“Araz” uğurlarla kifayətlənmək istəmir

Fəaliyyətə başladıqları ilk gündən təhsil ictimaiyyətinin diqqətini özünə çəkməyə müvəffəq olan “Çağ” Öyrətim İşlətmələri nəzdində fəaliyyət göstərən “Araz” kursları test təcrübəsini çox uğurla tətbiq edir.
 “Araz” kursları təkcə kəmiyyət deyil, keyfiyyət prinsipini əsas tutaraq, hər il öz abituriyentləri ilə yüksək nailiyyətlər əldə edir. Odur ki, ali məktəblərə hazırlıq deyərkən, ilk olaraq ağla “Araz” kursları gəlir. Bu kimi uğurlara imza atmaq məqsədi ilə “Araz” mütəmadi yeni layihələrlə çıxış edir. Onlardan biri də “Araz”ın 8 və 9-cu sinif şagirdləri arasında ən güclüləri ortaya çıxarmaq, onları ictimaiyyətə tanıtmaq məqsədilə hər il təşkil etdiyi “Bilik yarışı”dır.
Ötən şənbə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının və “Çağ” Öyrətim İşlətmələrinin 20 illiyinə həsr olunmuş həmin bilik yarışının qaliblərinin mükafatlandırma mərasimi keçirildi. “Müasir Azərbaycan və “Çağ” Öyrətim” adı altında təşkil olunmuş tədbirdə çıxış edən “Araz” kursları Baş İdarəsinin rəisi İrfan Uzundemir dedi ki, bu yarışda 3242-si 8, 4981-i isə 9-cu sinif olmaqla 8223 şagird öz biliyini nümayiş etdirib: “Onlardan hər qrup üzrə yüksək bal toplayanlar bölgələrimizdəki “Araz” Kurslarının keçirdiyi tədbirlərdə mükafatlandırılıblar. Bugünkü tədbirə isə daha yüksək nəticə əldə etmiş 53 nəfər şagird dəvət olunub”. O daha sonra dedi: “Onların nailiyyətlərinə sevinmək, yeni qələbələrə ruhlandırmaq hər birimizin mənəvi borcudur. Biz bu yolda üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq və bundan sonra da belə layihələrlə təhsil ictimaiyyətini sevindirəcəyik”. Onun sözlərinə görə, 20 il öncə Bakı şəhərində - cəmi bir  kursla bünövrəsi qoyulan “Araz” kursları hazırda respublikamızın 10 müxtəlif şəhər və rayon mərkəzlərində 12 kursla fəaliyyətini uğurla davam etdirir: “Kurslarımızın məzunları 20 ildə 46 dəfə ən yüksək nəticə əldə edib, 113 məzunumuz Prezident təqaüdünə layiq görülüb, ümumilikdə 1235 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Həmçinin onu da fəxrlə qeyd edə bilərik ki, kurslarımızda ali məktəblərə hazırlaşmış 8 dinləyicimiz maksimum nəticə göstərərək 700 bal toplayıb. Qazandığımız uğurlar bizi sevindirir, ancaq bu uğurlarla kifayətlənmək fikrində deyilik”.
Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Halis Koyunçuoğlu öz çıxışında “Çağ”ın ölkəmizə gəlişindən və bu məsələni gerçəkləşdirən Heydər Əliyevdən söz açdı. Bildirdi ki, məhz o, Azərbaycanla Türkiyə arasında, sözün həqiqi mənasında, təhsil körpüsü saldı. Çünki o, yaxşı bilirdi ki, millətin gələcəyi təhsildən asılıdır. Heydər Əliyev bu məktəblərin fəaliyyətində önəmli rol oynadı. Odur ki, biz onun bu xidmətlərini həmişə şükranla yad edirik.
Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov son illər ali məktəblərə qəbul prosesində yüksək bal toplayanların sayının artdığını söylədi. O bu prosesdə “Araz”ın müstəsna xidmətləri olduğunu əminliklə vurğuladı.
Qafqaz Universitetinin rektoru Ahmed Saniç bu bilik yarışının qaliblərinin simasında “Nobel” mükafatçılarını gördüyünü dilə gətirdi. Onun sözlərinə görə, bu cür məktəblərdə təhsil alanlar Azərbaycan təhsilinə daha çox uğurlar qazandıracaqlar.
Qeyd edək ki, tədbir çərçivəsində Bakının, eləcə də respublikamızın müxtəlif bölgələrinin 35 məktəb direktoru da mükafatlandırılıb.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=42525

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır