Taksim xocalılıların tribunasına çevrildi



Ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar olaraq İstanbulun Taksim meydanında keçirilmiş izdihamlı yürüş-mitinqin səs-sorağı hələ uzun müddət kəsilməyəcək. Yalnız ona görə yox ki, aksiyada on minlərlə insan iştirak edib, həm də ona görə ki, bu mitinq Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində atılmış ən böyük və kütləvi addım kimi tarixə düşdü. Bundan başqa, Taksimdəki aksiya Türkiyə-Azərbaycan qardaşlığının növbəti rəmzinə çevrilməsi baxımından da əhəmiyyətlidir.

Azərbaycandan da yüzlərlə insanın - millət vəkillərinin, ziyalıların, iş adamlarının, sənətçilərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi aksiyaya Türkiyənin 35 vilayətindən on minlərlə insan qatıldı. Siyasi və ictimai mövqeyindən, sosial mənsubiyyətindən asılı olmayaraq, hər təbəqənin təmsilçisi Taksimdəydi. Əllərində Türkiyə və Azərbaycan bayraqları dalğalandıran aksiya iştirakçıları Xocalının harayını dünya ictimaiyyətinə eşitdirmək üçün bir yumruq oldular. Orada sağçısı da, solçusu da, dindarı da, dünyəvisi də, varlısı da, kasıbı da “Xocalıya ədalət” dedi.
Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində ən böyük və kütləvi addım fevral ayının 26-da İstanbulun ən möhtəşəm meydanı olan Taksimdə keçirildi. Yürüş-mitinq formatında baş tutan aksiyada erməni faşistlərinin törətdikləri qətliamın yalnız Azərbaycan türklərinə qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı çevrildiyi vurğulandı. Azərbaycan və Türkiyə bayraqlarının bir-birlərinə qarışdığı mitinqdə dünyaya türklük mesajı göndərildi.

Mitinq ərəfəsində qələbəlik
Planlaşdırıldığına görə, mitinq Türkiyə saatı ilə 14:00-da başlamalı idi. Ancaq səhərin erkən saatlarından insanlar qruplar halında Taksimə doğru irəliləməyə başlamışdı. Bəziləri isə Taksim ətrafındakı kafe və çay evlərində mitinqin başlayacağı vaxtı gözləyirdi. Aksiyaya rəsmən start verilməsinə bir saatdan çox vaxt qalmış Taksim meydanına qələbəlik toplanmışdı. Mitinq erkən başlamışdı, nəzərdə tutulan vaxtdan da iki saatadək gec qurtardı.

Bütün Türkiyə mitinqdəydi
Mitinqdə cəmiyyətin bütün təbəqələrindən insanlar iştirak edirdi. Siyasi və ictimai mövqeyindən, dini baxışından, sosial mənsubiyyətindən asılı olmayaraq, hər təbəqənin təmsilçisi Taksimdəydi. Əllərində Türkiyə və Azərbaycan bayraqları dalğalandıran aksiya iştirakçıları ölkəmizin haqq səsini - Xocalının harayını dünya ictimaiyyətinə eşitdirmək üçün bir yumruq oldular. Orada sağçısı da, solçusu da, dindarı da, dünyəvisi də, varlısı da, kasıbı da “Xocalıya ədalət” dedi.

Hökuməti daxili işlər naziri təmsil etdi
Türkiyənin, demək olar ki, əksər siyasi partiyaları mitinqə birbaşa və dolayı yolla dəstək verdilər. İqtidar və müxalifət düşərgəsinin təmsilçiləri Xocalı üçün bütün ölkədaxili siyasi ambisiyalarını kənara qoydular. Şüarlarını da Azərbaycan naminə səsləndirdilər.
İqtidarda olan Ədalət və İnkişaf Partiyasını (AK Partiya) aksiyada daxili işlər naziri İdris Naim Şahin təmsil etdi. Aksiyaçılar qarşısında çıxış edən nazir türk tarixində utandırıcı səhifənin olmadığını söylədi. “Türk milləti həmişə zülmün, zalımın qarşısında, məzlumun isə yanında olub”,- deyən İ. N. Şahinin sözlərinə görə, türklər utanc gətirəcək tarix yaşamayıblar. O, bütün məsələlərdə Türkiyənin Azərbaycanın yanında olduğunu söyləyib: “20 il əvvəl bu gün qaniçənlər, qatillər, mərhəmətsizlər, qorxaqlar Xocalıda 613 insanın - qadın, uşaq, qoca demədən - qanını içdilər. Azərbaycanda axıdılan qan bizim qanımızdır. Bu qan o gündən bəri yerdə qalmadığı kimi bundan sonra da qalmayacaq. O qan o gün axıb, ancaq hesabı bitməyib. O qanın hesabı ədalətlə, hüquqla soruşulacaq. Bu əsr ədalətin, insani dəyərlərin və hüququn üstünlüyünün əsri olacaq”.

Şüarlar dünyanı ədalətə səslədi
Taksimdəki izdihamlı aksiya öz şüarları ilə də yadda qaldı. Yürüş-mitinqdə səsləndirilən və plakatlara yazılan şüarlar Azərbaycan və Türkiyənin bütün problemlərə qarşı birgə mübarizə aparacaqlarının göstəricisi idi. “Hamımız türkük” şüarı bunun bariz nümunəsidir. Bu o deməkdir ki, ermənilərin Xocalıda qətlə yetirdikləri yalnız azərbaycanlılar deyildi, öldürülənlər xocalılı olduğu qədər də istanbullu, ankaralı, izmirli, konyalı, ərzurumlu, ığdırlı, qısacası Anadolu türkü idi. “Hamımız türkük” deyən gənc Xocalı soyqırımının öz ata-anasına, bacı-qardaşına, bibi-xalasına, əmi-dayısına qarşı törədildiyini, onun bu şüurla böyüdüyünü dünyaya nümayiş etdirdi.
“Azərbaycan xalqı tək deyil” şüarı da Türkiyənin arxamızda olmasına işarə vururdu. Türkiyə bundan sonra da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini davam etdirəcəyinə dair on minlər qarşısında zəmanət verdi.
“Xocalıya ədalət” şüarı isə dünyaya səsləniş idi. Bu, demokratiya, haqq-ədalət, insan hüquqları deyən ABŞ, Fransa, İngiltərə, Almaniya və digər ölkələrə göndərilən ismarıcdı.
“Hamımız xocalılıyıq”, “Erməni yalanlarına son”, “Qarabağ bizimdir, bizim qalacaq”, “Erməni cavab verəcək”, “Qəlbimizdə Xocalı”, “Vətən bölünməz, şəhidlər ölməz”...

Nə qədər insan iştirak etdi?
Mitinqlərdə hər kəsi maraqlandıran bir sual olur: “Aksiyada nə qədər insan iştirak etdi?” Ancaq bu mitinqdə insanların sayı o qədər də maraqlı deyildi. (Hərçənd ki, on minlərlə insan nəinki Taksimi, Taksimə gələn küçə və prospektləri də doldurmuşdu) Çünki söhbət qardaşlıqdan gedirdi. Qardaşlar arasında kəmiyyət deyil, keyfiyyət göstəricisi əsasdır.

Azərbaycandakı türkiyəli iş adamları və təhsil işçiləri də Taksimdəydilər
Yürüş-mitinqdə iştirak etmək üçün Azərbaycandan da xeyli sayda insan Türkiyəyə getmişdi. Millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ziyalılar və sənətçilər Taksimdəki aksiyaçılara birbaşa dəstək vermək məqsədilə oradaydılar.
Bir də Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları da sırf öz mövqelərini ortaya qoymaq üçün Türkiyəyə yollanmışdılar. Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) təşkilatçılığı ilə bir qrup sahibkar Taksimdə “Xocalıya ədalət” deyib. Cəmiyyət bundan başqa vaxtilə Azərbaycanda işləmiş türkiyəli iş adamlarını da Taksimə səfərbər etmişdi. Aksiyada iştirak etmiş TÜSİAB-ın İdarə Heyətinin sədri Murad Bakır qəzetimizə açıqlamasında: “Bu cür faciələrin təkrarlanmaması üçün dünya ictimaiyyəti birtərəfli mövqeyindən əl çəkib Xocalı soyqırımına ədalətli, hüquqi qiymətini verməlidir. Biz də cəmiyyət olaraq üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırıq”,- deyib.
Azərbaycanda təhsil sahəsinin markalarından birinə çevrilmiş “Çağ Öyrətim” şirkəti də Taksimdəki yürüş-mitinqin izdihamlı keçməsi üçün əlindən gələn hər şeyi edənlərdən idi. Bu şirkət Türkiyədə tanıdıqları insanları Taksimə toplamaq üçün xüsusi canfəşanlıq göstərməklə yanaşı, Azərbaycandan da xeyli sayda insanın Taksimə getməsini təmin etdi. Şirkətin İdarə Heyətinin sədri Ənvər Özərən də aksiya iştirakçıları arasındaydı. Şirkət hazırda Türkiyədə təhsil alan, həmçinin ali təhsillərini başa vurmuş və iş həyatına atılmış məzunlarını da bu iş üçün səfərbər etmişdi.

Media böyük maraq göstərdi
Aksiyanın möhtəşəmliyi və səmimiliyi Türkiyə mediasının diqqətindən yayınmadı. Bəzi televiziya və agentliklərin canlı yayımladığı yürüş-mitinq qəzetlərdə geniş şəkildə işıqlandırıldı. Bir çox qəzetlər isə aksiya ilə bağlı xəbərləri birinci səhifədən verdi. Bu həftə üçün yazılarını Xocalıya həsr edən köşə yazarları da diqqətdən yayınmadı.
“Zaman” qəzeti həmişə olduğu kimi bu dəfə də Azərbaycanın dərdinə şərik olanların başında gəldi. 1 milyonluq tirajı ilə Türkiyənin ən böyük qəzeti olan “Zaman” nəinki mitinqi işıqlandırdı, mitinqdən əvvəl də elan tipli yazıları ilə oxucularını Taksimə çağırdı. İngilis dilli “Tudeys Zaman” (Today’s Zaman) da Xocalı harayını əcnəbi oxucularının diqqətinə çatdırdı.

613 qara şar...
Mitinqlərdə, adətən, havaya rəngarəng şarlar buraxılır. Bu mitinqdə isə şarların rəngi əlvan deyildi. Qara idi. Sayları da 613. Bu rəqəm Xocalı soyqırımı zamanı qətlə yetirilmiş dinc sakinlərin sayını ifadə edirdi. Qətlə yetirilmiş hər insanın yerinə bir qara şar havaya buraxıldı.

Qətnamə oxundu
Mitinqin sonunda aksiyanın qətnaməsi oxunub. Qətnamədə bu soyqırımı barədə ətraflı məlumat verilməklə yanaşı, cinayətkarların ən qısa zamanda ədalət qarşısında cavab verməli olduğu vurğulanıb. “Bu kimi hadisələrin bir daha təkrarlanmaması üçün cinayətkarlar öz cəzalarını almalıdırlar”,- qətnamədə yazılıb.

Və sonda
Taksimdəki aksiya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını sübut edən növbəti addım oldu. Bu aksiyanın möhtəşəmliyini kənardan seyr edən düşmənlərimiz dövlətlərimizin və xalqlarımızın yumruğa çevrilməsinin qorxu yüklü həyəcanını yaşadılar. Bu mənada Taksim dünyaya birlik və ədalət mesajı verdi...

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır