“QAFQAZ” BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNDİRİR


Təhsil ocağı - Türkiyənin Süleyman Dəmirəl Universiteti və Gürcüstanın Caucasuz İnternational University (Qafqaz Beynəlxalq Universiteti) ilə əməkdaşlıq edəcək.
Dünən bu əməkdaşlıqları özündə əks etdirən anlaşma memorandumları imzalanıb. Sənədləri Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, Süleyman Dəmirəl Universiteti rektoru Hasan İbicioğlu və Qafqaz Beynəlxalq Universitetinin rektoru Kakhaber Kordzaia imzalayıblar.

Ölkəmizdə fəaliyyət göstərən Qafqaz Universitetində keçirilən imzalanma mərasimində bu təhsil ocağının rektoru Əhməd Saniç bildirib ki, istər Türkiyənin Süleyman Dəmirəl Universiteti, istərsə də Gürcüstanın Qafqaz Universiteti dünyanın tanınmış təhsil ocaqlarıdır. Bu təhsil ocaqlarını hər il yüzlərlə məzun bitirir və onlardan xarici ölkələrdə də çalışanlar var. Onun sözlərinə görə, memorandumlar bu təhsil ocaqları arasında hərtərəfli əməkdaşlığa imkan verəcək. Gürcüstanda fəaliyyət göstərən “Qafqaz”ı özünün rəhbərlik etdiyi təhsil ocağının “adaşı”, Süleyman Dəmirəl Universitetini Mustafa Kamal Atatürkün aydınçılıq, çağdaşlıq ideyalarına həmişə sadiq qalan məktəb adlandıran rektor bu anlaşmaların gələcək perspektivlərə vəsilə olacağını əminliklə dilə gətirib. O, həm də bu imzalanma gününün “Qafqaz”ın önəmli günlərindən biri kimi tarixə qovuşacağını söyləyib.

Kakhaber Kordzaia öz çıxışında bu təhsil ocaqlarının simalarında Gürcüstanın yeni tərəfdaşlar qazandığını bildirib. O, bu anlaşmalardan qürur duyduğunu dilə gətirib. Gələcək əməkdaşlıqlara toxunan Süleyman Dəmirəl Universitetinin rektoru Hasan İbicioğlu isə anlaşma çərçivəsində tələbə-müəllim mübadilələri aparılacağını da bildirib. Onun sözlərinə görə, qarşılıqlı əməkdaşlıq bu ali təhsil ocaqlarına dünya miqyasında öz bəhrəsini verəcək. O, ölkəmizin təhsil sistemində “Qafqaz”ın önəmli rol oynadığını xüsusi vurğulayıb. Bu mənada o, “Qafqaz”ın adının Azərbaycanın təhsil tarixində qızıl hərflərlə yazılacağını əminliklə dilə gətirib.

Qeyd edək ki, tədbir çərçivəsində Türkiyənin Süleyman Dəmirəl Universiteti və Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında da əməkdaşlıq memorandumu imzalanıb. Tədbirin sonunda hər iki qonağa “Qafqaz”ın Fəxri plaketi təqdim olunub.
http://simsar.az/news/a-11557.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF