“Zaman” təhsilimizin “Qafqaz” zirvəsində


Ötən şənbə qəzetimizin kollektivi Qafqaz Universitetini ziyarət etdi. İki saatdan çox bu ali təhsil ocağında gördüklərimiz və eşitdiklərimiz bizdə böyük qürur hissi doğurdu. 19 yaşlı bu universitet nəinki ölkəmizin, eləcə də dünyanın ən müasir ali təhsil ocaqlarından biri olmaqla yanaşı, həm də Azərbaycan və qardaş Türkiyə arasında bir körpüdür.
“Zaman” ailəsini rəhbərlik etdiyi təhsil ocağında görməsindən məmnun olduğunu dilə gətirən Qafqaz Universitetinin rektoru, tibb elmləri doktoru, professor Ahmet Saniç “Zaman-Azərbaycan”ın hər sayını maraqla izlədiyini və qəzetin səhifələrində tez-tez “Qafqaz”a da yer ayırmasına görə təşəkkür etdi. Rektor yarızarafat, yarıgerçək: “Çox zaman rəhbərlik etdiyim təhsil ocağında keçirilən tədbirlərdən elə “Zaman”la tanış oluram”, - dedi.  “Zaman” Azərbaycana gerçək qəzetçiliyi gətirdi”, - sözləri ilə söhbətini davam etdirən rektor “Zaman”ın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında önəmli rol oynadığını bildirdi. Bunlara rəğmən o, bir arzusunu da dilə gətirdi: “Biz bir oxucu kimi “Zaman-Azərbaycan”ın gündəlik qəzetə çevrilməsini istəyirik”. Ötən ildən universitetdə jurnalistika fakültəsinin fəaliyyətə başladığını vurğulayan rektor bu sahədə “Zaman”ın onlara yardımçı olacağını əminliklə dilə gətirdi.
Daha sonra “Qafqaz”ın fəaliyyətindən ətraflı söz açan rektor bildirdi ki, bu təhsil ocağının təşkilində əsas məqsəd Türkiyə-Azərbaycan qardaşlığını daha da inkişaf etdirməkdir: “Bu məsələdə ümummilli lider Heydər Əliyev önəmli rol oynayıb. Sizə onun bu sözlərini də xatırlatmaq istəyirəm. “Mən sizə güvənirəm, bu universiteti açın”. Əvvəlcə, “Qafqaz”ın “Sovetski”də bir binada fəaliyyət göstərdiyini qeyd edən rektor hazırda Xırdalanda yerləşən universitetin geniş imkanlara malik olduğunu, adının dünyanın öndə gedən ali təhsil ocaqları ilə birgə çəkildiyini vurğuladı: “Biz tələbələrimizin hər cür rahatlığı üçün universitet şəhərciyinin tikintisini də davam etdiririk”.
Əməkdaşlarımızın suallarını cavablandıran Ahmet Saniç dedi ki, hazırda “Qafqaz”da 2 min 600 tələbə təhsil alır. Bunların böyük hissəsini bakalavrlar təşkil edir. Digərləri isə magistratura və doktorantura pilləsində təhsil alanlardır. Onların arasında dünyanın 14 ölkəsinin vətəndaşı da var: “Haradasa 60% tələbəmiz məktəbimizdə tətbiq olunan güzəştlərdən yararlanır. Amma kimisi 10, kimisi 20, kimisi 50 faizə qədər. Yəni tələbə qazandığı uğura görə güzəştdən istifadə edir. Hətta 100 faiz yararlananlar da var”.  Onun sözlərinə görə, tələbənin “Qafqaz”ı seçməsi səbəbsiz deyil, çünki işsiz məzunumuz yoxdur. Bu isə müxtəlif şirkətlərlə əlaqəli çalışmamızın nəticəsidir. Rektor hətta indi “Qafqaz”ı bitirənlərin iş axtardıqlarını deyil, iş yerləri açdıqlarını da dilə gətirdi.
 Pedaqoji kollektivin tərkibi haqqında isə Ahmet Saniç belə dedi: “İşə başladığımız zaman müəllimlərimizin təxminən 90 faizi Türkiyədən və ya  digər ölkələrdən olan insanlar idi. Bu gün isə müəllimlərin 87 faizi azərbaycanlıdır. Onların 75 faizi xarici ölkələrdə təhsil alıb və ya işləyib. Yəni biz savadın arxasınca qacırıq, kim savadlıdır, onu da işə götürürük”. Rektor “Qafqaz”ın dünyanın bir sıra ölkələrinin ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini də dilə gətirdi. Onun sözlərinə görə, “QS World University Ranking-in 2011-ci il üzrə hesabatında universitetlərin beynəlxalq tələbə nisbətinə görə reytinqi hesablanıb. Qafqaz Universiteti beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 ən yaxşı universiteti arasında 64-cü yerdə qərar tutur. Son illər təhsilə göstərilən qayğının artdığını bildirən rektor maraqlı bir məqama da toxundu: “İş adamları artıq “Qafqaz”a dəstək olmaqdadırlar. Bu mənada təhsil sahəmizin Tağıyevləri meydana çıxır desəm, yanılmaram”.
Qəzetimizin redaktoru Ürfan Məmmədli “Qafqaz”ın Azərbaycanın ən reytinqli məktəbi olduğunu vurğuladı. Onun sözlərinə görə, “Qafqaz” artıq təhsilimiz üçün, yaxşı mənada, bir ölçüyə çevrilib. Daha sonra “Qafqaz”da hər gün mütəmadi olaraq bir-birindən maraqlı tədbirlərin keçirildiyini bildirən Ürfan bəy dedi: “Hər gün buradan bir qəzetlik material əldə etmək mümkündür.
 “Qafqaz”ın artıq bölgənin elm mərkəzi kimi tanınmasını vurğulayan “Zaman-Azərbaycan”ın baş direktorunun müavini Osman Uçak bu təhsil ocağına yeni-yeni uğurlar dilədi.
Ali məktəbin auditoriya və laboratoriyaları ilə tanışlıqdan sonra hər il ən yüksək bal toplayan abituriyentlərin niyə “Qafqaz”ı seçmələri bizə bir daha aydın oldu. Çünki bu ali təhsil ocağında tələbələrin seçdikləri ixtisası ən mükəmməl şəkildə qavramaqları, kompyuter texnologiyasını və iki xarici dili (türk və ingilis dillərini) də öyrənmələri üçün hər cür şərait var.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır