaqdadır. Hətta Türkiyədə bəzi kəndlərdə gəlin iki il böyüklərinin yanında yaşmaqla gəzir, danışmır. Şəhərləşmə genişləndikcə belə dəyərlər itir. Media vasitəsilə qeyri-əxlaqi münasibətlərin təbliğ olunması da buna təsir edir. Bunun da sonradan çox böyük fəsadları ortaya çıxır.

- Təbii ki, müəyyən dəyişikliklər baş verir. Ancaq dəyişməməli dəyərlər nələrdir, sizcə?
- Sayğı, sevgi və hörmət. Bu dəyərlər itmədiyi müddətcə ailənin dağılmasından söhbət belə gedə bilməz.

- Uşaqlığınız barədə məlumat verməyinizi xahiş edirik.
- 1956-cı ildə Tokat rayonunun Rəşadiyyə qəsəbəsinin Köklü kəndində anadan olmuşam. Kəndimizdə məktəb belə yox idi. Yaxınlıqdakı qəsəbəyə məktəbə getdim. Çalışqan şagird idim. İndi də onun bəhrəsini görürəm. Orta məktəbi fərqlənmə qiymətləri ilə başa vurmuşam. Liseyi birinciliklə qurtarmışam. İki universitet bitirmişəm.

- Heç dərsdən qaçmısınızmı?
- Xeyr. Çalışqan olduğum üçün dərsdən qaçmağa ehtiyac olmurdu. Heç kimin bilmədiyini mən bilirdim. Hətta elə olurdu ki, bütün sinifə kömək edirdim.

- Diplomat peşəsini seçməyinizin özəl bir səbəbi varmı?
- Uşaqlıqda ziraət mühəndisi olmaq istəyirdim. Mühəndis olub aqrar problemləri həll etmək istəyirdim. Bir vaxtlar isə meşə mühəndisi olmaq belə könlümdən keçib. Hər halda kənd yerində yaşadığım üçün belə ixtisaslara meyil edirdim. Ancaq sonradan nədənsə fikrimi dəyişdim və diplomat oldum.

- Azərbaycanda həm Türkiyə dövlətinə məxsus, həm də iş adamlarının təşəbbüsləri ilə açılan özəl türk liseyləri fəaliyyət göstərir. Bu liseylər barədə fikirlərinizi bilmək istəyirik.
- Bunlar Azərbaycan üçün bir zənginlikdir. Onlar özləri ilə illərin təcrübəsini gətiriblər. Məsələn, Qafqaz Universiteti ilə digər ali məktəbləri müqayisə edin. Təəssüf ki, başqa universitetlər haqqında xoşagəlməz şeylər eşidirik. “Qafqaz”da təhsilin səviyyəsi digərlərindən fərqlənir. Bu, təcrübədən irəli gəlir. Təsadüfi deyil ki, bu gün hər kəs övladını türk liseylərində oxutmaq istəyir.

- Uşaqların vətənpərvər ruhda böyüdülməsində məktəblərin rolu nədir?
- Bu, çox gərəklidir. Himni hamı bilməlidir. Ölkə, vətən sevgisi uşaqlara aşılanmalıdır. Yalnız bu halda “Torpaq, əgər uğrunda ölən varsa, vətəndir” prinsipinə riayət ediləcək. Vətən üçün lazım gəlsə, ölmək gərəkir. Türkiyədə əsgərliyə zurna-balabanla yola salınır. Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Hər gün şəhid veririk. Ancaq analar bundan şikayətçi deyil. Azərbaycanda da bu sahədə böyük işlər görülür.

- İdmanla məşğul olursunuz?
- Gəncliyimdə futbol, tennis oynayırdım, çayda üzürdüm. Ancaq ən yaxşı idmanın yürümək olduğuna inanıram. Müntəzəm olaraq gündə 1-1,5 saat gəzirəm. “Fənərbağça” komandasının fanatıyam. Belə bir söz var: Hamı “Fənərbağça”lı olaraq dünyaya gəlir, sonradan kənar təsirlərlə komandasını dəyişir (gülür).

- Futbol sahəsində Azərbaycan ilə Türkiyə arasında əlaqələr kifayət qədər inkişaf etməyib. Bu sahədə ölkələr arasında səfirlik vasitəsilə körpü qurmaq mümkündürmü?
- Türkiyədə idmana dövlət qarışmır. Komandalar müstəqil fəaliyyətlə məşğuldur. Ona görə də Türkiyə komandalarında oynamaq istəyənlər fərdi olaraq futbol klublarına müraciət edə bilərlər.

Natiq Pənahlı
www.zaman.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır