Ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadasının qalibləri mükafatlandırıldı

Oktyabrın 15-də Təhsil Nazirliyində ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadası qaliblərinin  mükafatlandırılması mərasimi keçirildi.
Mərasimi Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov giriş sözü ilə açaraq bu günlər ölkəmizin hər yerində, bütün müəssisə və təşkilatlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı tədbirlər keçirildiyini, xoş təsadüfdən ali məktəb tələblərinin  XVI Respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasiminin də bayram ərəfəsinə düşdüyünü qeyd edib, zala toplaşanları bayram münasibəti ilə təbrik etdi.
Nazir müstəqilliyimizin 20 illik tarixinə qısa nəzər salaraq bu illər ərzində ölkəmizin böyük inkişaf yolu keçdiyini, həyatın bütün sahələrində uğurlar qazanıldığını, bütün bunların əsasının isə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra qoyulduğunu bildirdi.  Qeyd etdi ki, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi potensialının gücləndirilməsi sahəsində işlər sonralar davam etdirilmiş, 2003-cü ildən başlayaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə çoxşaxəli, geniş və əhatəli quruculuq işləri görülmüşdür. Nəticədə son illər ərzində Azərbaycan əhalisinin yaşam səviyyəsi xeyli yüksəlmiş, ölkədə yoxsulluğun səviyyəsi bir neçə dəfə aşağı düşərək minimuma enmişdir.
Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artdığını vurğulayan nazir təkcə son bir neçə gün ərzində Avropanın iki nüfuzlu dövlətinin başçısının ölkəmizə səfərə gəlməsinin, cənab Prezidentin təşəbbüsü ilə keçirilmiş Beynəlxalq Humanitar Forumunun buna bariz sübut olduğunu söylədi.
Müstəqillik illərində təhsil sahəsində də güclü inkişaf baş verdiyini deyən nazir, bu sahədə ciddi islahat yönümlü işlərin görüldüyünü, son illər ölkəmizdə təhsil sahəsini əhatə edən 16 dövlət proqramının həyata keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, məhz atılmış bu ciddi addımlar nəticəsində Azərbaycanda milli təhsil sisteminin əsası qoyulmuş, təhsil sisteminin normativ-hüquqi bazası yaradılmış, infrastrukturu tamamilə yeniləşdirilmişdir. Uşaq bağçalarından tutmuş ali məktəblərədək ölkənin bütün təhsil müəssisələrində maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində çox ciddi işlər görülmüş, son 10 ilin ərzində 2160 ümumtəhsil məktəb binası, əlavə tədris korpusu tikilmiş, təmir edilmiş və yenidən qurulmuşdur. Bütün ali məktəblərin binaları əsaslı təmir olunaraq, avadanlıqlarla təchiz edilmişdir.
Son illər ölkəmizdə elmə, təhsilə marağın kifayət qədər artdığını söyləyən təhsil naziri əgər 90-cı illərin əvvəllərində aspiranturaya qəbul üçün heç kəs ərizə vermək istəmirdisə, bu gün doktoranturaya qəbul üçün bir yerə 15-20 adamın ərizə verdiyini bildirdi. Diqqətə çatdırdı ki, hazırda Azərbaycandan kənarda oxuyan azərbaycanlıların sayı 10000-i keçib ki, bunlardan da təxminən 1000 nəfəri dünyanın aparıcı universitetlərində Prezident təqaüdü ilə təhsil alanlardır. Bu iş çox sürətlə irəliləməkdədir. Belə ki, təkcə bu il Prezident təqaüdü əsasında dünyanın aparıcı ali məktəblərinə qəbul olunanların sayı 400-dür. Eyni zamanda bu gün Azərbaycan ali məktəblərində xarici ölkələrdən 7 min gənc təhsil alır.
Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını deyən nazir ölkəmizdə gənclər siyasəti haqqında dövlət proqramının qəbul olunduğunu, istedadlı gənclərin vaxtında aşkara çıxarılması və inkişafı istiqamətində daim məqsədyönlü tədbirlər həyata keçirildiyini, bugünkü mərasimin də məhz belə tədbirlərdən biri olduğunu söylədi.
Sonra nazir ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadası haqqında məlumat verərək bildirdi ki, Təhsil  Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən təşkil olunan olimpiadanın yekun mərhələsi cari il mayın 27-də Azərbaycan Dövlət İqtisad Universitetinin bazasında  keçirilib. 12 fənni (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dilləri) əhatə edən olimpiadanın I turu 28-i dövlət, 8-i isə qeyri-dövlət olmaqla 36 ali məktəbdə keçirilib. Bu turda 1500-dən artıq tələbə iştirak edib, onların 684-ü final turuna vəsiqə qazanıb. 595 tələbə müxtəlif fənlər üzrə olimpiadanın respublika turunda iştirak edib. Azərbaycanın bütün bölgələrinin ali təhsil müəssisələri olimpiadada təmsil olunmuşlar. Onların arasında Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt və Mingəçevir şəhərlərində yerləşən ali təhsil müəssisələri vardır. Bu il Azərbaycan Müəllimlər İnstitutu və onun bölgələrdəki  filialları da bu yarışlarda iştirak ediblər.
Ali məktəb tələbələri arasında ilk olimpiadanın 1994-cü ildə 4 fənn üzrə keçirildiyini və 30 qalibin olduğunu xatırladan təhsil naziri bu işin sonrakı illərdə daha da inkişaf etdirildiyini, fənlərin sayının 12-yə çatdırıldığını, müvafiq olaraq qaliblərin də çoxaldığını diqqətə çatdırdı.
Nazir diqqəti olimpiadanın bəzi nəticələrinə də cəlb edərək bildirdi ki, olimpiadada tələbələr tərəfindən ən böyük maraq Azərbaycan dili və ingilis dili fənlərinə olub. İştirakçılardan 104 nəfəri, yəni 15,2 faizi Azərbaycan dili fənni üzrə, 103 nəfəri, yəni 15 faizi ingilis dili fənni üzrə yarışa qoşulub. Azərbaycan tarixi üzrə iştirak edənlərin sayı  83, riyaziyyat üzrə 75 nəfər, qalan fənlərdən isə 10 faizdən aşağı olub.
Həmişə olduğu kimi bu dəfə də münsiflər heyətinin bu işə çox ciddi və məsuliyyətlə yanaşdığını qeyd edən nazir, onun qərarına görə 12 nəfərin I, 23 nəfərin II, 36 nəfərin III, 43 tələbənin isə həvəsləndirici mükafata layiq görüldüyünü bildirdi.
Qaliblərin ali məktəblər üzrə statistikasını da açıqlayan təhsil naziri müxtəlif fənlərdən I yerə layiq görülənlərin Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Bakı Slavyan Universiteti, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrindən ibarət olduğunu vurğuladı.
Olimpiada qaliblərinə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplomları və pul mükafatlarının verildiyini, I yeri tutan tələbələrə 300, II yerə layiq görülənlərə 150, III yerin sahiblərinə isə 100 manat təqdim olunacağını diqqətə çatdıran nazir qalibləri təbrik etdi, onlara daha böyük uğurlar arzuladı.
Mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik  Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, Azərbaycanın AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov da olimpiada qaliblərinə öz təbriklərini yetirdilər, istedadlarını inkişaf etdirmək üçün uşaq və gənclərə yaradılan şəraitdən, dövlətimizin və onun başçısının təhsilimizə göstərdikləri diqqət və qayğıdan söz açdılar.
Sonra qaliblərə diplomlar və pul mükafatları təqdim olundu. Olimpiadada fərqlənən tələbələr çıxış edərək Azərbaycan gənclərinə göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər, bilik yarışmasının obyektiv və şəffaf keçirildiyini qeyd etdilər. 
Yusif ƏLİYEV

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır