ARDNŞ və Qafqaz Universiteti birgə seminar keçirmişlər


Bu günlərdə ARDNŞ-nin Kadrların hazırlanması şöbəsi ilə Qafqaz Universitetinin Karyera Planlama Mərkəzi “Karyera günləri“ seminar-proqramı təşkil etmişlər. Seminarda Şirkətlə Universitet arasında əməkdaşlıq imkanları haqda danışılmış, vurğulanmışdır ki, Universitetin “Kompüter mühəndisliyi” fakültəsinin tələbələri ARDNŞ-nin təqaüd proqramlarında ixtisas hazırlıqlarına görə xüsusilə fərqlənirlər. Həmçinin qeyd olunmuşdur ki, Qafqaz Universitetində bu ildən “Kimya mühəndisliyi” fakültəsi fəaliyyətə başlamış, yeni tədris ilində isə “Neft-qaz mühəndisliyi” fakültəsinin açılması nəzərdə tutulmuşdur. Qafqaz Universitetinin rektoru prof. dr. Ahmet Saniç ARDNŞ ilə mövcud əməkdaşlıqdan məmnunluğunu bildirmiş və gələcəkdə daha genişmiqyaslı layihələr həyata keçirməyin faydalı olacağını vurğulamışdır.
 Proqram çərçivəsində Universitetin müəllim və tələbə kollektivi üçün ARDNŞ-nin təqdimatı keçirilmişdir. Kadrların hazırlanması şöbəsinin rəisi Asif Şəfəqətov şirkətin tarixi, onun fəaliyyət istiqamətləri, hazırda həyata keçirilən respublika və regional əhəmiyyətli layihələr və gələcək planlar barədə ətraflı məlumat vermişdir. Şöbənin əməkdaşı Teymur Mahmudov ARDNŞ-də kadr siyasəti, işə qəbul prinsipləri, gənc kadrlara olan tələbat, onların seçilməsi prinsipləri, Şirkətin xarici və ölkədaxili təqaüd proqramları, istedadlı kadrlarla işin təşkili və s. məsələlər haqqında sualları cavablandırmışdır. Müzakirələrdə ARDNŞ-nin Baş ofisinin, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin və Ekologiya Idarəsinin nümayəndələri, həmçinin “SOCAR Yay Məktəbi”nin məzunları da iştirak etmişlər. ARDNŞ-nin sifarişi ilə nəfis şəkildə nəşr edilmiş “Azərbaycan nefti” kitabı şirkət əməkdaşları tərəfindən Qafqaz Universitetinin kitabxanasına bağışlanmışdır.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır