“İndi hamı “Qafqaz”dan danışır”


Qafqaz Universitetində 2011-2012-ci tədris ilinin başlanması və “Bilik günü” münasibətilə tədbir keçirilib. Tədbirdə  “Qafqaz”ın tədris işləri üzrə prorektoru prof. Cihan Bulut öz çıxışında ümummilli lider Heydər Əliyevin təhsilimizin inkişafına daim böyük önəm verdiyini və bu siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
 

 Daha sonra “Bilik günü” münasibətilə tədbir iştirakçılarını təbrik edən Cihan bəy qeyd edib ki, bu il “Qafqaz”a 600 nəfər tələbə qəbul olunub: “Onlardan 153 nəfəri müvafiq qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. Bu il “Qafqaz”a qəbul olunmuş tələbələrdən 25-i Prezident təqaüdünə layiq görülüb (Xatırladaq ki, bu təqaüdə ölkə üzrə 102 nəfər tələbə layiq görülüb). Məlumunuz olduğu kimi, bu il ali məktəblərə keçirilmiş imtahanlarda 4 nəfər (Cahandar Camallı, Əli Əliyev, Ləman Məmmədova, Xavər Feyzullayeva) ən yüksək nəticə - 700 bal toplayıb. Onların dördü də “Qafqaz”ı seçib. Ötən il isə 700 bal toplamış 7 nəfərdən 4-ü bizim təhsil müəssisəsini seçmişdir”. O, “Qafqaz”ın uğurunu bu təhsil müəssisəsinin rektoru, hazırda İtaliyanın Boloniya şəhərində keçirilən mötəbər bir tədbirdə iştirak edən Əhməd Saniçin bu sözləri ilə izah edib: “Tələbələrimiz “Qafqaz”ı diplom üçün deyil, təhsil üçün seçirlər”. Onun sözlərinə görə, elə bu amil 1993-cü ildən fəaliyyətə başlamış “Qafqaz”ın bu gün təhsilimizin öncüllərindən olmasından xəbər verir. Cihan bəy bu etimada həmişə sadiq qalacaqlarını bəyan edib.
“Çağ” Öyrətim Şirkətinin 1991-ci ildə - Azərbaycan öz müstəqilliyini elan edər-etməz, Türkiyədən gəlmiş iş adamlarının dəstəyi ilə bir qrup maarifçi tərəfindən təşkil edildiyini və fəaliyyətə başladığını vurğulayan “Cağ”ın prezidenti Ənvər Özərən bu məsələdə ümummilli lider Heydər Əliyevin danılmaz xidmətləri olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu məsələ ilə bağlanmış müqavilə iki qardaş ölkə arasında bağlanmış ilk sənəddir.
Ötən illərdə əldə olunmuş nəticələrdən söz açan Ənvər bəy: “Qafqaz”ın tələbəsi olmaq indi hər bir gəncin arzusudur”, - deyib: O, “Qafqaz”ın daha bir uğurundan da söz açıb: “QS World University Rankings-2011” reytinqinə görə Qafqaz Universiteti dünyanın 700 ən yaxşı universitetinin siyahısına daxil olub. Universitet  bu siyahıda 601-ci yerdə qərarlaşıb. Siyahının müəyyən edilməsi üçün müxtəlif ölkələrin 2919 universiteti haqqında məlumat təhlil edilib”. Onun sözlərinə görə, bu yaxınlarda Parisdə keçirilən YUNESKO-nun son konfransında hazırda dünyada 20 min ali məktəbin mövcud olduğu qeyd edilib: “Top-700ə düşmək dünyada 4 faiz təşkil edən elitar universitetlərin siyahısına daxil olmaq deməkdir”. (Qeyd edək ki, “QS World University Rankings” (təsisçisi Böyük Britaniyadan Quacquarelli Symondsdur) və ARWU-500 (Academic Ranking of World Universities, Şanxay Universitetinin Ali Təhsil İnstitutu tərəfindən tərtib olunur) universitetlərin reytinqlərini müəyyənləşdirən dünyanın ən nüfuzlu beynəlxalq qurumlarıdır). Əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik edən Özərən gənclərə təhsildə uğurlar arzulamaqla yanaşı, “Azərbaycanı qarşıya qoyulmış hədəfə birgə daşımalıyıq”, - deyib.
 Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru Əjdər Ağayev isə çıxışına bu sözlərlə başlayıb: “İndi hara gedirsən, “Qafqaz”dan söz açırlar. Buradakı halallıqdan, dürüstlükdən, təhsilə verilən önəmdən söz açırlar. Bu mənada burada hər bir tələbənin arzu etdiyi şərait var. Belə bir təhsil ocağında kim oxumaq istəməz ki?”
Daha sonra Prezident təqaüdünə layiq görülmüş tələbələrə “Texnikabank”ın adından kompyuterlər təqdim edən bu müəssisənin İdarə Heyətinin sədr müavini Ədalət Babayev çalışdığı müəssisənin belə bir təhsil ocağı ilə əməkdaşlıq etməsindən qürur duyduğunu dilə gətirib. 700 ballılar isə bu məktəbi seçməkdə onun beynəlxalqmiqyaslı göstəricilərini də əsas götürdüklərini bildiriblər. Digər 21 nəfərə isə hədiyyələri “Azerfon”un nümayəndəsi Elşad Fərzəliyev verib. O, öz çıxışında “Qafqaz”n bitirənlərin ölkəmizə “Nobel” mükafatı qazandıracağını da əminliklə dilə gətirib.
Tədbir “Qafqaz”ın tələbələrinin maraqlı konsert proqramı ilə davam edib.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=40396

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır