AMEA İTİ-də “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi AİCT2011” V Beynəlxalq konfransın bölmə iclası keçirilmişdir


13 oktyabr 2011-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi AİCT2011” V Beynəlxalq konfransın “Kommunikasiya, şəbəkə və aparat təminatı” mövzusunda bölmə iclası keçirilmişdir. Tədbirdə Türkiyə, Böyük Britaniya, İsveç, İran, Gürcüstan, Ukrayna, Qırğızıstan, o cümlədən Azərbaycandan - Qafqaz Universiteti və AMEA İTİ-dən olan alimlərin məruzələri dinlənilmişdir.

Azercell Telecom şirkətinin mütəxəssisi Kamran Ağayev “Oracle verilənlər bazasında məlumatın nüsxəsinin alınması və bərpa olunması” mövzusunda məruzə ilə çıxış etmişdir. O, məlumat itkisinin statistik göstəricilərindən söhbət açaraq məlumat bazasını itirən şirkətlərin 45%-nin tam olaraq, 51%-nin yaxın 2 il ərzində fəaliyyətini dayandırdığını, yalnız 6 %-nin bağlanma ehtimalının olduğunu bildirmişdir. İnsan faktoru, proqram təminatı xətası, kompyuter virusu və təbii fəlakətlərin məlumat itkisinə səbəb olan amillərdən olduğunu qeyd etmişdir. Məruzəçi verilənlər bazasında (VB) əsas məsələnin Parameter, Control, Data, Redo log fayllarının qorunması və bərpa edilməsi olduğunu bildirərək faylların itməsinin qarşısını almaq üçün görülən tədbirlər haqqında məlumat vermişdir. K.Ağayev verilənlər bazasının dublikatının yaradılması, VB-nin fərqli platformaya köçürülməsi, FlashBack texnologiyalarının funksiyaları və üstünlükləri haqqında danışmışdır.

Tədbirdə dünya şöhrətli “Ericsson” şirkətinin Türkiyə üzrə nümayəndəliyinin mütəxəssisi Dəniz Koylu “Genişzolaqlı mobil texnologiyaların təkamülü”, Qafqaz Universitetindən Əli Şahintaş - “Tibbi bioloji tədqiqatlarda statistik modelləşdirmə və informasiya texnologiyalarının tətbiqi”, Tbilisi Dövlət Universitetindən Zurab Jikia - “Universitetdə NOAH e-idarəçilik”, Təbriz UniversitetindənSəid Paşazadə - “Naqilsiz sensor şəbəkələri üçün iki səviyyəli zaman sinxronizasiya sistemi”, o cümlədən AMEA İTİ-dən texnika elmləri üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov - “Hesablama buludları texnologiyaı əsasında paylanmış hesablama mühitlərinin yaradılması” və Rəhilə Həsənova “Dünya universitetlərinin vebometrik analizi və beynəlxalq reytinq cədvəlində Azərbaycan universitetlərinin yeri haqqında” mövzularında məruzələrlə çıxış etmişlər.

Qeyd edək ki, həmin gün Bakı Dövlət Universitetində keçirilən bölmə iclası “Təhsil, tədqiqatlar və elmdə informasiya texnologiyaları” mövzusuna həsr edilmişdir. Tədbirdə Stokholm Universitetinin (İsveç) professoru Love Ekenberg, Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru İurii Krak və başqaları jestlər dilinin öyrənilməsi üçün proqram təminatı, insan simasının tanınması, modelləşdirilməsi, gözdən əlil insanlar üçün mətnin nitqə və nitqin mətnə çevrilməsinə dair yaradılan proqram təminatları və s. mövzular üzrə ətraflı məruzə ilə çıxış etmişlər.

Dünyanın nüfuzlu universitet və elmi-tədqiqat mərkəzlərindən olan alimlərin məruzələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
http://ict.az/az/index.php?option=com_content&task=view&id=2062&Itemid=122

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır