“Yaxşı olardı ki, gənclərimiz ölkəmizdə daha çox ehtiyac duyulan ixtisaslara yiyələnsinlər”

Bu gün yüzlərlə azərbaycanlı gənc dünyanın bir çox aparıcı universitetlərində təhsil alır. Belə gənclərdən biri də Ağdaş Özəl Türk Liseyinin məzunu Orxan Səfərzadədir.
“Gələcək arzularım Azərbaycanla bağlıdır. İxtisasım üzrə yaxşı mütəxəssis olmaq istəyirəm. Təhsilimi başa vurduqdan sonra Vətənimə qayıdıb, burada işləyəcəyəm”,- sözləri ilə söhbətə başlayan Orxan bəy, əvvəlcə, Amerika təhsilindəki müəllim-tələbə münasibətlərindən danışdı: “Müəllim-tələbə münasibətləri çox səmimidir. Hətta tələbə hansı müəllimdən dərs almaq istədiyini də özü müəyyənləşdirir. Bu da təhsilin keyfiyyətinə müsbət təsirini göstərir. Belə ki, tələbələr istədikləri vaxt müəllimlərinə zəng edərək, onları maraqlandıran suallara cavab alırlar”. Xaricdə təhsil almaqla çox bilgilər əldə etdiyini vurğulayan həmsöhbətimizin sözlərinə görə, Amerikada təhsil, bir qayda olaraq, praktikaya, nəzəri biliklərin həyatda tətbiqinə əsaslanır: “Yeri gəlmişkən, bir məsələni də qeyd edim. Amerikada təhsil alan azərbaycanlı tələbələrin məzun olduqdan sonra bir il orada qalıb işləmək imkanları da var. Təbii ki, bu da onlara yiyələndikləri sahələrin mütəxəssisi olmalarında mühüm rol oynayır. Zənnimcə, elə bu səbəbdən xaricdə təhsil alan tələbələrimizin özlərinə inamları daha çoxdur”.
Seçdiyi ali təhsil ocağından razı qaldığını vurğulayan Orxan bəy daha sonra bildirdi ki, Amerika universitetlərinin nüfuzlu olmalarında bu ölkənin təhsil ocaqlarının maddi-texniki bazalarının müasir tələblərə cavab verməsi, eləcə də təhsil sisteminin mükəmməlliyi ilə bağlıdır. Müəllimlərin isə peşəkarlığına söz ola bilməz: “Bizdən fərqli olaraq, orada dərslərlə əlaqəli filmlər nümayiş etdirilir, onların əsasında fikir mübadiləsi aparılır. Onu da deyim ki, dərslər diskusiya şəklində təşkil edilir”.
Orxan bəyin sözlərinə görə, Azərbaycanda da yaxşı mütəxəssis kimi yetişmək mümkündür, buna görə tələbənin öz üzərində mütəmadi çalışması da mühümdür: “Mənim bakalavr səviyyəm, yəni biliyim Strayer Universitetində magistr təhsilimi rahat davam etdirməyimə imkan verir. Yəni mən savadıma görə həmin təhsil ocağında oxuyanlardan heç də geri qalmıram. Hətta mən müşahidələrimə əsasən deyə bilərəm ki, riyaziyyat fənni Azərbaycanda daha güclü tədris edilir. Belə ki, bizim orta məktəbdə keçilən riyaziyyat materialları orada magistr pilləsində tədris edilir. Buna görə də mən tələbə yoldaşlarımdan riyazi savadıma görə fərqlənirəm. Elə bu aspektdən çıxış etsək, Azərbaycanın yüksək səviyyəli müəllim personalının olduğunu deyə bilərik”.
Orxan bəyin sözlərinə görə, ölkəmizdə təhsilin yüksək səviyyədə təşkili üçün güclü potensial da var: “Lakin ənənəvi tədris metodundan uzaqlaşsaq, müəllim-tələbə münasibətlərini düzgün qursaq, daha çox nailiyyətlərə imza atmış olarıq”.
Xaricdə təhsil alan tələbələrin təhsilini bitirdikdən sonra həmin ölkələrdə fəaliyyətlərini davam etdirmələrinə münasibət bildirən Orxan bəy: “Məncə, bu, işsizlik məsələsi ilə bağlı deyil. Belə ki, yaxşı mütəxəssisin Azərbaycanda iş tapmasında problem yoxdur. Yüksək əməkhaqqı məsələsinə gəldikdə, onu deyə bilərəm ki, hər yerdə əməkhaqqı mövcud bazarın tələblərinə uyğundur. Mən bütün xaricdə təhsil alan gənclərimizi təhsillərini bitirdikdən sonra Azərbaycana qayıtmalarını məsləhət bilirəm”. Orxan Səfərzadə xaricdə təhsil almaq istəyənlərə də öz məsləhətlərini verməyi də unutmadı: “Xaricdə təhsil almağa gedən tələbə həmin ölkənin dilini bilməlidir. Digər bir vacib məsələ: yaxşı olardı ki, gənclərimiz bu gün və sabah ölkəmizdə daha çox ehtiyac duyulan sahələr üzrə üxtisaslarını seçsinlər”.
Söhbətinin sonunda Orxan bəy Amerikada fəaliyyət göstərən diasporumuz haqqında da söz açdı. Dedi ki, biz də imkan daxilində bu və ya digər tədbirlərin keçirilməsində yardımçı oluruq. O, ASAİF-in (Xaricdə Təhsil Alan Tələbə və Məzunların Beynəlxalq Forumu) Amerika təmsilçisi olaraq, bir çox ictimai tədbirlər də təşkil etdiklərini söylədi.
“Amerikada çevrənizdə olan insanlar Azərbaycanla bağlı nə qədər məlumatlıdırlar?” sualına isə o, belə cavab verdi: “Demək olar ki, mənim çevrəmdə olan bütün xaricilərin Azərbaycan haqqında, bu yurdun ərazilərinin ermənilər tərəfindən işğala məruz qalmaları ilə bağlı ətraflı məlumatları var”.
Qeyd edək ki, Orxan Səfərzadənin qardaşı Türkiyənin Orta Doğu Texnik Universitetində Beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə təhsil alır. Orxan bəy qardaşının ona verdiyi bilgilərə əsasən, Türkiyədə də dünyada müvəffəqiyyət qazanmış təhsil sisteminin mövcud olduğunu qeyd etdi.
Məlumat üçün bildirək ki, Orxan Səfərzadə Göyçay rayonunda dünyaya gəlib. Həkim ailəsində böyüyən Orxan 3 saylı məktəbdə, daha sonra isə Ağdaş Özəl Türk Liseyində təhsil alıb. Liseyi fərqlənmə ilə bitirib. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinə daxil olub. 2010-cu ildən isə TOEFL (Test of English as a Foreign Language) proqramı ilə Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda yerləşən Strayer Universitetinin maliyyə ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirir.
Elvin Əliyev   

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF