Yüksələn təhsilimizin bayraqdarı – Azərbaycan məktəblisi

Qəzetimizin ötən sayında “Qafqaz” Universitetində Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin birgə keçirdiyi tədbir barəsində qısaca məlumat vermişdik. Qeyd edək ki, hər il bir ənənə olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələri Şirkəti yeni dərs ilinin əvvəlində “Təhsilimizin ulduzları” adlı hesabat mərasimi keçirir. Mərasimdə ölkə təhsil sistemində özünəməxsus yeri və rolu olan “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələrinin tələbə adını qazanmış məzunları ilə, həmçinin beynəlxalq fənn olimpiadalarında yüksək nəticə əldə edərək ölkəmizə qızıl, gümüş, bürünc medallar gətirən şagirdlərlə görüş keçirilir, onların qələbələri, əldə etdikləri nailiyyətlər qiymətləndirilir. Bu dəfə də “Qafqaz” Universitetində 2010-2011-ci dərs ilinə həsr edilmiş “Yüksələn təhsilimizin bayraqdarı – Azərbaycan məktəblisi” adlı təqdimetmə mərasimi keçirildi. Ümummilli lider və şirkətin fəxri baş müəllimi Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı oxundu.

2010-cu il beynəlxalq fənn olimpiadalarında qazanılan qələbələr və məzunlarımızın ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri nailiyyətlərdən bəhs edən qısametrajlı filmin nümayişindən sonra söz “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Ənvər Özərənə verildi. O, Azərbaycanın adını beynəlxalq aləmdə yüksəldən tələbə və şagirdlərin hər birini bu böyük nailiyyətlər münasibətilə təbrik edərək dedi: “Şagirdlərimiz hər il respublika Təhsil Nazirliyinin komandası tərkibində Dünya Bilik Olimpiadalarında iştirak edir, qızıl, gümüş, bürünc medallarla vətənə qayıdır, uzaq-uzaq ölkələrdə Azərbaycanın bayrağını ucaldırlar. Onlar Bolqarıstan, İndoneziya, İngiltərə, ABŞ, İspaniya, Yaponiya, Koreya, İsveç, İtaliya, Meksika, Rusiya və Almaniyada yüksək nəticələr əldə etmişlər. Belə ki, 1994-cü ildən bu günə qədər liseylərimizin şagirdləri 87 qızıl, 138 gümüş və 204 bürünc olmaqla 429 medal qazanmışlar. Mən hər bir Azərbaycan məktəblisinə bundan da böyük uğurlar arzulayıram”. Sonra isə dünyanın bir neçə ölkəsində olmuş, vətənimizin şərəfini qorumuş, təkcə 2010-cu dərs ilində 12 qızıl, 20 gümüş və 39 bürünc medal qazanmış beynəlxalq olimpiada qaliblərinin təltifetmə mərasimi başlandı. ABŞ-da keçirilmiş III Beynəlxalq Enerji, Ətraf Mühit Mühəndisliyi Layihə Olimpiadasının qaliblərindən Nurlan Məmmədov, Altun Qəmərli Türkiyədə keçirilmiş XVIII Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasının qaliblərindən Kamal Həsənli, Tural Gülməmmədov, VIII Beynəlxalq Türk Dili Olimpiadasından Səbinə Qarayeva, Ənvər Məhəmmədli, VI Beynəlxalq Kopyuter Layihə Olimpiadasından Sahil Qədimbəyli, Emil Əhmədli, Yaponiyada keçirilmiş 42-ci Beynəlxalq Kimya Olimpiadasından Aqil Əzimzadə, Rəşad Yusifov, Nigeriyada keçirilmiş I Beynəlxalq Elm Olimpiadasından Nihat Əliyev, Elmir Məhəmmədov, Xorvatiyada keçirilmiş 41-ci Beynəlxalq Fizika Olimpiadasından Orxan Bağırlı, Ümid Ağazadə, Qazaxıstanda keçirilmiş 51-ci Beynəlxalq Riyaziyyat Olimpiadasından Altun Şükürlü və Elşad Mustafayev, Cənubi Koreyada keçirilmiş XXI Beynəlxalq Biologiya Olimpiadasından Nihat Əliyev, Balkan Riyaziyyat Olimpiadasından Kənan Məlikov və Sübhan Rüstəmli kimi onlarla şagirdin adı fəxrlə çəkilərək, onların qələbələri və nailiyyətləri 2000 manatadək pul mükafatı və qiymətli hədiyyələrlə qiymətləndirildi. Eyni zamanda, 2010-cu ildə Azərbaycanda keçirilən 3 Beynəlxalq fənn olimpiadasında Azərbaycanın həm iştirakçı, həm də ev sahibi olması ölkə rəhbərliyinin apardığı məqsədyönlü daxili və xarici siyasətin, təhsilə verdiyi böyük əhəmiyyətin təzahürü kimi qeyd olundu. Vətənimizi, təhsilimizi xarici ölkələrdə ləyaqətlə təmsil etmiş şagirdlərin təqdimetmə mərasimindən sonra 2010-cu ildə ali məktəblərə qəbul imtahanlarından 600-700 bal toplayaraq valideyn və müəllimlərin etimadını ləyaqətlə doğrultmuş məzunlara mükafatlar təqdim olundu. Sonra bu şagirdlərin üzərində haqları, zəhmətləri olan “Araz” kurslarının fədakar, zəhmətsevər, şagirdlərinin müvəffəqiyyəti üçün hər cür çətinliyə sinə gərən pedaqoji kollektivi və oxuduqları məktəbin direktoru səhnəyə dəvət aldılar. Təqdimetmə mərasimindən sonra çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova, millət vəkilləri, rektorlar və başqa qonaqlar “Çağ” Öyrətim Şirkətinin ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına əmanəti olduğunu, şirkətin elmi və pedaqoji kollektivinin isə Azərbaycanın parlaq gələcəyi naminə fədakarlıqla bu əmanətə sadiq qaldıqlarından, Azərbaycan-Türkiyə özəl liseylərində təlim və tərbiyənin dünya standartlarına və ümumbəşəri dəyərlərə uyğun şəkildə həyata keçirildiyindən danışdılar. Qeyd edildi ki, bunun ən böyük göstəricisi də bu liseylərin şagirdlərinin beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında qazandıqları uğurlardır. Tədbirdə eyni zamanda 2010-cu il qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərin “Qafqaz” Universitetini seçməsi bu ali təhsil müəssisəsinin ictimaiyyətin və dövlətin etimadını qazanmasından, universitetin müasir tələblərə cavab verən ali təhsilli kadr hazırlığı və özəl universitetlər arasında liderlik mövqeyini qoruyub saxladığından danışıldı.
Sonda təhsil naziri Misir Mərdanov çıxış edərək 2010-cu dərs ilində dünya olimpiadalarında medal qazanmış şagirdləri və ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələri təbrik edərək dedi: “Bu şirkətin gördüyü işlər göz qabağındadır. Onlar təhsilimizin inkişaf siyasətinə beynəlxalq fənn olimpiadalarında və yarışlarda qazandıqları qızıl, gümüş və bürünc medallarla, yəni əməli işləri ilə cavab verirlər. Bundan əlavə, şirkətin lisey və gimnaziya məzunlarının ali məktəblərə qəbulda ən yüksək göstərici – 98 faiz müvəffəqiyyət əldə edərək, respublikanın və dünyanın ən məşhur universitetlərinə qəbul olmaları qəlbimizi fərəh hissi ilə doldurur. Mən yüksələn təhsilimizin bayraqdarı olan hər bir Azərbaycan məktəblisini bu cür görmək istəyirəm”.
Biz də bu arzuya qoşuluruq. Qoy Azərbaycan məktəblisinin sorağı dünyanın hər yerindən gəlsin.

Mehparə ƏLİYEVA,
“Respublika” qəzeti
19.10.2010

http://www.cag.edu.az/basind.php?id=36 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır