Akademik Zərifə Əliyeva adına məktəb


 
Haqqında 
Akademik Zərifə Əliyeva adına məktəb Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşir. Məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə 28 aprel 2008-ci ildə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 85 illik yubileyi ərəfəsində açılıb. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib, məktəbin maddi-texniki bazası ilə tanış olduqdan sonra onun  haqqında xoş sözlər söyləyib.
Məktəb Təhsil Nazirliyinin tabeliyindədir. Təhsil ocağında 2011-2012-ci tədris ilindən X siniflərdə təmayüllər üzrə tədrisin təşkili pilot layihəsi tətbiq edilir. İlk dəfə 2008-2009-cu tədris ilində fəaliyyətə başlayan məktəbdə IX-X siniflərdə təhsil alacaq 700 nəfərə yaxın şagird müsabiqə yolu ilə seçilmişdi. Hazırda tədris ocağında 41 nəfər müəllim 503 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Məktəbin direktoru respublikanın əməkdar müəllimi Məhəbbət Vəliyevadır. Məktəbdə siniflərin təmayüllər üzrə komplektləşməsi şagirdlərin maraq göstərdikləri fənləri daha dərindən öyrənmələrinə imkan verir. Tədris ocağında fundamental və tətbiqi elmlərin tədrisi, bilik yarışlarının keçirilməsi, ölkədaxili və beynəlxalq olimpiadalarda iştirak, xaricdə və respublikanın nüfuzlu ali məktəblərində təhsil almaq  prioritet məsələlərdən hesab olunur. Məktəbin pedaqoji kollektivi öz işində şagirdlərə müstəqil düşünmək,  mühakimə yürütmək,  nəticə çıxarmaq, tədqiqat  aparmaq  kimi  bacarıq və  vərdişlərin  formalaşmasını əsas  tutur.  2009-cu  ildən  məktəb  Təhsil  Nazirliyi  tərəfindən həyata keçirilən "Elektron məktəb" pilot layihəsinə qoşulub. Məktəbin rəsmi saytı  z-aliyeva.edu.az-dır.   
Məqsəd və vəzifələr 
Məktəbin əsas məqsədi milli mənəvi dəyərlərə, yaradıcı təfəkkür və məntiqi yanaşmaya malik gənclərin dünyaya inteqrasiya edilməsi, müstəqil şəxsiyyət kimi formalaşdırılmasından ibarətdir. Təlim-tərbiyə yeni və səmərəli təhsil yanaşmaları, müasir metod və texnologiyalar üzərində qurulur. Məktəbin əsas vəzifəsi cəmiyyətə yararlı, hərtərəfli inkişaf etmiş layiqli vətəndaş formalaşdırmaq, dünyanın qabaqcıl və nüfuzlu ali təhsil müəssisələrində təhsil ala biləcək şagirdlər yetişdirməkdir. Məktəb fundamental və tətbiqi biliklərin öyrədildiyini əsas tutaraq, tədris prosesinin tədqiqatyönümlü olmasına şərait yaradır, şagirdləri yaradıcılığa və axtarışa həvəsləndirir, onların istedadını müxtəlif yollarla üzə çıxarır, nümayiş etdirir və dərsdənkənar təlim imkanlarını genişləndirir. Şagirdlərdə vətənpərvərlik, səmimilik, dözümlülük, tolerantlıq, xalqa məhəbbət duyğuları tərbiyəsi ön plana çəkilir, dövlətçilik prinsiplərinin qorunması hər bir şagirdə aşılanır. 
Maddi-texniki baza 
Akademik Zərifə Əliyeva adına məktəb 840 yerlikdir və bir korpusdan ibarət üçmərtəbəli binada yerləşir. Məktəbdə 41 sinif otağı, multimedia və  fənn kabinetləri, fizika və kimya laboratoriyaları, 4 kompüter otağı, müəllimlər otağı, kitabxana, yeməkxana, idman  zalı mövcuddur.  Sinif otaqları, laboratoriyalar və idman zalı müasir avadanlıqlarla tam təchiz olunmuş, süni örtüklü futbol, voleybol və basketbol meydançaları şagirdlərin ixtiyarına verilmişdir. Bununla yanaşı, məktəbin geniş və işıqlı informasiya resurs mərkəzi,  dərslik, elmi və bədii ədəbiyyatla zəngin kitabxanası vardır. Məktəbdə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin xətti ilə resurs mərkəzi yaradılıb. Mərkəzdə toplanan zəngin kitab bazasından müəllim və şagirdlər istifadə edir.
Məktəbdə akademik Zərifə Əliyevanın adını əbədiləşdirmək məqsədilə xatirə zalı yaradılmışdır. Zalda görkəmli oftalmoloqun həyat və yaradıcılığını, ictimai fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş olunur. Bununla yanaşı, zalda ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fotoşəkillərindən ibarət  stendlər yaradılmışdır. Tədris ocağına qəbul olunan şagirdlərin məktəb həyatı məhz bu xatirə zalından başlanır. Şagirdlər görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış olur, haqqında  ətraflı məlumatlar əldə edirlər. Bir vaxtlar Zərifə xanım Əliyevanın devizi olmuş "Günəştək olaq" ifadəsi bu gün təkcə şagirdlərin yox, ümumiyyətlə məktəbin həyat devizinə çevrilmişdir. Xatirə zalında bir çox müxtəlif tarixi günləri və əlamətdar hadisələri əks etdirən fotoşəkillər də mövcuddur.
Akademik Zərifə Əliyevanın yubileyi ərəfəsində məktəbin şagirdləri bu şəxsiyyətin həyatını ətraflı tədqiq edir, onun həm həkim, həm də bir vətəndaş kimi fəaliyyətini əks etdirən təqdimatlar hazırlanır, mövzu ilə bağlı inşa yazı müsabiqələri keçirilir. 
Tədris və təlim-tərbiyənin təşkili 
Məktəb birnövbəlidir. Qəbul müsabiqə yolu ilə keçirilir və siniflər riyaziyyat-texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət fənləri təmayülləri üzrə komplektləşdirilir. Məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Məktəbin strukturu IX-XI siniflərdən ibarətdir. Tədris  ili iki yarımilliyə  bölünür. Dərslər qoşa saatlarla tədris olunur. Şagirdlərin bilik səviyyəsini yoxlamaq üçün mikrosummativ və makrosummativ qiymətləndirmə testləri, mövzu və bölmələr üzrə şifahi sorğu, müxtəlif fənlər üzrə layihə işlərinin müdafiəsi və sinifdən-sinfə keçid imtahanları keçirilir. Qiymətləndirmə 5 ballıq sistemlə aparılır. I və II yarımilin sonunda şagirdlər yekun imtahanı verirlər. Bundan başqa, şagirdlərin əldə etdiyi biliklərin səviyyəsini yoxlamaq üçün dekabr və aprel aylarında aralıq imtahanları - Məktəbdaxili Qiymətləndirmə Testləri (MQT) keçirilir. Testlərə hazırlıq məqsədi ilə xüsusi seminarlar, məsləhət saatları təşkil edilir. MQT -nin nəticələrinə əsasən hər bir sinfin, fənnin,  müəllimin,  şagirdin müvəffəqiyyət faizləri hesablanır, reytinq cədvəlləri hazırlanır və yüksək bal toplamış 6 şagird təqaüdə layiq görülür. Tətil müddətində şagirdlər üçün mühazirə və seminarlar təşkil olunur.
Məktəbdə şagirdlərə vətənpərvərlik və insani keyfiyyətləri aşılamaq məqsədilə sistemli tədbirlər keçirilir. Hər il akademik Zərifə Əliyevanın doğum günü ərəfəsində ənənəvi olaraq keçirilən "Sağlam həyat" aksiyası çərçivəsində Respublika Talassemiya Mərkəzində qanvermə, Gözdən Əlil Uşaqlar üçün Respublika İnternat Məktəbində təşkil olunan tədbirlər şagirdlərə əlavə stimul verir. Bundan başqa, aksiya çərçivəsində şagirdlər böyük alimin həyat və yaradıcılığını dərindən öyrənmək məqsədilə tədqiqat işi aparır və layihələrin müdafiəsi keçirilir. 2011-ci ildə keçirilən ənənəvi "Sağlam həyat" xeyriyyə  aksiyasında  məktəbin şagird və müəllim heyətinin vəsaiti hesabına ehtiyacı olan xəstələrə dərman preparatları paylanmışdır.
Məktəbdə keçirilən  tədbirlərdən biri də 28 May-Respublika gününə həsr olunmuş "Biz hamımız Mübarizik" adlı hərbi-vətənpərvərlik yarışıdır. Bu yarışların təşkilatçısı məktəbin gənclərin çağırışaqədərki hazırlıq üzrə rəhbəri, Milli Ordunun ehtiyatda olan zabiti Qılman Eyvazov şagirdlərin vətənə layiqli əsgər kimi yetişdirilməsində mühüm rol oynayır.  Fiziki tərbiyə müəllimləri İslam Rəhimov, Svetlana Məmmədova, Sudef Quliyev və Tamella Səlahətdinovanın təşkil etdikləri "Məktəb, ailə,  idman"  yarışları böyük maraq doğurur və bununla da ailələrlə məktəb arasında bir körpü yaranır. Əlamətdar  günlərin tədbirlər planı əsasında təşkil olunaraq keçirilməsi əsas vəzifələrdən hesab edilir.
Məktəbin ümumi fəaliyyətindəki üstünlüklərindən biri də ali məktəblər və müxtəlif dövlət qurumları ilə sıx əməkdaşlıq etməsidir. BDU-nun, AMEA-nın Radiasiya İnstitutunun, Dövlət Neft Şirkətinin laboratoriyalarında kimya, biologiya və fizika fənləri üzrə aparılan təcrübələr, Milli Məclisin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, İnformasiya və Texnologiya İnstitutunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BP şirkətinin iş prinsipi ilə tanışlıq şagirdlərin peşə seçiminə, praktik biliklərə yiyələnməsinə kömək edir.
Məktəbdə riyaziyyat  müəllimlərinin seminarları təşkil olunur. Dərslik müəlliflərinin də qatıldığı bu seminarlarda müəllimlər şagirdlərin ənənəvi olaraq çətin mənimsədiyi mövzular üzrə maraqlı çıxışlar edirlər. Bu çıxışlarda həmin mövzuların tədrisi metodikası haqqında müxtəlif baxışlar ortaya qoyulur, dərslikdə onların  işıqlandırılması vəziyyəti müzakirə olunur. Müzakirələrin nəticəsində meydana çıxan səmərəli təkliflər dərsliklərin təkmilləşdirilməsi məqsədilə növbəti nəşrlərdə nəzərə alınır. Dərsliklərin həmmüəllifi professor Məmməd Yaqubovun və  digər məktəblərin riyaziyyat müəllimlərinin iştirakı bu seminarların işini daha da maraqlı edir. Şagirdlər riyaziyyat seminarlarındakı müzakirələrdən çox faydalanırlar.
Riyaziyyat olimpiadalarına maraq göstərən şagirdlər üçün həftədə bir dəfə iki saatlıq seminarlar təşkil olunur. Bu seminarlarda şagirdlər dərsliklərdən kənar riyaziyyat dünyası ilə tanış olmaq imkanı əldə edirlər. Bəzən dərslər iki və ya üç müəllim tərəfindən aparılır. Siniflərarası riyaziyyat yarışmaları da şagirdlərin marağına səbəb olur. Rəqib komandaya qalib gəlmək arzusu şagirdləri saatlarla öz üzərlərində işləməyə vadar edir ki, bu da nəticədə məktəbin ümumi uğuruna gətirib çıxarır.
Məktəbdə ənənəvi olaraq "ustad dərsləri" təşkil olunur. Bu dərslərə şagirdlərin göstərdiyi maraq akademik Zərifə Əliyeva adına məktəbin müəllimlərinin öz sənətinə bağlı, riyaziyyatın incəliklərinə bələd mütəxəssislər olduğunu göstərir.
Məktəbin tarix kafedrasının müəllimlərinin təşəbbüsü ilə  təşkil olunan virtual konfranslar artıq ənənə halını almışdır. Belə ki, əlamətdar  günlərə həsr olunmuş tədbirlərdə məktəbin müəllim və şagirdlərinin iştirakı ilə digər məktəblərlə onlayn əlaqə yaradılaraq fikir mübadiləsi aparılır, şagirdlərin sərbəst şəkildə fikirləri dinlənilir. 20 Yanvar və Xocalı faciəsi, 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbirlərdən sonra şagirdlər müxtəlif dillərdə tərtib etdikləri bəyanatları bir çox xarici ölkələrdəki ictimai təşkilatlara və digər qurumların elektron ünvanlarına göndərirlər.
Məktəb daim Təhsil Nazirliyi tərəfindən diqqətdə saxlanılır. Təhsil naziri Misir Mərdanov məktəbdə baş verən prosesləri izləyir, məktəbin tədbirlərində iştirak edir, tapşırıq və tövsiyələr verir.
Məktəbdə olan xarici qonaqlar Ankara şəhər Təhsil İdarəsinin müdiri Kamil Aydoğan, İSESKO-nun baş katibi  Əbdüləziz bin Osman Əl Tüveycri, Belarusun təhsil naziri  Aleksandr Radkov, İNTEL Şirkəti İdarə Heyətinin sədri Kreyq Barret və başqaları məktəbin strukturu və fəaliyyəti ilə yaxından tanış olmuş və məktəb haqqında xoş sözlər söyləmişlər. 
Pedaqoji kollektiv 
Məktəbdə yüksək peşəkarlığı ilə seçilən 41 müəllim fəaliyyət göstərir. Müəllimlərdən Mehriban Vəliyeva, Kamran Rəhimov, Samirə Məsimova, Elxan Əmirbəyov elmlər namizədi, Ələddin Məmmədli, Aygün Əzizova, Samirə Bəktaşi, Mehriban Vəliyeva, Rüfət Rizayev, Zemfira Məhəmmədova, İradə Səmədova, Aynur Hüseynova isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləridir.
Məktəbin direktoru Məhəbbət Vəliyeva əməkdar müəllim fəxri adına, Aygün Əzizova və Ələddin Məmmədli isə "Tərəqqi" medalına layiq görülmüşlər. Bununla yanaşı, məktəbin müəllimlərindən Samirə Bəktaşi, Aygün Əzizova dərsliklərin qiymətləndirilməsində,  Elmira Musayeva və Dürrə Hidayətzadə isə monitorinq və qiymətləndirmə ilə bağlı işçi qrupunda fəal iştirak etmişlər. Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə məktəbdə İNTEL "Gələcək üçün Təhsil", "Elektron məktəb" layihələri, interaktiv löhvə ilə tədris təlimləri, "Öyrədənlərin öyrədəni" fənn kurikulumlarının tətbiqi kursu, "Şagirdlərdə idraki qabiliyyətlərin inkişaf etdirilməsi vasitələri" layihəsi çərçivəsində treninqlər keçirilmişdir. Bundan başqa, müəllimlərdən Aygün Əzizova Şimali Kiprdə, Natalya  Qurbanova Ukraynanın Soçi şəhərində, Samirə Bəktaşi, Dürrə  Hidayətzadə və Rəna Süleymanova Türkiyədə, İradə Səmədova və Aynur  Hüseynova isə Kanadada təşkil olunan treninq və tədbirlərdə iştirak edərək sertifikatlar almışlar. 
İKT-nin tətbiqi 
Məktəbdə informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq edilir, bütün fənn müəllimlərinin və şagirdlərin keyfiyyətli təhsil alması üçün hərtərəfli imkanlar yaradılıb. Hazırda məktəbdə 33 proyektor, 75 stolüstü kompüter (PC), 27 noutbuk, lisenziyalı proqram təminatı, 8 interaktiv qurğu, WI-FI zonası mövcuddur. Fiberoptik İnternet və intranet yüksəksürətli şəbəkədən müəllim və şagirdlər gündəlik istifadə edirlər.  Bu zəruri avadanlıqların olması məktəbdə artıq bir ildir ki,  elektron jurnalın istifadəsini təmin etmişdir. Məktəbdə İKT üzrə savadlılığın artırılması məqsədilə mütəmadi olaraq treninqlər keçirilir. Şagird və müəllimlər ilboyu dərs prosesində digər məktəblərdə keçirilən tədbirləri veb kameralar vasitəsi ilə izləyirlər. Şagirdlər müəllimlərlə daim onlayn əlaqədədirlər. Məktəbdə elektron dərslər qurulur,  müəllimlərin tapşırıqları elektron poçt vasitəsi ilə təhlil edilir. Elektron "qaynar xətt" mövcuddur ki, bu da şagirdlərdə fikirlərini müstəqil ifadə etmək imkanı yaradır, rəhbərliyə daxil olan şikayət və təkliflər obyektiv araşdırılır.  İnformasiya texnologiyaları məktəbdə effektiv  alətlər kimi müəllimlərin yardımçısıdır və təhsilin inkişafına  xidmət edir. Bunun nəticəsidir ki, innovativ müəllimlər müsabiqəsində iştirak edən pedaqoji kollektivin üzvləri yüksək yerlər tutaraq  mükafatlandırılmışlar.   Şagirdlərin bu sahəyə marağı və həvəsi onların müxtəlif müsabiqələrdə iştirak etməsinə zəmin yaradır. Məsələn, 2009-cu ildə 10 nəfər IX-XI sinif şagirdi "Gənc kompüter istedadları" respublika müsabiqəsində müxtəlif nominasiyalar üzrə I, II və  III yerlərin qalibləri olmuşdur. 2010-2011-ci il "Elektron təhsil" respublika müsabiqəsində isə müəllim və şagirdlər maraqli, peşəkar və öyrədici proqramlar tərtib edərək müxtəlif  mükafatlara layiq görülmüşlər.
Şagirdlərə informatika dərslərində proqramlaşdırma dilinin tədris olunması,  nəticədə onların "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında mühəndislik kateqoriyasında uğurlu iştirakına gətirib çıxarmışdır. Məktəbin İKT profili üzrə direktor müavini Aygün Əzizovanın rəhbərliyi ilə şagirdlərdən Gülnar Rəhimova və Səbinə İsayevanın "DELPHİ" proqramlaşdırma dilində   hazırladıqları  proqram qızıl medala layiq görülüb. Məktəbin şagirdləri informatika fənni üzrə rayon, şəhər və respublika müsabiqələrində I, II və III yerləri qazanmışlar.
İKT-nin tədrisdə tətbiqi, informasiyaların sürətli əldə olunması, virtual müqayisəli dərin biliklərin öyrənilməsi sagirdlərdə özünəinam hissi yaradır, özünüqiymətləndirmə və səhvlərin aradan qaldırılması yollarını aşkar etmək bacarıqları formalaşdırır. Bununla da şagirdlər texnologiyalardan sərbəst istifadə edir və gələcək fəaliyyətlərini  düzgün müəyyənləşdirirlər. Görülən işlərin məntiqi kimi son iki ildə məktəbin məzunlarından Qasım Qasımzadə, Toğrul Cəlallı, Rəsul Axundov, Nərgiz Məmmədli, Könül Əliyeva, Səbinə İsayeva, Fariz Hüseynli, Kənan Osmanlı, Nazilə Əlibəyli, Əli Qənbərov və Dadaş Ələkbərov yüksək ballarla respublikanın və dünyanın nüfuzlu universitetlərinə kompüter ixtisası üzrə daxil olublar.
2009-cu ildə akademik Zərifə Əliyevanın doğum günü ərəfəsində məktəbin fənlər üzrə inteqrativ dərsləri Təhsil Nazirliyinin rəsmi (edu.gov.az) saytında birbaşa canlı yayımlanmışdır.  
Nailiyyətlər 
Görülən işlər, aparılan islahatlar və yeniliklər nəticəsində məktəbin uğurları günü-gündən artır. Məktəbin yaranmasından cəmi üç il keçməsinə baxmayaraq, istər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında, istərsə də olimpiadalarda və müsabiqələrdə şagirdlər uğurla iştirak edərək yüksək nəticələr əldə etmişlər. Məktəbin direktoru Məhəbbət Vəliyevanın və pedaqoji kollektivin gərgin əməyi və yüksək təşkilatçılıq bacarıqları nəticəsində məktəb ictimaiyyət arasında böyük nüfuz qazanmışdır. 2009-2010-cu tədris ilində məktəbi bitirən 48 məzundan 47 nəfəri respublikamızın və dünyanın nüfuzlu ali təhsil müəssisələrinə daxil olmuşdur. Məzunlardan 6 nəfəri ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplamış,  8 nəfəri isə xarici ölkələrin universitetlərinə daxil olmuşdur.
Məktəbin 2010-2011-ci tədris ilində əldə etdiyi uğurlar isə daha ürəkaçandır. Belə ki, bu il məktəbi bitirən 173 məzunun hamısı qəbul imtahanlarında yüksək nəticə göstərmiş və tələbə adını qazanmağa nail olmuşdur. Bunlardan 20 nəfəri xarici ölkələrin, 153 nəfəri isə respublikamızın ali təhsil müəssisələrinə daxil olub. Məzunlardan 4 nəfəri xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil alırlar. Məzunların 41 nəfəri 600-dən, o cümlədən 15 nəfəri 650-dən yuxarı bal  toplayıb.  XI sinif şagirdləri Lalə Əhmədova, İlkin Hüseynzadə və Səbinə İsayeva 2011-ci ildə keçirilən "İNEPO AVRASİYA" Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının qalibi olmuş və Təhsil Nazirliyi tərəfindən keçirilən mərkəzləşdirilmiş buraxılış  imtahanlarından azad edilmişlər. Olimpiadanın qalibi olan şagirdlər onlara göstərilən etimadı doğrultmuşlar. Belə ki, qəbul imtahanlarında Səbinə İsayeva  680 bal, İlkin Hüseynzadə 660 bal, Lalə Əhmədova isə 655 bal toplayaraq ali məktəblərə daxil olmuşlar. Builki məzunlardan məktəbi qızıl medalla bitirmiş Mətanət Məmmədli (695 bal), Aydın Həsənli (690 bal), Məryəm Hüseynova (685 bal), Səbinə İsayeva (680 bal) və Qüdrət Həsənli (675 bal) göstərdikləri yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmüşlər.
Məktəbin uğurları bunlarla bitmir. Şagirdlər ölkədaxili və beynəlxalq miqyaslı olimpiadalarda, yarışlarda, konfranslarda iştirak edərək  diplomlarla təltif olunmuşlar. Məktəbin şagirdləri komanda şəklində 2009-cu ildə Rusiyanın Moskva şəhərində keçirilən "Beynəlxalq intellektual oyunlar"  yarışmasında I yerə, 2010-cu ildə Gürcüstanda keçirilən "Gənc ekoloqlar" beynəlxalq turnirində  III yerə layiq görülmüş, İEARN  təşkilatının dəstəyi ilə Türkiyə və Kanadada keçirilən beynəlxalq konfranslarda iştirak edərək diplomlarla təltif olunmuşlar.
Məktəbin şagirdləri respublika fənn olimpiadalarında və inşa müsabiqələrində, idman yarışlarında oxuduqları təhsil ocağının adını şərəflə qoruyurlar. 
Məktəbin məzunu Kənan Əliyev qılıncoynatma üzrə idman ustalığına namizəd, bir neçə beynəlxalq turnirin qalibi, qılıncoynatma üzrə milli komandanın üzvüdür.
Təhsil ocağının şagirdləri "Araz" kurslarının Bakı şəhəri üzrə keçirdiyi "Bilik yarışı"nda II yerə, Bakı şəhəri Yasamal rayonu Gənclər və İdman İdarəsinin keçirdiyi XXII spartakiadada I dərəcəli diploma layiq görülmüşlər. 
Şagird Parlamenti 
Şagirdlərin fəal həyat tərzinə alışdırılması, onlarda liderlik keyfiyyətlərinin və idarəetmə mədəniyyətinin formalaşdırılması məqsədilə  7 dekabr 2010-cu il tarixində akademik Zərifə Əliyeva adına məktəbdə "İrəli " İctimai Birliyinin dəstəyi ilə Sagird Parlamenti yaradılmışdır. ŞP-nin tərkibinə məktəb psixoloqunun hazırladığı xüsusi testin nəticələri və demokratik seçki əsasında seçilmiş IX-XI sinif  şagirdləri daxil edilib. Namizədlər arasından idarəçilik, liderlik qabiliyyətinə malik olan, fikrini müstəqil və sərbəst ifadə edən, təlimdə yüksək göstəricilər qazanan 25 şagird seçilmişdir. ŞP-nin deputatı təyin edilən bu şagirdlər  həm məktəb daxilində, həm də onun hüdudlarından  kənarda şagird kollektivinin mənafeyini müdafiə edərək qarşılarına qoyulan vəzifələri yerinə yetirirlər.
Müxtəlif tarixi günlərlə bağlı "İrəli" İctimai Birliyinin təşkil etdiyi tədbirlərdə də ŞP-nin üzvləri fəal iştirak edirlər.  24 aprel  qondarma erməni soyqırımı günü, erməni lobbisinin  millətimiz haqqında yaydığı dezinformasiyaya cavab  olaraq parlamentin üzvləri bunun böyük  yalan olması  ilə bağlı məktubları Avropanın müxtəlif nüfuzlu dövlət  adamlarının elektron  ünvanlarına  göndərmişlər.
Şagird Parlamentində təhsil, mədəniyyət, turizm və idman məsələləri, beynəlxalq əlaqələr, mətbuat xidməti, hərbi-vətənpərvərlik, intizam, təftiş və büdcə üzrə 7 daimi komissiya fəaliyyət göstərir. Komissiyaların səmərəli işi  nəticəsində ŞP hər bir şagirdin hüquqlarının qorunmasına, ehtiyaclarının təmin olunmasına xidmət edən sağlam demokratik mühitin yaranmasına nail olmuşdur.
Məktəbin rəhbərliyi və pedaqoji kollektivi yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
 Məktəb 2011-2012-ci tədris ilinə böyük ruh yüksəkliyi ilə başlayıb. Əldə olunan nailiyyətləri artırmağı qarşısına məqsəd qoyan məktəb rəhbərliyi ilə pedaqoji kollektiv yeni uğurlar qazanmaq üçün imkanlarını səfərbər edirlər.   
* Məktəbin məzunlarından 28 nəfəri dünyanın nüfuzlu ali məktəblərində təhsil alır. 
* Məktəbin məzunlarından 5 nəfəri Prezident təqaüdçüsüdür.
* Məktəbin şagirdi Məmmədli Mətanət məktəbi qızıl medalla bitirərək 695 balla ATU-ya qəbul olunmuşdur.
* Məktəbin 2 şagirdi "İNEPO AVRASİYA" Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının qalibi olmuş, qızıl medala layiq görülmüşdür.
* Məktəbin məzunu Kənan Əliyev qılıncoynatma üzrə idman ustalığına namizəd, bir neçə beynəlxalq turnirin qalibi, qılıncoynatma üzrə milli komandanın üzvüdür.
* Məktəbin müəllimlərindən 6 nəfəri elmlər namizədi, 1 nəfər əməkdar müəllimdir, 2 nəfər "Tərəqqi" medalına layiq görülmüş, 8 nəfəri isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur.
 
¹ Adı, soyadı qrup Topladığı bal Tədris müəssisəsinin adı İxtisasın adı
1. Məmmədli Mətanət IV 695 Azərbaycan Tibb Universiteti Müalicə işi
2. Həsənli Aydın I 690 Azərbaycan Dövlət Neft Akademiyası Neft-qaz mühəndisliyi
3. Hüseynova Məryəm IV 685 Azərbaycan Tibb Universiteti Müalicə işi
4. İsayeva Səbinə I 680 M.V.Lomonosov adına MDU Bakı filialı Riyaziyyat və kompüter elmləri
5. Həsənli Qüdrət I 675 Qafqaz Universiteti Neft-qaz qurğuları mühəndisliyi
6. Hüseynli Fariz I 672 Qafqaz Universiteti Kompüter mühəndisliyi
7. Abdullayev Şəmi II 670 AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Menecment
8. Ələkbərov Şamil I 665 Qafqaz Universiteti Mexanika mühəndisliyi
9. Mustafayev Fərhad I 661 Azərbaycan Dövlət Neft Akademiyası Neft-qaz mühəndisliyi
10. Xəlilli Xəlil II 661 Qafqaz Universiteti Dünya iqtisadiyyatı
11. Xələfli Ayşən I 660 Qafqaz Universiteti Kimya mühəndisliyi
12. Hüseynzadə İlkin I 660 Qafqaz Universiteti İnformasiya texnologiyaları və sistemləri müh.
13. Əsgərli Ceyhun II 660 Qafqaz Universiteti Biznesin idarə edilməsi
14. Əliyeva Nərmin II 647 Qafqaz Universiteti Biznesin idarə edilməsi
15. Nəbiyeva Lalə II 647 AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Beynəlxalq münasibətlər
16. İbrahimov Adil I 647 Azərbaycan Dövlət Neft Akademiyası Neft-qaz mühəndisliyi
17. Abbasova Şəbnəm IV 644 Azərbaycan Tibb Universiteti Müalicə işi
18. Novruzov Kamil I 641 Azərbaycan Dövlət Neft Akademiyası Neft-qaz mühəndisliyi
19. Cəfərova  Leyla IV 641 Azərbaycan Tibb Universiteti Müalicə işi
20. Əliyeva Nərmin III 639 Bakı Dövlət Universiteti Hüquqşünaslıq
21. İsmayılzadə Seyidibrahim IV 636 Azərbaycan Tibb Universiteti Stomatologiya
22. Əhmədova Lalə I 635 Bakı Dövlət Universiteti Riyaziyyat
23. Xəlilli Nərmin III 634 Azərbaycan Dillər Universiteti Tərcümə (rus dili – ingilis)
24. Süleymanov İsmayil I 632 Azərbaycan Dövlət Neft Akademiyası Neft-qaz mühəndisliyi
25. Ağayeva Rəfiqə III 632 M.V.Lomonosov adına MDU Bakı filialı Filologiya
26. Təhməzli Mərdan I 630 Azərbaycan Dövlət Neft Akademiyası Neft-qaz qurğuları mühəndisliyi
27. Cəbrayılov Nicat III 630 Bakı Dövlət Universiteti Hüquqşünaslıq
28. Piriyeva Zülfiyyə I 628 Bakı Dövlət Universiteti Riyaziyyat
29. Dadaşova Nəzrin III 628 Bakı Dövlət Universiteti Hüquqşünaslıq
30. Abdulkərimov  Elvin IV 627 Azərbaycan Tibb Universiteti Müalicə işi
31. Nəzirli Elmar III 625 Bakı Dövlət Universiteti Hüquqşünaslıq
32. Cəfərli Azadə III 617 Azərbaycan Dillər Universiteti Tərcümə (rus dili – ingilis)
33. Əhmədova  Aytən I 617 Azərbaycan Dövlət Neft Akademiyası Kompüter elmləri
34. Rüstəmov Raul II 616 Bakı Dövlət Universiteti İqtisadiyyat
35. Səfərli Nuray IV 612 Azərbaycan Tibb Universiteti Müalicə işi
36. İmrani Fəridə III 611 Bakı Dövlət Universiteti Hüquqşünaslıq
37. Rəfili Aysel III 609 Azərbaycan Dillər Universiteti Tərcümə (Azərbaycan dili-ingilis)
38. Əhmədov Binyamin II 609 Azərbaycan Turizm İnstitutu Beynəlxalq münasibətlər
39. Seyfəddinli Turkel III 608 Bakı Dövlət Universiteti Hüquqşünaslıq
40. Abbasov Pərviz II 608 AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Menecment
41. Hüseynov Fərid II 604 AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Beynəlxalq münasibətlər
 
Niyazi RƏHİMOV

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF