Yüzlərlə fəal bloqçu “Sumqayıt bloq günü”ndə bir araya gələcək


3-4 dekabr tarixlərində Qafqaz Universitetində “Sumqayıt bloq günü” tədbiri keçiriləcək.
Gün.Az-ın verdiyi məlumata görə, Azərbaycanın 100-dən çox fəal bloqçu və sosial media istifadəçiləri Barkamp Azərbaycan və Sağlam Düşüncə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edəcəklər.

“Sumqayıt bloq günü”nün əsas məqsədi ölkə bloqçularını bir yerə toplayaraq internetdə və bloqlarda Sumqayıt şəhəri haqqında maraqlı yazıların artmasına kömək etməkdir. Tədbir zamanı iştirakçılar Sumqayıt şəhəri ilə yaxından tanış olmaqla yanaşı, həm də sosial media və bloqlarla bağlı maraqlı yeniliklərə dair biliklər əldə edə biləcəklər.

Belə ki, iki hissədən ibarət olan tədbirin birinci hissəsində gənclərlə hökumət nümayəndələrinin informasiya texnologiyalarının təhsilə tətbiqi, elektron hökumət və s. mövzular üzrə birgə müzakirələr təşkil olunacaq. Bu müzakirələrdə gənclər onları düşündürən sualları səsləndirməklə yanaşı, dövlət nümayəndələri də Azərbaycanda son illər bu istiqamətdə aparılan işlərlə iştirakçıları tanış edə biləcəklər.

İkinci hissə də isə  iştirakçılar kiçik qruplar şəklində Sumqayıt şəhərinin müxtəlif maraqlı yerlərinə və müəssisələrinə səfərlər edəcək, Sumqayıt ailələrinin evində qonaq olacaq və maraqlı mədəniyyət tədbirlərinə qoşulacaqlar. İştirakçılar gün ərzində gördüklərinə dair hazırladıqları materialları öz bloqlarında yerləşdirərək  “Sumqayıt haqqında yazılmış ən maraqlı bloq yazısı” müsabiqəsində iştirak edərək, mükafatlar da əldə edə biləcəklər.

Tədbirin ikinci günü isə iştirakçıların bloqçuluq fəaliyyətlərini inkişaf etdirə bilmələri üçün müxtəlif paralel təlimlər təşkil olunacaq.

Qeyd edək ki, Sumqayıt şəhərində keçiriləcək “Sumqayıt bloq günü” tədbiri silsilə xarakter daşıyır və gələcəkdə Azərbaycanın digər şəhər və rayonlarında da təşkil olunacağı gözlənilir. “Sumqayıt bloq günü” layihəsi ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Nərmin Əhmədli
Gün.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır