Dünyanın 130 ölkəsinin təmsilçiləri Ankarada bacarıqlarını nümayiş etdirir



Atif Eyvazov/AZADİNFORM. Ankara şəhərində IX Beynəlxalq Türk dili  Olimpiadası  keçirilir. “Azadinform” xəbər verir ki, dünyanın 130 ölkəsinin qatıldığı olimpiada çərçivəsində iştirakçı dövlətlərin tarixi, mədəniyyəti, mətbəxi və digər milli dəyərlərini özündə əks etdirən sərgisi də keçirilir. 
Sərgi ilə tanışlıqdan sonra jurnalistələrə müsahibə verən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov olimpiadanın çox yüksək səviyyədə təşkil edildiyini söyləyib. Azərbaycan stendinin böyük bir marağa səbəb olduğunu söyləyən səfir azərbaycanlı şagirdlərin olimpiadaya qatılmasını yüksək qiymətləndirib. 
 Cari ilin Azərbaycanda “Turizm ili”  elan edildiyini xatırladan F.Bağırov əlavə edib ki, bu tədbir  Azərbaycanda turizmin inkişafına öz töhfəsini verəcək. 
Çağ Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən xatırladıb ki, ilk dəfə bu olimpiadaya 17 ölkə ilə başlanıb. Ə.Özərən qeyd edib ki, olimpiadaya qatılan şagirdlər Azərbaycanda Təhsil Nazirliyi ilə birgə təşkil edilən 3 mərhələlik müsabiqədə uğur qazananlardır. O, olimpiadanın 9 nominasiya üzrə keçirildiyini qeyd edib. Keçirilən sərgidə Azərbaycanın ən böyük stendinin qurulduğunu vurğulayan Ə.Özərən stendlərdə ölkəmizin tarixi, mədəniyyəti, onun bugünkü inkişaf dövrünü göstərən şəkillərin nümayiş olunduğunu söyləyib. Ə.Özərən ümid etdiyini bildirib ki, bu olimpiadalar gələcəkdə həmçinin ölkələr arasında isti münasibətlərin yaranmasına və dünyada  barışın meydana gəlməsinə öz töhfəsini verəcək. 
Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz isə qeyd edib ki, Azərbaycan stendini minlərlə insan ziyarət edib. Olimpiadaya Azərbaycanın müxtəlif məktəblərindən 45 şagirdin qatıldığını vurğulayan A.Gömleksiz qeyd edib ki, onların bir hissəsi yarışa qatılacaq, bir hissəsi konsert proqramında iştirak edəcək, digərləri isə stendlərlə maraqlananlara məlumat verəcəklər. Artıq Azərbaycandan iki təmsilçinin şer və mahnı nominasiyası üzrə finalda yarışa vəsiqə qazandığını diqqətə çatdıran A.Gömleksiz ümid etdiyini bildirib ki, həmin şagirdlər 21-22 iyun tarixlərində keçiriləcək son yarışda qalib olacaq.   
Qeyd edək ki, sərgidə Azərbaycandan 200-dən artıq nümayəndə heyəti iştirak edib. Onlar Azərbaycana həsr olunan konsert proqramında da iştirak ediblər. 
Xatırladaq ki, dünyanın müxtəlif ölkəsini təmsil edən və ayrı-ayrı dillərdə danışan şagirdlər öz bacarıqlarını yalnız türk dilində  nümayiş etdirəcəklər. Onlar şer, mahnı səsləndirəcək, milli rəqslərini ifa edəcəklər. Üç mərhələni uğurla başa vuran qaliblərin adını isə Türkiyədən olan 20-dən artıq münsiflər heyəti açıqlayacaq. Son mərhələ İstanbulda olacaq. Olimpiada-sərgi iyunun 30-da başa çatacaq.
Konsert proqramının sonunda Ə.Özərən Azərbaycanla Türkiyə arasındakı təlim-tərbiyə əlaqələrinin möhkəmləndirilməsi və inkişaf etdirilməsində göstərdiyi xidmətlərə və qayğıkeşliyə görə səfir F.Bağırova Çağ Öyrətimin xüsusi  diplomunu təqdim edib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF