“ABŞ-da xeyriyyəçilik təhsil müəssisələrinin lokomotivinə çevrilib”


ABŞ Dövlət Departamentinin təşkil etdiyi “Ali təhsil və gələcək karyera planlaması” proqramı artıq başa çatıb. Qeyd edək ki, bu proqrama ölkəmizdən 4 nəfər təhsil işçisi qatılıb. Onlardan biri Qafqaz Universitetinin Karyera Planlama Mərkəzinin müdiri dos. dr. İsa Qasımov olub.
İsa müəllimin sözlərinə görə, Vaşinqtondan başlanan səfər Portland, Los-Anceles, Hantsvil və Nyu-York şəhərlərində davam  etdirilib. 21 günlük səfər çərçivəsində nümayəndə heyəti ABŞ-da tətbiq olunan təhsil sistemi ilə tanış ola bilib. Belə ki, proqramın icraçısı Meridian Beynəlxalq Mərkəzinin iştirakı ilə ABŞ-ın ali təhsil sistemi və universitet-sənaye əlaqələri, eləcə də təhsilin inkişafında ictimaiyyətin rolu və karyera planlama fəaliyyətləri haqqında bu ölkənin müxtəlif təhsil ocaqlarında 30-dan çox seminar-görüş keçirilib: “Proqram əsasında hər bir şəhərdəki mühüm ticarət, istirahət mərkəzlərinə, eləcə də muzey və tarixi yerlərə də gəzintilər təşkil olunub. Vaşinqtonda ölkəmizin ABŞ-dakı səfiri cənab Elin Süleymanovla da görüşdük. Görüşdə səfir ABŞ-Azərbaycan əlaqələrinin inkişafından söz açaraq, iki ölkə arasındakı  əməkdaşlığı yüksək qiymətləndirdi. Vaşinqtonda Türk-Amerikan Alyansını da ziyarət etdik. Alyansın prezidenti dr. Faruk Taban burada həyata keçirdikləri ictimai-mədəni tədbirlərdən danışdı. Alyansın fəaliyyəti ilə tanış olarkən bu mehriban kollektivin ABŞ senatorları ilə yaxın münasibətləri də diqqətimizdən yayınmadı. Onu da deyim ki, Türk-Amerikan Alyansında müxtəlif türk dövlətlərindən, həmçinin Azərbaycandan da könüllülər fəaliyyət göstərirlər”.
İsa müəllimin sözlərinə görə, Kaliforniya ştatındakı Los-Anceles Birləşmiş Məktəb Dairəsi - Banning (Phineas Banning High School) orta məktəbində 12-ci sinif sagirdlərinin təşkil etdikləri “Beynəlxalq biznes təcrübəsi firması” adlı dərs onun yaddaşında daha silinməz izlər buraxıb: “Əvvəlcə, şagirdlər qruplar halında ayrı-ayrı şəhərlərdə həyata keçirdikləri layihələr haqqında məlumat verdilər (Qeyd edim ki, həmin layihələr müxtəlif təşkilatlar tərəfindən maliyyələşdirilir). Dərsin ikinci hissəsində isə şagirdlər virtual bir şirkət təsis etdilər. Həmin şirkətdə “Maliyyə”, “Marketinq”, “Satış” və “İnsan resursları” şöbələri fəaliyyət göstərdi. Hər şöbənin nümayəndələri üzərinə düşən vəzifələri məharətlə icra etdilər”. Dərsin sonunda şagirdlər gələcək karyeraları ilə bağlı bizdən də məsləhətlər aldılar. Şagirdlərin Azərbaycanla bağlı sualları isə xüsusi marağa səbəb oldu. Görüş iştirakçılarına ölkəmizin bayrağı və digər atributlarımızı hədiyyə etdik. 43 nəfər məktəblinin iştirak etdiyi görüş Kaliforniyada, sözün həqiqi mənasında, Azərbaycan gününə çevrildi. Həmin görüşdə Los-Anceles Beynəlxalq Qonaqlar Proqramı Şurasının nümayəndəsi də iştirak edirdi”.
İsa müəllim proqramla bağlı son təəssüratlarını isə bu şəkildə dəyərləndirdi: “ABŞ-ın bütün ştatlarında fəaliyyət göstərən təhsil müəssisələrinin işində təhsil müəssisəsi-ictimaiyyət-şirkət ortaqlığının birgə fəaliyyətini görmək mümkündür. Bu yanaşma digər sahələrdə də özünü büruzə verir. Bir sözlə, istər təhsil müəssisələrinin təşkilində, istər onların avadanlıqlarla təminatında, istər tələbələrin müxtəlif layihə və ya proqramlarda iştirakında, istərsə də yoxsul tələbələrə təqaüdlərin verilməsində xeyriyyəçilik mühüm rol oynayır. Demək olar ki, xeyriyyəçilik ABŞ təhsil sisteminin lokomotivinə çevrilib (Təhsilə şirkətlər tərəfindən də könüllü dəstək mövcuddur). ABŞ-da təhsil müəssisələrinə göstərilən maliyyə dəstəkləri arasında məzunların verdiyi ianələr isə xüsusi qeyd olunmalıdır”. İsa müəllim daha sonra dedi ki, təhsilin inkişafı üçün xeyriyyəçilik edənlər həyatlarının mahiyyətini həqiqi mənada dərk edən insanlardır: “Çünki onlar yaxşı bilirlər ki, məhz elm və təhsil baxımından inkişaf etmiş cəmiyyətlər həqiqi inkişafa nail ola bilirlər. Bir də düşünürəm ki,  müşahidə etdiyimiz xeyriyyəçilik ABŞ cəmiyyətinin (dövlətinin) inkişafında marağı olan vətəndaş düşüncəsinin nəticəsidir”.
Gülər Rəsul
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=42968

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır