Xocalı rənglərin dili ilə: Qafqaz Universitetində Xocalı faciəsinin 20 –ci ildönümünə həsr olunan rəsm məşğələsi keçirildi.


20 il gormədiyimiz Xocalı düşüncənizdə  necə canlanır?
Xocalını necə təsəvvür edirsiniz, nəyi xatırlayırsınız?
Xocalını rənglərin diliylə  necə  ifadə edə bilərsiniz?
 Universitetin tələbələrinə ünvanlanan bu sualların cavabları bu gün rənglərin dili ilə ifadə edilirdi. Mədəniyyət şöbəsi Ebru və Dizayn sənəti kurslarının təşkilatçılığı ilə Xocalı faciəsinin 20 –ci ildönümünə həsr olunan rəsm məşğələsi keçirildi. Foyedə qoyulmuş molbertlər qarşısında oturan tələbələr Xocalı faciəsini heç bir zaman görmədiyi Xocalı şəhərini rəsm və rənglərin dili ilə ifadə edirdi. Bu gün bu rəsmlər o faciəni danışır, yurd-torpaq həsrətini əks etdirirdi. Xocalı həqiqətləri bədii obrazlar vasitəsilə canlanırdı.
“Ata və qucağında şəhid olmuş övladı”. Rəsmin qarşısında durarkən sanki bütün həyat donur. İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsinin IV kurs tələbəsi Eşqin Şükürov bu rəsmdə Xocalı həqiqətlərini bədii obrazlar vasitəsilə əks etdirdi. Pedaqoji fakültənin I kurs tələbəsi Firuzə Əkbərovanın yaradıcı təfəkkürünün nəticəsi olan kompazisiya isə dərin düşünülmüş daxili məntiqə əsaslanır:”Gün gələcək Xocalı səması üzərindən qara buludlar dağılacaq.” Aydın və mavi səma ümidlə o günün gələcəyini vəd edirdi. Firuzə Paşabəyli “Bu gün Xocalını nə rəngdə  görürsən ” sualımıza belə cavab verdi.
-“Xocalı sözü dedikdə, təsəvvürümdə  iki Xocalı canlanır. İşğaldan əvvəlki Xocalı daha gözəl və abad, faciə baş verdiyi andan bu günə qədər olan Xocalı isə xarabalıq ”
- Sən hansı Xocalını kətana köçürmək istərdin?
-İşğaldan əvvəlki Xocalını, çünki inanıram ki, o torpaqlar işğaldan azad ediləcək. Xocalılar və düşmən tapdağı altında olan torpaqlar rahat nəfəs alaraq dinc həyatına davam edəcək.
Dizayn kursunun rəhbəri dr. Arzu Məmmədova “Tələbələr nə üçün daha çox qara rənglərdən istifadə edib? sualımıza ”Əsərin hansı çalarda işlənməsi onun məzmunundan asılıdır. Tablonun koloriti isti, yaxud soyuq, yumşaq , yaxud sərt  ola bilər. Bu gün faciənin səbəkarlarına içində qəzəb, nifrət hissi olan tələbələr təbii ki qara rəngə üstünlük verəcəklər” cavabını verdi.
Ruslan Şıxıyevin “Zirehli tank və yaralı körpə”, Günel Babayeva və Səbinə Hacızadənin “Ağla, Qərənfil, ağla” Nərgiz Abdullayevanın “Azadlıq günəşi doğacaq  ” rəsmləri ilə Xocalı dünyası kətana köçürüldü.
Qara fonda qara, geniş açılmış ağlar gözlər və solğun dodaqlar təsvir olunan kompozisiya bölünmüş, parçalanmış rənglər vasitəsilə Odlar yurdunun Xocalı həsrəti ilə yaşayan  sakinini xatırladırdı. Elvin Babayevin “Xocalısız dünya” adlanan kompazisiyası abstrakt düşüncə tələb edir. Rəsmdəki ağlayan gözlərin dərinliyində bir ümid işıltıları görünürdü.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır