Gürcüstan Prezidentinin anası Qafqaz Universitetinin qonağı oldu

Qiuli Alasaniya: “Təhsil naziri Misir Mərdanov bildirdi ki, Qafqaz Azərbaycanın ən reytinqli təhsil ocaqlarından biridir. Bu universitetdə özümü evimdəki kimi rahat hiss edirəm”

Dünən Gürcüstan Prezidenti Mixail Saakaşvilinin anası, “Gürcüstan və Azərbaycan Dostluq Evinin” rəhbəri, bu ölkədə fəaliyyət göstərən Beynəlxalq Qara Dəniz Universitetinin müəlliməsi Qiuli Alasaniya Qafqaz Universitetinin qonağı olub. Universitetin rektoru Əhməd Saniç görüşün tanışlıq məqsədi daşıdığını deyib. Azərbaycana səfəri çərçivəsində bir çox görüşlər keçirdiyini bildirən Qiuli Alasaniya təhsil naziri Misir Mərdanovun Qafqaz Universitetinin fəaliyyəti barədə ona ətraflı məlumat verdiyini söyləyib. Q. Alasaniya: “Təhsil naziri Misir Mərdanov bildirdi ki, Qafqaz Azərbaycanın ən reytinqli təhsil ocaqlarından biridir. Bu universitetdə özümü evimdəki kimi rahat hiss edirəm”,-dedi.
Qiuli Alasaniya çalışdığı Beynəlxalq Qara Dəniz Universitetinin Gürcüstanın nüfuzlu təhsil müəssisələrindən biri olduğunu söylədi və “Qafqaz”la əməkdaşlığı gücləndirməkdə maraqlı olduqlarını vurğuladı. Əhməd Saniç isə “Qafqaz”ın Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərdiyini və reytinq cədvəlində Prezident yanında Dövlət İdarəçilik Akademiyasından və Tibb Universitetindən sonra gəldiklərini qeyd etdi. Onun sözlərinə görə, hazırda “Qafqaz”da Türkiyədən, Gürcüstandan, Almaniyadan, Türkmənistandan, İrandan, Rusiyadan çoxlu sayda əcnəbi tələbə təhsil alır.
Ə. Saniç “Qafqaz”ın dünyanın bir çox təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini və bu mənada Beynəlxalq Qara Dəniz Universiteti ilə əlaqələrin inkişafına böyük önəm verdiklərini söylədi. Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze də çıxışında “Qafqaz”ın Azərbaycanın ən reytinqli özəl universiteti olmasından xəbərdar olduqlarını bildirdi. Digər çıxış edənlər də Azərbaycan, Türkiyə və Gürcüstan əlaqələrinin genişlənməsində “Qafqaz”ın bundan sonra da böyük işlər görəcəyinə ümidvar olduqlarını vurğuladılar.
www.zaman.az
03.02.2011
Nİcat İntİqam


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır