I qrup imtahanında ən yüksək nəticə göstərən Əli Əliyev


Bu il ali məktəblərə qəbul imtahanları zamanı I qrup üzrə 4 abituriyent test kitabçasındakı 125 sualın hamısına düzgün cavab verərək 700 bal toplayıb. Bunlardan biri də 287 saylı Zəkalar liseyinin məzunu Əli Əliyevdir. Əli digər 700 bal toplayan abituriyentlərdən fərqlənir. Belə ki, o, tam orta təhsil haqqında attestatı imtahan vermədən, ANS telekanalında yayımlanan "Ağıl dəryası" yarışmasından əldə edib. Qazandığı uğurlarla yanaşı, Əli təhsil aldığı müddətdə bir sıra çətinliklərlə də üzləşib. Bunu onun öz dilindən eşidək:
  
   - 2000-ci ildə Xətai rayonundakı ingilis dili təmayüllü 27 saylı orta məktəbin birinci sinfinə getmişəm. Burada 8-ci sinfə qədər oxuduqdan sonra təhsilimi 287 saylı Zəkalar liseyində davam etdirmişəm. Bu günə qədər rayon və respublika üzrə keçirilən müxtəlif olimpiada və müsabiqələrdə ilk yerləri qazanmışam. İlk uğurum 6-cı sinifdən başlayıb. Həmin il riyaziyyat fənni üzrə keçirilən olimpiadada fərqlənmə sertifikatı almışam. Daha ciddi uğurlarım isə Zəkalar liseyinə gəldikdən sonra oldu. Burada təhsil aldığım müddətdə televiziya kanallarında yayımlanan "Virtual rinq", "Xəmsə", "Ağıl dəryası" yarışmalarında, Araz kursunun həyata keçirdiyi müxtəlif müsabiqələrdə göstərdiyim yaxşı nəticələri qeyd edə bilərəm. Xatırladım ki, "Ağıl dəryası" verilişinin şərtlərinə görə, bu verilişdə iştirak edib, birinci yeri qazanan abituriyentə tam orta təhsil haqqında attestat verirlər. Sevindirici haldır ki, mən də bu yarışmada birinci yeri qazandığm üçün 11-ci siniflər üçün nəzərdə tutulan attestat imtahanını vermədən, tam orta təhsil haqqında attestatı əldə etmişdim. Bu il respublika üzrə keçirilən riyaziyyat olimpiadasında da 4-cü yeri qazanmışdım. Amma təəssüflər olsun ki, məktəbi qızıl medalla bitirməyə layiq olduğum halda, təhsil aldığım məktəbdən mənim namizədliyimi irəli sürmədilər.
   ....
 

   - Niyə məhz Zəkalar liseyini seçdiniz?
  
   - Düzünü desəm, bu liseydə oxumaq fikrim yox idi. Riyaziyyat fənnindən bir az çətinliyim olduğu üçün repititor yanına getməyi planlaşdırmışdım. Valideynlərimin istəyi ilə Zəkalar liseyində işləyən riyaziyyat müəlliminin yanına getdim. Bir müddət keçdikdən sonra müəllim məni öz sinfinə götürməyi təklif etdi. Beləliklə, valideynlərim ilə məsləhətləşdikdən sonra bu liseydə oxumaq qərarına gəldim.
  
   - Niyə məktəb sizin namizədliyinizi irəli sürmədi, bunun səbəblərini bilmirsiniz?
  
   
- Saxtakarlıq oldu. Bununla bağlı dəfələrlə təhsil aldığım liseyin direkoru ilə mənim aramda mübahisələr yaşandı. Direktorun "mən buna layiq olduğum halda, niyə qızıl medal ala bilmirəm" sualıma cavabı "bilirəm ki, sən buna layiqsən. Sən mənim gözümdə medalçısan, amma..." olub. Bundan başqa, min bir bəhanə eşidirdim. Bəlkə də direktordan asılı olmayan səbəblər vardı. Bir sözlə, mənə qarşı haqsızlıq oldu. Amma məndən buna görə pul istəməmişdilər. Məktəbimizdən 2 nəfərin medala namizədliyi irəli sürülmüşdü. Ümumiyyətlə, belə haqsızlıqlar təkcə məndən deyil, mənimlə bir sinifdə oxuyan yoldaşlarımdan da yan keçməyib.
  
   - Haqsızlıqlar səni ruhdan salmırdı?
  
   
- (Gülür) Əksinə, mübarizə əzmimi daha da artırırdı... Amma valideynlərim deyirlər ki, medal sadəcə dəmir parçasıdı. Ona görə də mən medalın arxasınca düşmədim...
  
   - Qəbul imtahanlarına hazırlaşmaq üçün repititor yanına getmisən?
  
   
- Bəli, 11-ci sinifdən başlayaraq 5 fəndən repititor yanına getmişəm.
  
   - Sənin fikrincə, heç bir repititor yanına getmədən orta məktəb dərsliklərini dərindən mənimsəyib, qəbul imtahanlarından yüksək nəticə əldə etmək olarmı?
  
   
- Məncə, hər şey uşağın özündən asılıdır. Əgər şagird planlı şəkildə hazırlaşarsa, yüksək nəticə əldə edə bilər. Düzünü desəm, mən repititor yanına getməsəydim 700 balı toplaya bilməzdim.
  
   - TQDK-nın həyata keçirdiyi sınaqlarda necə nəticə göstərirdin? Ümumiyyətlə, sınaqlardan heç 700 bal yığmışdın?
  
   
- Bu il TQDK-nın həyata keçirdiyi bütün sınaqlarda iştirak etmişəm. Həmişə iştirak etdiyim sınaqlarda 600-dən yuxarı bal toplamışam. Ən yüksək nəticəni, axırıncı sınaqdan əldə etmişdim. Bu sınaqdan 696 bal yığmışdım.
  
   - Səncə, qəbul imtahanında uğur qazanmaq üçün daha çox nələrə diqqət yetirmək lazımdır?
  
   
- Yarışlarda çox iştirak etmişəm. Müəllimlərim də həmişə deyirdi ki, yarışlarda nə qədər çox iştirak etsəniz, bir o qədər özünüzü bərkidəcəksiniz. Həqiqətən də bu belədir. Bu gün 700 bal toplamağımın əsas səbəbini yarışlarda iştirak edərək, bunun nəticəsində də özümü psixoloji hazırlamağımda görürəm. Məncə, imtahanda ciddi uğur qazanmaq üçün ilk növbədə şagird özünü imtahana psixoloji cəhətdən hazırlamalıdır. Həyəcan olmamalıdır. Əgər həyəcan olmursa, hər şey öz axarında gedir. Bir də imtahana hazırlaşan şagirdin özünə inamı olmalıdır. Yaxınlarım məndən 700 bal gözləyirdi. Onların etimadını doğrultmaq məsuliyyəti həyəcanımı artırırdı. Fürsətdən istifadə edib müəllimlərimə və valideynlərimə, bir sözlə uğur qazanmağımda əziyyəti olan hər bir kəsə öz təşəkkürümü bildirirəm.
  
   - Təhsilini harda davam etdirmək istəyirsən?
  
   
- Kompyuter mühəndisliyinə böyük həvəsim var. Təhsilimi xaricdə davam etdirmək istərdim. Hələlik Azərbaycanda təhsilimi Qafqaz Universitetində davam etdirmək fikrindəyəm.
  
   - Dərsliklərdə hər hansı bir səhvlərlə rastlaşmısan?
  
   
- Məncə, Azərbaycan təhsilində problemli məsələlərdən biri də dərsliklərdə olan çatışmazlıqlar və səhvlərdir. Ən çox vaxt ayırdığım dərslərdən biri fizika olub. Bu dərslikdə dəfələrlə müxtəlif səhvlərə rast gəlmişəm. Müəllimlər də bizimlə razılaşırdılar, elə sinifdə kitabımızın üzərində karandaşla düzəlişlər aparırdıq. Ümid edirəm ki, dərsliklərdəki səhvlər yaxın zamanda aradan qaldırılacaq.
  
   - Azərbaycan təhsilində daha hansı problemləri görürsən? Nələri dəyişdirmək istərdin?
  
   
- Əvvəlcə, savadsız müəllimlər məktəblərdən uzaqlaşdırılmalıdır. Məktəbdə oxuduğum müddətdə elə müəllimlərə rast gəlmişəm ki, şagird həmin müəllimdən dəfələrlə çox bilir. Belə bir müəllimin məktəbdə dərs deməsi nə dərəcədə məqsədəuyğundur? Keçən illərdə bizim bir Azərbaycan dili və ədəbiyyat müəllimimiz vardı. Sual verəndə lal-dinməz adamın üzünə baxırdı. Şükürlər olsun ki, həmin müəllimi sinifdən uzaqlaşdırmağa nail ola bildik. Attestat imtahanları şəffaf keçirilməlidir. Reallıqda isə bu belə deyil. Əksər uşaqlar imtahana telefon aparırlar və rahat-rahat ondan və yaxud müxtəlif köməklərdən istifadə edirlər. Düzünü desəm, əslində attestat imtahanının keçirilməsini heç məqsədəuyğun hesab etmirəm...
   
Cəfər Mənsimi

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF