IX “”ANA DİLİMİZİ SEVƏK, SEVDİRƏK!” MÜSABİQƏSİNİN QALİBLƏRİ BƏLLİ OLDU-FOTOSESSİYA

Qaliblər layiqli mükafatlarla təltif olundular

Ötən gün Dövlət Akademik Dram Teatrında Respublika Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələri Şirkəti tərəfindən birgə keçirilən 21 fevral-Beynəlxalq Ana Dili Gününə həsr edilmiş IX “Ana dilimizi sevək, sevdirək!” müsabiqəsinin yekun mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirildi. 
Tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa, ziyalılar, ictimai xadimlər iştirak edirdilər. Tədbirin aparıcısı əməkdar artist Əkbər Əlizadə tamaşaçıları salamlayaraq, giriş sözü ilə çıxış etdi: “Artıq ənənəyə çevrilmiş “Ana dilimizi sevək, sevdirək!” müsabiqəsi bi il doqquzuncu dəfə Respublika Təhsil Nazirliyinin və “Çağ” Öyrətim İşlətmələri Şirkəti tərəfindən birgə olaraq keçirilir. Bugünkü tədbir bizim üçün olduqca əlamətdar bir dövrə-“Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20-ci ildönümü ilə üst-üstə düşür və bir daha bizə Unudulmaz Ümummilli Liderimiz Heydər Əliyevi xatırladır. O, həm dilimizin qorunmasının, inkişafının, zənginliyinin yorulmaz mübarizi, həm də “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Fəxri Baş Müəllimi, müdafiəçisi, inkişafetdiricisi idi. Biz onun bu xidmətlərini şükranla yad edirik”. 
Bu sözlərdən sonra Ə. Əlizadə Ümummilli Lider Heydər Əliyevin və dilimizin inkişafında xidmətləri olan dünyasını dəyişmiş görkəmli şəxslərin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükut elan etdi. Sonra Dövlət Himni səsləndi. Dövlət Himninin ardından aparıcı müsabiqənin yekun mərhələsinədək keçən yolu qısa xatırlatma verməyə Müsabiqə Təşkilat Komitəsi adından çıxış etmək üçün səhnəyə “Çağ” Öyrətim İşlətmələri Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksizi dəvət etdi. A.Gömləksiz müsabiqə haqda danışdıqdan sonra, müsabiqə iştirakçılarına ruh yüksəkliyi vermək üçün bunları dedi: “Əziz dostlar, əziz şagirdlər! Müsabiqə, adından da göründüyü kimi, bir yarışdır. Xeyirli işlərdə yarışmaqda isə məğlublar, uduzanlar olmur”. 
A.Gömləksiz onu da bildirdi ki, münsiflər heyəti tərəfindən seçiləcək qaliblər iyun ayında Türkiyədə keçiriləcək Türk dili Olimpiadası çərçivəsində təşkil olunacaq Azərbaycan dili festivalında iştirak etmək hüququ qazanacaqlar.
Daha sonra aparıcı dilimizin bizlərə nə qazandırdığını vizual olaraq xatırlatmaq üçün tamaşaçıların fikrini böyük ekranda yayımlanacaq qısa sənədli filmə yönəltdi. Filmin nümayişindən sonra aparıcı müsabiqənin hansı kateqoriyalar üzrə keçirildiyini xatırladıb, münsiflər heyətinin təqdimatını etdi. 
Münsiflər heyətinin tərkibində “Qafqaz” Universitetinin Azərbaycan dili kafedrasının müdiri, görkəmli tənqidçi, filologiya elmləri doktoru, professor Akif Hüseynli, “Qafqaz” Universitetinin pedaqoji fakültəsinin dekan müavini , filologiya elmləri üzrə fəlsəfə doktoru İslam Hüseynov, Respublikanın xalq artisti Nürəddin Mehdixanlı, Respublikanın əməkdar artisti Lalə Məmmədova, Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, müğənnilər Rüstəm Zeynallı, Ayaz Qasımov və nəğməkar şairə Sevinc Şirin var idi. Sonra müsabiqənin iştirakçıları bir-bir səhnəyə çıxıb, hazırladıqları şer və mahnı nömrələrini tamaşaçılara təqdim etdilər. Münsiflərin verdiyi ballar nəticəsində sonda qaliblər bəlli oldu.
Müabiqənin birinciləri qrammatika kateqoriyası üzrə Gəncə şəhəri 22 saylı orta məktəbin şagirdi Mirhəsən Məcidli, inşa kateqoriyası üzrə Şəki şəhəri 18 saylı orta məktəbin şagirdi Şəlalə Salamova, internet səhifəsi hazırlamaq kateqoriyası üzrə Bakı şəhəri Dədə Qorqud Azərbaycan-Türkiyə Özəl Liseyinin şagirdi Yaqub Şükürov, şeir kateqoriyası üzrə Gəncə şəhəri 39 saylı orta məktəbin şagirdi Tünzalə Allahverdiyeva, mahnı kateqoriyası üzrə Ağdaş rayonunun Tofiqi kənd orta məktəbinin şagirdi İsmayıl İsgəndərov olub, qızıl medal, diplom və pul mükafatı ilə təltif edildilər. 
Müsabiqənin ikinciləri qrammatika kateqoriyası üzrə Mingəçevir şəhər liseyinin şagirdi Sumayə Məmmədova, inşa kateqoriyası üzrə Qusar şəhəri 1 saylı orta məktəbin şagirdi Əminə Cəfərova, internet səhifəsi hazırlamaq kateqoriyası üzrə Mingəçevir Azərbaycan-Türkiyə Özəl Liseyinin şagirdi Elmi Əhmədov, şeir kateqoriyası üzrə Sumqayıt şəhəri 23 saylı orta məktəbin şagirdi İlham Quliyev, mahnı kateqoriyası üzrə Bakı şəhəri İncəsənət Gimnaziyasının şagirdi Əli Əliyev olub, gümüş medal, diplom və pul mükafatı ilə təltif edildilər. 
Üçüncü yerə isə qrammatika kateqoriyası üzrə Bakı Azərbaycan-Türkiyə Özəl liseyinin şagirdi İlham Zülfüqarlı, inşa kateqoriyası üzrə Mingəçevir şəhəri 3 saylı orta məktəbin şagirdi Kəmalə Mustafayeva, internet səhifəsi hazırlanması kateqoriyası üzrə “Qafqaz” özəl gimnaziyasının şagirdi Turac Abbaszadə, şeir kateqoriyası üzrə Mingəçevir şəhəri 1 saylı orta məktəbinin şagirdi Nigar Bayramova, mahnı kateqoriyası üzrə isə Gəncə şəhəri musiqi məktəbinin şagirdi Zeynəb Abdullayeva layiq görülüb, bürünc medal, diplom və pul mükafatlarına layiq görüldülər. 
Tədbirin sonunda müsabiqənin təşkilatçıları, münsiflər heyətinin üzvləri və qalib iştitrakçılar səhnədə xatirə fotoları çəkdirdilər.
Azər Nəsibov

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır