Azərbaycan Proqramlaşdırma üzrə Beynəlxalq müsabiqəyə hazırlaşır

 



AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində ali məktəb tələbələrinin ACM beynəlxalq təşkilatının dəstəyilə 1975-ci ildən başlayaraq hər il keçirilən Proqramlaşdırma üzrə müsabiqədə azərbaycanlı tələbələrin iştirakına həsr olunmuş seminar keçirilmişdir.

Tədbirdə AR Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı, Qafqaz Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və “Bakı” nəşriyyatının nümayəndələri, o cümlədən tələbələr iştirak edirdi.

Seminarı giriş sözü ilə açan AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev informatika üzrə ölkədə şagirdlər və tələbələr arasında keçirilən olimpiadalar, gənclərin beynəlxalq və regional səviyyəli müsabiqələrdə iştirakından söhbət açdı.

Bu il Tailandda informatika üzrə keçirilən beynəlxalq olimpiadada (IOI - International Olympiad in Informatics) Azərbaycan məktəblisinin bürünc medal qazanması və bu nailiyyətin əldə olunması üçün həyata keçirilən kompleks tədbirlərdən söhbət açdı.

Məktəblilər arasında informatika üzrə keçirilən beynəlxalq olimpiada ilə yanaşı, dünyada hər il informasiya texnologiyaları sahəsində nüfuzlu qurum olan ACM (Association Computing Machinery) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunan beynəlxalq proqramlaşdırma müsabiqəsinin əhəmiyyətindən və Azərbaycanın bu tədbirdə yüksək səviyyədə təmsil olunmasının zəruriliyindən danışdı. Sonra Qafqaz Universitetinin müəllimi Etibar Seyidzadə ACM qurumu və beynəlxalq Proqramlaşdırma müsabiqəsinin təşkili prinsipləri, müvəffəqiyyət əldə etməyin mexanizmləri haqqında ətraflı məlumat verdi.

Seminara qonaq qismində dəvət olunmuş Kiyev Dövlət Universitetinin dosenti Mixail Medvedyev Ukraynada informatika üzrə olimpiya hərəkatı, ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş dövlət proqramı, həyata keçirilən tədbirlər və əldə olunmuş nailiyyətlər haqqında məlumat verdi.

Bu istiqamətdə Azərbaycanla əməkdaşlıq perspektivlərindən, qazanılan təcrübədən söhbət açdı. Gələcəkdə institutun nəzdində fəaliyyət göstərən Olimpiya mərkəzində iştirakçılar üçün İnternet üzərindən onlayn mühazirələrin oxunması, yarışların təşkil olunması qərara alındı.

AR Təhsil Nazirliyinin təhsilin idarəolunmasının informasiya sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov Təhsil Nazirliyi tərəfindən olimpiadalara dəstək istiqamətində aparılan işlərdən söhbət açdı. Həmçinin akademiya və digər müvafiq qurumların da bu məsələlərə dəstək göstərmələrinin vacibliyini qeyd etdi. İTİ-nin Olimpiya və Distant mərkəzlərinin böyük imkanlara malik olduğunu vurğuladı.

Ölkə prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində qarşıya mühüm vəzifələrin qoyulduğu bildirildi.

Daha sonra Azərbaycanın beynəlxalq yarışlarda müvəffəqiyyət qazanması istiqamətində həyata keçirilməsi zəruri olan kompleks tədbirlər ətrafında geniş müzakirələr aparıldı və fəaliyyət prioritetləri müəyyənləşdirildi. 


http://ictnews.az/read-6320-news-1.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF