“ŞAHİNLƏR” HƏRBİ DÜŞƏRGƏSİ BU İL 6-CI DƏFƏ TƏŞKİL OLUNDU

Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərin övladları, rayonun aztəminatlı ailələrindən olan, həmçinin “SOS-Azərbaycan” uşaq kəndində və Quba rayonu Zərdabi qəsəbəsində yerləşən xüsusi Ümumtəhsil İnternat Məktəbində tərbiyə alan 230 nəfər uşaq üçün Quba Özəl Türk Liseyi ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü ödənişsiz “Şahinlər” yay istirahət düşərgəsində 2 həftə ərzində keçən istirahət başa çatmışdır. Düşərgəni Səbayıl rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunları və Quba rayon İcra Hakimiyyəti təşkil edirdi.
Düşərgədə şagirdlər üçün hərbi-səhra çadırı qurulmuş, səhra mətbəxi yerləşdirilmiş, həyətdə Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, ölkədəki ordu quruculuğuna, milli qəhrəman Mübariz İbrahimova, Daxili Qoşunların fəaliyyətinə, bu il 6-cı dəfə təşkil olunan “Şahinlər” hərbi düşərgənin tarixinə həsr olunmuş stendlər asılmışdır. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan etmişdir.
Uşaqların Qubanın görməli yerlərinə, rayonun tarixi guşələrinə, o cümlədən Quba şəhərində kütləvi məzarlığa gəzintiləri təşkil olunmuşdur. İstirahətin 1-ci günü daxili qoşunlar tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilmişdir. Məktəblilər daxili qoşunların Quba şəhərindəki hərbi hissəsində şəxsi heyətin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuş, xüsusi təyinatlı bölüyün məşqələlərinə qatılmışlar.
12.08.2011-ci il tarixdə Quba Özəl Türk Liseyində düşərgənin bağlanışı ilə əlaqədar tədbir təşkil olunmuşdur. Tədbirdə iştirak edən Bakı Şəhər Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Daxili Qoşunların Qərərgah Rəisinin I müavini general-mayor Şahin Məmmədov, Çağ Öyrətim İşlətmələri İdarə Heyətinin Sədri Ənvər Özərən, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin Rəisi Arif Gömleksiz, Səbail rayon İcra Hakimiyyətinin Başçısının I müavini Xalidə xanım Bayramova, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Sona xanım Əkbərova və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün qurulmuş şəraitlə yaxından tanış oldular. Sonra düşərgənin rəisi Faiq Qurbanov düşərgə haqqında qonaqlara məlumat verdi. Tədbirdə çıxış edən natiqlər düşərgə haqqında öz fikirlərini söylədilər. Böyüməkdə olan gənc nəslin yay istirahətlərinin mənalı və səmərəli təşkili, onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi istiqamətində, gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq məqsədi ilə belə düşərgələrin vacibliyi haqqında danışdılar.
Düşərgədə idman yarışlarında qalib gəlmiş, tərbiyəsinə görə fərqlənən bir qrup şagirdə, uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərinə və hərbçilərə medallar və qiymətli hədiyyələr təqdim edildi.
Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdirdilər. Daha sonra qonaqlar Azərbaycan DİN Daxili Qoşunlarının hərbi texnikası və silahları ilə yaxından tanış oldular.

 
 
 
 
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır