Qafqaz Universitetində 29 Oktyabr-Türkiyə Cümhuriyyətinin 88-ci ildönümü qeyd olundu.


30 October, 2011 Qafqaz Universitetində 29 Oktyabr-Türkiyə Cümhuriyyətinin 88-ci ildönümü  qeyd olundu.  Bir gün öncə tədbirin təşkilatçıları-Universitetin Gənc Akademiya klubunun üzvləri Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının və 1918-ci ildə Bakını işğaldan azad edən türk əsgərlərinin məzarlarını ziyarət etdilər.
Tədbir Universitetin foyesində  ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyənin istiqlal mübarızəsindən və ölkənin keçdiyi inkişaf yolundan bəhs edən kadrların nümayişi , ardınca “Türkiyəm”  musiqisinin sədaları altında klub üzvlərinin Türkiyə Cümhuriyyətinin bayrağını canlandırdığı flaşmobun seyr olunması ilə başladı.
Oktyabrın 23-də  Türkiyənin Van vilayətində baş vermiş dağıdıcı zəlzələdə həlak olan insanların, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilərək, Türkiyə Cumhuriyyəti İstiqlal Marşının oxunmasından sonra tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin prorektoru Cihan Bulut Azərbaycan və Türkiyə Respublikalarının qardaşlıq münasibətlərindən danışaraq Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkənin məhz Türkiyə olduğunu vurğuladı.  Azərbaycanda qonaq olan Özyeyin Universitetinin hüquq fakültəsinin dekanı, professor  Yener Ünver öz çıxışında Ulu öndər Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları qardaş ölkələrimiz arasında hər zaman əsas prinsip olduğunu qeyd etdi.
Öz vətənpərvərliyi və türksevərliyi ilə xüsusilə seçilən Azərbaycanın estrada ulduzu Azərinin “ayağa qalx Türk oğlu, türk bayrağı gəlir” çağırışı bütün salonu ayağa qaldırdı. Müğənniyə Qafqaz Universitetindən xatirə olaraq sənət kursları tələbələrinin göz nuru ilə hazırladıqları tablo hədiyyə verildi.




Universitetin özfəaliyyət kollektivlərinin rəngarəng repertuarı ilə davam edən, Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi olan bu tədbir “Türkiyəmiz üçün, Vətənimiz üçün” musiqisinin sədaları altında Gənc Akademiya klubu üzvlərinin Türkiyə bayrağını səhnəyə gətirməsi və Azərbaycan xalqının hər zamankı kimi qardaş Türkiyənin yanında olduğunu nümayış etdirməsi ilə yekunlaşdı.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır