Novruz tədris müəssisələrimizdə təntənə ilə qeyd edilir

İlimizin təqvimində bayramlar çoxdur. Hər birinin də öz yeri öz mənası var. Onların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün təşkil ediblər. Lakin bu bayramlar sırasında elələri də var ki, bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də Novruz bayramıdır. Tarixi, çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Adamlar novruz bayramının pişvazına çıxarlar. Onu nəğməylə qarşılayarlar.
Respublikamızın hər yerində olduğu kimi “Çağ”Öyrətim İşlətmələri şirkətinin bütün tədris müəssisələrində “Qafqaz” Universitetində, ”Araz” Kurslarında, eləcə də Azərbaycan-Türkiyə Özəl Liseylərində də Novruzu böyük coşqu ilə, nəğməilə sevinclə qarşılayıblar. Novruzla bağlı keçirilən şənliklərdə çıxış edənlər bildiriblər ki, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünyagörüşü, humanist baxışları, həlim, qayğıkeş təbiəti özünü göstərir.
   Bununla əlaqədar olaraq martın 16-da “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında geniş bayram şənliyi keçirilib. Bayram şənliyini “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının müdiri Serhat Aktaş açıq elan edərək şənlikdə iştirak edənləri Novruz bayramı münasibəti ilə təbrik edib. Gimnaziyanın şagirdləri Novruza aid şeirlər söyləyiblər nəğmələr oxuyublar, Keçəllə Kosanın məzəli deyimlərinə oyunlarına tamaşa ediblər. “Qafqaz” Universitetinin rəqs ansamblı da öz maraqlı çıxışı ilə iştirakçıları feyziyab edib. Tədbirdə iştirak edən Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək Novruz bayramı münasibəti ilə şənlik iştirakçılarını təbrik ediblər. Muğənnilərdən Elton Hüseynəliyev və Xatun xanım rəngarəng mahnıları ilə şənlik iştirakçılarına xoş anlar yaşadıblar. Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz  muğənnilərə xatirə hədiyyəsi təqdim edib. Sonra şənlik iştirakçıları Novruz tonqalı yandıraraq ətrafinda Novruzun gəlişi ilə əlaqədar nəğmələr oxuyublar.   

 
 

www.cag.edu.az
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF