“Anam Azərbaycan” layihəsi məktəblilərə təqdim olundu

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə əməkdar artist Tünzalə Ağayevanın “İrəli” İctimai Birliyinin dəstəyi ilə gənclər arasında milli vətənpərvərlik ruhunun yüksəldilməsinə həsr olunan birgə layihəsi çərçivəsində Qafqaz Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında “Anam Azərbaycan” vətənpərvər albomunun təqdimat mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva uşaqlar, yeniyetmələr və gənclər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasının təbliğinin vacibliyini vurğulayıb. O bildirib ki, vətənpərvərlik işi məhz uşaq bağçasından, məktəblərdən, eləcə də hər bir evdən başlamalıdır.

Əməkdar artist Tünzalə Ağayeva isə məlumat verib ki, “Anam Azərbaycan” layihəsinin ilk təqdimatı “Çeburaşka” uşaq bağçasında keçirilib. Bu da təsadüfi deyil: “Çünki uşaqlar ağ vərəq kimidir, biz onların düşüncəsinə, yaddaşına nə yazsaq, o ruhda, o düşüncədə də böyüyəcəklər”. Tünzalə Ağayeva uşaq bağçasından və məktəbdən sonra universitetlərdə və hərbi hissələrdə də layihənin təqdimatının keçiriləcəyini və disklərin gənclər arasında geniş yayılacağını söyləyib.

Bundan sonra tanınmış müğənni həmin albomda sözləri millət vəkili Qənirə Paşayevaya aid olan “Biz gəlirik” mahnısını ifa edib.

Sonda Azərbaycan-Türkiyə Özəl Liseylərinin Baş İdarəsinin rəisi Arif Gömləksiz vətənpərvərlik ruhunda olan təqdimatların uşaq və yeniyetmələrin iştirakı ilə keçirilməsini müsbət qiymətləndirərək, bu cür tədbirlərin onların yaddaşında xoş iz buraxacağını vurğulayıb. Bu təqdimatın keçirilməsinə görə millət vəkili Qənirə Paşayevaya və əməkdar artist Tünzalə Ağayevaya minnətdarlığını bildirən Arif Gömləksiz onlara mükafat təqdim edib.
“Anam Azərbaycan” diskinə 13 mahnı daxildir, onlardan ikisi instrumental versiyada hazırlanıb. Albomda yer alan bütün mahnıların (“Ölkəm” romansı istisna olmaqla) müəllifi Tünzalə Ağayevadır, mahnıların sözləri isə xalq şairləri Səməd Vurğun və Mirvarid Dilbaziyə, eləcə də Sədaqət Kərimovaya aiddir.
Layihənin adının götürüldüyü “Anam Azərbaycan”, “Biz gəlirik” və “Şəhidim” əsərlərinin sözləri isə millət vəkili Qənirə Paşayevaya məxsusdur. Vətənpərvərlik ruhunda yazılmış mahnılarından ibarət “Anam Azərbaycan” adlı disk pulsuz olaraq uşaq bağçalarına, orta məktəblərə və ali təhsil ocaqlarına paylanılacaqdır.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF