Türkcə Olimpiadasının Azərbaycan qalibləri bəlli oldu

Türkiyə və Azərbaycan sənət adamlarından təşkil olunmuş 9 nəfərdən ibarət münsiflər heyətinin qərarı ilə şeir kateqoriyasında Şirvan məktəblisi Saniyə Mirzəyeva, mahnı kateqoriyasında isə Hidayət Cahangiroğlu (Bakı) qızıl medala layiq görülüblər

Dünən Gənc Tamaşaçılar Teatrında IX Beynəlxalq Türkcə Olimpiadasının Azərbaycan finalı keçirilib. Finalda mahnı və şeir kateqoriyalarında 10 şagird ilk yerlər uğrunda mübarizə aparıb. Türkiyə və Azərbaycan sənət adamlarından təşkil olunmuş 9 nəfərdən ibarət münsiflər heyətinin qərarı ilə şeir kateqoriyasında Şirvan məktəblisi Saniyə Mirzəyeva, mahnı kateqoriyasında isə Hidayət Cahangiroğlu (Bakı) qızıl medala layiq görülüblər. İkinci yeri Xədicə Bayraməliyeva (şeir), Səbuhi Abdullazadə (mahnı), üçüncü yeri Mehparə Zeynalova (şeir), Qafar Şamilov (mahnı) qazanıblar. Qaliblərə medalları Türkiyədən gəlmiş elm, iş adamları təqdim ediblər.  
Birinci yeri qazananlar bu ilin iyun ayının 15-30-də İstanbulda və Ankarada 130 ölkənin iştirakı ilə keçiriləcək IX Beynəlxalq Türkcə Olimpiadasında ölkəmizi təmsil edəcəklər. Qeyd edək ki, hər il olduğu kimi bu il də olimpiadaya inşa, qrammatika, nitq, tamaşa, dünyagörüşü, qeyri-adi qabiliyyətlərin kateqoriyaları üzrə ölkəmizin daha 7 şagirdi də qatılacaq.
Tədbirdə çıxış edən “Çağ” Öyrətim İşlətmələri Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz Təşkilat Komitəsi adından müsabiqənin yekun mərhələsinədək keçən yola qısa bir nəzər salmaqla yanaşı, bildirdi ki, IX Beynəlxalq Türkcə Olimpiadasında dünyanın müxtəlif ölkələrindən gəlmiş, ayrı-ayrı dinləri, millətləri, irqləri təmsil edən şagirdlər türkcə oxuyacaqları şeir və mahnılarla öz duyğularını dünyaya bəyan edəcəklər: türk dilinin gözəllik və zənginliyini, onun sevgi, barış dili olduğunu bir daha Yer kürəsinə çatdıracaqlar. Onların arasında bu missiyanı  Azərbaycan finalının qalibləri yerinə yetirəcəklər. “Çağ” Öyrətim İşlətmələrinin prezidenti Ənvər Özərən də türk dilinin incəliklərindən söz açdı. O dedi ki, bu qaliblər türk dili və mədəniyyətinin dünyada necə böyük bir sürətlə inkişaf etdiyini göz önünə sərgiləyəcəklər. Bu dilin beynəlxalq dil statusuna layiq olduğunu nümayiş etdirəcəklər. O, çıxışını  Bəxtiyar Vahabzadənin bu sözləri ilə tamamladı: “Dilimiz bizim kimliyimizdir, pasportumuzdur, dil yoxdursa, ölkə də yoxdur”.
Digər çıxış edənlər Azərbaycan təmsilçilərinin öz mahnı və şeirləri ilə bütün dünyanı ayağa qaldıracaqlarını əminliklə dilə gətirdilər. Onların Vətənə qızıl medallarla qayıdacaqlarını əminliklə bildirdilər.
Məlumat üçün bildirək ki, tədbirdə Türkiyədən gəlmiş sənət adamları - Gökmən, Ərhan Gülərüz, Ərtoğrul Ərkişi Azərbaycan dilində oxuduqları mahnıları ilə həm yarış iştirakçılarına, həm də tədbiri izləyənlərə xoş anlar yaşatdılar.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır