Azərbaycan proqramlaşdırma üzrə beynəlxalq müsabiqəyə hazırlaşır

18 November, 2011
Bakı, 18 noyabr (AzərTAc). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzində ali məktəb tələbələrinin ACM (Association Computing Machinery) beynəlxalq təşkilatının dəstəyi ilə 1975-ci ildən başlayaraq hər il keçirilən proqramlaşdırma üzrə müsabiqədə azərbaycanlı tələbələrin iştirakına həsr olunmuş seminar keçirilmişdir.
İTİ-dən AzərTAc-a bildirmişlər ki, tədbirdə Təhsil Nazirliyi, AMEA İTİ, Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı, Qafqaz Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və “Bakı” nəşriyyatının nümayəndələri, o cümlədən tələbələr iştirak etmişlər.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev ölkədə informatika üzrə şagirdlər və tələbələr arasında keçirilən olimpiadalar, gənclərin beynəlxalq və regional səviyyəli müsabiqələrdə iştirakından söhbət açmışdır. Bu il Tailandda informatika üzrə keçirilən beynəlxalq olimpiadada Azərbaycan məktəblisinin bürünc medal qazanması və bu nailiyyətin əldə olunması üçün həyata keçirilən kompleks tədbirlərdən danışmışdır. Məktəblilər arasında informatika üzrə keçirilən beynəlxalq olimpiada ilə yanaşı, dünyada hər il informasiya texnologiyaları sahəsində nüfuzlu qurum olan ACM tərəfindən ali məktəb tələbələri arasında təşkil olunan beynəlxalq proqramlaşdırma müsabiqəsinin əhəmiyyətindən və Azərbaycanın bu tədbirdə yüksək səviyyədə təmsil olunmasının zəruriliyindən bəhs etmişdir.
Sonra Qafqaz Universitetinin müəllimi Etibar Seyidzadə ACM qurumu və beynəlxalq proqramlaşdırma müsabiqəsinin təşkili prinsipləri, müvəffəqiyyət əldə etməyin mexanizmləri haqqında ətraflı məlumat vermişdir.
Kiyev Dövlət Universitetinin dosenti Mixail Medvedev Ukraynada informatika üzrə olimpiya hərəkatı, ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş dövlət proqramı, həyata keçirilən tədbirlər və əldə olunmuş nailiyyətlər haqqında məlumat vermişdir. Bu istiqamətdə Azərbaycanla əməkdaşlıq perspektivlərindən, qazanılan təcrübədən söhbət açmışdır.
Təhsil Nazirliyinin təhsilin idarəolunmasının informasiya sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov nazirlik tərəfindən olimpiadalara dəstək istiqamətində aparılan işlərdən söhbət açmışdır. Həmçinin akademiya və digər müvafiq qurumların da bu məsələlərə dəstək göstərmələrinin vacibliyini qeyd etmişdir.
Sonra Azərbaycanın beynəlxalq yarışlarda müvəffəqiyyət qazanması istiqamətində həyata keçirilməsi zəruri olan kompleks tədbirlər ətrafında geniş müzakirələr aparılmış və fəaliyyət prioritetləri müəyyənləşdirilmişdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF