“Şirkətin uğur qazanması strateji planlaşdırmadan birbaşa asılıdır”



Bu müsahibənin iş həyatına atılmaq istəyənlər üçün faydalı olacağına inanırıq. Çünki istənilən müəssisə qurularkən onun strateji planlaşdırmasının aparılması və strateji idarəetməsinin müəyyənləşdirilməsi olduqca vacibdir. Bu iki amil üzərində əvvəlcədən baş sındırılmasa, uğur qazanmaq mümkün olmayacaq. Qafqaz Universitetinin dəvəti ilə ölkəmizə gəlmiş Türkiyənin Fatih Universitetinin professoru Cevdət Meriç ilə söhbətimiz dəbu barədə oldu.

- Cevdət bəy, strateji planlaşdırma nə deməkdir? Onun digər planlaşdırma növlərindən fərqi nədir?
- Strateji planlaşdırmanın mənşəyi hərbi qaynaqlara gedib çıxır. O, qədimdə hərbçilərin hər hansı bir qalanı və ya ərazini tutmaq üçün planlaşdırdıqları metod və taktikanı ehtiva edirdi. Hazırda isə təkcə hərbi məqsədlər üçün deyil, ticarətdə, iqtisadiyyatda və siyasətdə də çox istifadə edilən bir anlayışdır. Artıq hamı tərəfindən qəbul edilən həqiqətdir ki, şirkətin uğur qazanması strateji planlaşdırmadan birbaşa asılıdır. Məsələn, hər hansı müəssisə özü üçün müəyyənləşdirməlidir: Mənim məqsədim nədir? Hansı imkanlara və texnoloji infrastruktura malikəm? Müəssisə üçün hansı fürsətlər və risklər mövcuddur? Həmçinin müəssisənin qüvvətli və zəif tərəfləri nələrdir? Bütün bu suallara cavab taparaq, müəssisənin daha böyük nailiyyətlər əldə etməsi üçün mövcud şərtlərə uyğun hərəkət etmək strateji planlaşdırma adlanır. Strateji idarəetmə dedikdə isə, müəssisənin məqsədlərini ən ucuz və ən səmərəli şəkildə, o cümlədən ən qısa vaxtda reallaşdırmaq siyasəti başa düşülür.
- Demək ki, strateji planlaşdırma və idarəetmə dedikdə, ilk olaraq özünü tanımaq və imkanlarına bələd olmaq başa düşülür.
- Əlbəttə, özünü tanımaq və məqsədlərini düzgün müəyyənləşdirmək strateji planlaşdırmada çox vacib amillərdir. Məsələn, istehsal və ya xidmət müəssisəniz varsa, siz ən keyfiyyətli məhsulu istehsal etməli və ya ən yüksək xidməti göstərməlisiniz. Bu işləri görmək üçün neçə işçi ilə işləyəcəyinizi, maddi resurslarınızı və hədəflərinizi müəyyənləşdirməli, eləcə də məqsədlərinizə nail olmaq üçün səy göstərməlisiniz.
- Uğur əldə etmək üçün hansı əsas amillər daima göz önündə tutulmalıdır?
- Məqsədə çatmaq üçün tabelikdə olan şəxsləri tanımaq və onların potensiallarını yaxşı bilmək lazımdır. Eyni zamanda işçilər də müəssisənin strateji məqsədlərindən xəbərdar olmalıdırlar. Onları məlumatlandırmaq şirkət rəhbərinin işidir. Şirkətdə çalışan hər kəs tutduğu mövqeyə uyğun təlimatlandırılmalıdır. Yalnız bu halda şirkətin bütün işçiləri müəssisənin uğur qazanması üçün əl-ələ verəcək və şirkətə öz mülkü kimi sahib çıxacaq. Bunu bir futbol komandasına bənzədə bilərik: qalib gəlmək üçün komandanın bütün üzvləri öz funksiyasını düzgün və qüsursuz yerinə yetirməlidir. Bunun üçün bütün oyunçular komandanın strategiyasını bilməlidirlər.
- Bu məsələdə strateji yol xəritəsinin yeri və rolu necə başa düşülməlidir?
- İstər dövlət strukturlarının, istərsə də özəl biznes qurumlarının müəyyən strateji planları var. Bu planlar 5 illik və ya 10 illik müddətə təsdiqlənmiş proqramlar vasitəsilə həyata keçirilir. Məsələn, dövlətin elektron hökumət qurmaq planı varsa, müasir texnologiya istehsal edən şirkətlərlə müqavilələr bağlamalı, öz kadrlarının bu sahədə yenidən ixtisaslaşmasını təşkil etməlidir. Bu, bir yol xəritəsidir.
- Performans dəyərləndirməsinin bu prosesdə yeri nədir?
- Performans nəticəyə görə dəyərləndirilir. Məsələn, bir müəssisənin istehsal etdiyi məhsulların hər birinə bazarda tələbat varsa və il ərzində satış həcminin 40 faiz artımına nail olunubsa, deməli, həmin şirkət uğur qazana bilib. Bu misaldakı kimi hər bir qurum özünə ölçülə bilən (mücərrəd olmayan-red.) meyarlar müəyyənləşdirməlidir. Bu meyarlar vasitəsilə əldə olunan nəticələr qiymətləndirilməlidir.
- Azərbaycanda böyük şirkətlər, holdinqlər yeni-yeni qurulmağa başlayır. Bu baxımdan ölkəmizdə fəaliyyət göstərən şirkətlərə nələr tövsiyə edərdiniz?
- Bu məsələdə onu deyə bilərəm ki, qloballaşan dünya iqtisadiyyatında nəinki dövlətin siyasətinin, eləcə də regiondakı digər dövlətlərin də bu prosesə birbaşa və ya dolayı təsiri var. Azərbaycan şirkətləri də yalnız ölkə daxilində deyil, bütün regionun bazarında pay almaq istəyirlərsə, bu amilləri nəzərə almalıdırlar.
- Strateji planlaşdırma və idarəetmə müəyyən miqdarda pul tələb edir. Kiçik və orta şirkətlər bu məsələyə pul xərcləmək istəmirlər, yaxud da buna imkanları yoxdur. Pul ayırmadan və ya daha az pul xərcləyərək bu sistemi həyata keçirmək mümkünmü?
- Mümkündür. Əslində bu işə çox pul xərcləməyə ehtiyac yoxdur. Əsas məsələ bu sahədə müəyyən maarifləndirmə işləri aparmaq və işçilərin dünyagörüşünü formalaşdırmaqdır. Başqa sözlə, bu sahənin peşəkarlarından dəstək alaraq, öz müəssisənizin strateji planlaşdırmasını reallaşdıra bilərsiniz. Məsələn, Azərbaycanda Qafqaz Universitetində planlaşdırmanın necə tətbiq ediləcəyini bilən müəllimlər var.
- Belə çıxır ki, universitetlər müasir dövrün tələblərinə uyğun təhsil versələr, iş dünyasının ixtisaslı kadrlara, o cümlədən bu sistemin təhsilini almış mütəxəssislərə olan ehtiyacı təmin edilər. Bu amili nəzərə alaraq, iş dünyası və universitet əlaqələri necə qurulmalıdır?
- Müasir dövrdə iş dünyası - universitet əlaqələri yaxşı qurulmalıdır. Universitetlər iş dünyasının və bazarın tələblərini, hər bir müəssisə də xidmət göstərdiyi və münasibətdə olduğu bütün tərəflərin tələblərini nəzərə almalıdır. Çünki münasibətdə olduğunuz qurumlar sizin göstərdiyiniz xidmətə və ya istehsal etdiyiniz məhsulun keyfiyyətinə birbaşa qiymət verə bilirlər. Ona görə də onların tələb və ehtiyacları nəzərə alınmalıdır. Siz də müəssisənizin missiyasını və qarşısındakı məqsədləri dəqiq müəyyən etməlisiniz.
- Yəni “bu sahədə uğur qazanmaq üçün pul xərcləməyə ehtiyac yoxdur” demək yanlışdır.
- Birincisi, bu məsələ onsuz da çox vəsait tələb etmir. Həmçinin bu sistemin tətbiq olunması üçün təhsil, maarifləndirmə və enerji xərcləməyə daha çox ehtiyac var. Məsələn, qəzet redaksiyasını nümunə kimi götürək və onun tirajını 10 min artırmağı qarşıya məqsəd kimi qoyaq. Bu təklif müdirdən gəlsə, işçilər bir az səy göstərəcəklər və böyük bir ehtimal ki, istənilən nəticəyə nail olmaq mümkün olmayacaq. Ancaq təklif aşağıdan - işçilərdən gəlsə, deməli, işçilər müəssisənin işinə öz işləri kimi baxırlar və nəzərdə tutulan hədəfə çatmaq daha asan olacaq. Yəni bu məsələdə işçiləri idarə etmək və şirkəti onlara sevdirmək çox vacibdir.
Həmçinin müvəffəq olmaq üçün yaxşı planın hazırlanması da vacib amildir. Amma plandan da əhəmiyyətli olan odur ki, kağız üzərindəki nəzəriyyəni müəssisə reallıqlarını nəzərə alaraq praktikaya çevirə biləsən.
- Yazılarınızın birində qeyd etmisiniz ki, müəssisələrin strateji inkişafını təmin etmək və müvəffəqiyyət göstəricilərini artırmaq üçün qurum mədəniyyəti və kimliyi, həmçinin səmərəli inzibati mexanizm inkişaf etdirilməlidir. Bu fikri ətraflı izah etməyinizi xahiş edirik.
- Müəssisələrin idarə olunması üçün yalnız rəsmi münasibətlər kifayət deyil, işçilərin qayğı və problemləri, onların istək və arzuları da nəzərə alınmalıdır. Müəssisənin strategiyası müəyyən edilərkən işçilərin rəyləri öyrənilməlidir və onların mütərəqqi təkliflərinə də əhəmiyyət verilməlidir. Bu isə müəssisə mədəniyyətinin inkişaf etməsinə və səmərəli inzibati mexanizmin yaranmasına çox mühüm töhfə olar. Bu, həmçinin ümumi keyfiyyətin artmasına da səbəb olar. İşçinin razı qalması çox vacib məsələdir. Burada işçinin ailəsi, aldığı maaş, tutduğu vəzifə və iş şərtləri də əhəmiyyətlidir. Əgər işçi müəssisədən razı qalmazsa, başqa iş tapmaq istəyəcək. Bu da müəssisənin fəaliyyətinə mənfi təsir göstərəcək.
Deməli, məsələnin həlli yolu səmərəli idarəetmə və yaxşı planlamadan keçir.
- Müəssisələrin ictimaiyyətlə sosial-mədəni əlaqələri necə olmalıdır?
- Bunun üçün ən vacib məsələ müəssisənin öz sosial məsuliyyətini başa düşməsidir. Məsələn, kimya sənayesi sahəsində fəaliyyət göstərən bir müəssisəni misal kimi nəzərdən keçirək. Tutaq ki, bu müəssisə şəhərin ekologiyasına ətrafa buraxdığı qazlarla mənfi təsir göstərir. Belə olan halda, ətrafda yaşayan insanların həmin müəssisəyə münasibəti heç də yaxşı olmayacaq. Əgər həmin müəssisə müasir texnologiyalardan istifadə etsə, ətraf-mühitə vurduğu zərər də minimuma enər. Bundan başqa, o, parkların salınmasında iştirak etməklə, yaşıllıq əraziləri genişləndirməklə və bu kimi işlərdə yaxından iştirak etməklə insanların sevimlisinə çevrilə bilər. Bu, həm də müəssisənin öz sosial məsuliyyətini dərk etdiyini göstərir.
Başqa bir nümunəni universitetlərdən verək. Məsələn, bir universitetin tibb fakültəsi varsa, onlar qəsəbələrə, ucqar və dağlıq kəndlərə gedərək, orada əhalinin aztəminatlı təbəqəsinin müəyyən tibbi ehtiyaclarını qarşılamaqla, ictimaiyyətlə normal sosial-mədəni əlaqələr qura bilərlər.
www.zaman.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır