Bakı Dövlət Universitetinin rektoru, Millət Vəkili Akad. Abel Məhərrəmovun konfransa təqdim olunmuş məruzəsindən:

Qafqaz Universitetində  17 mart 2012-ci il tarixində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş Müasir Azərbaycan və “Çağ” Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib.
 
Bakı Dövlət Universitetinin rektoru, Millət Vəkili Akad. Abel Məhərrəmovun konfransa təqdim olunmuş məruzəsindən:
·  Müstəqilliyini elan edən Azərbaycana gələn Çağ Öyrətim İşlətmələri 1992-ci ildə Bakıda ilk müasir tipli məktəb olan Bakı Özəl Türk Liseyini açmaqla Azərbaycan təhsilinə yeni bir nəfəs vermiş oldu. Daha sonra 1993-ci ildə Bakıda təsis olunan Qafqaz Universiteti Azərbaycanda qurulan ilk xarici universitet oldu.
·  Prezident İlham Əliyev Azərbaycan dövləti iqtisadi inkişaf prosesində ilk növbədə cəmiyyətin intellektual potensialına istinad edir. Buna görə də, Prezidentin imzaladığı sərəncam və fərmanların 5-də 3-ü məhz elm və təhsil ilə bağlıdır.
·  Təhsil dövlətin əsas prioritetlərindəndir. Ulu öndər Heydər Əliyevin elmi təmələ söykənən siyasətini keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirən, Azərbaycanın bütün strateji sahələr üzrə inkişaf təmayüllərini düzgün müəyyənləşdirən dövlət başçısı İlham Əliyev son 9 ildə qloballaşma dövrünün tələblərinə cavab verən elm və təhsil strategiyasına üstünlük vermişdir. Təkcə bir faktı qeyd edim ki, ölkə rəhbərinin hər iki-üç sərəncamından biri elm və təhsillə bağlı olur.
·  Yeri gəlmişkən, təhsilimizin flaqmanı olan Bakı Dövlət Universiteti haqqında bir neçə kəlmə danışmaq istərdim. Bakı Dövlət Universitetinin 90 illik fəaliyyəti dövründə ölkə həyatının bütün sahələrinə güclü təsir edən əvəzsiz rolu danılmazdır.
·  Yarandığı ildə cəmi 44 əməkdaşla işə başlayan BDU-nun indi 17 fakültəsi, 1300-dən çox professor-müəllim heyəti var. Onlardan 300-dən çoxu elmlər doktoru, professor, 800-dən çoxu elmlər namizədidir. Burada 52 ixtisas üzrə 18 mindən çox tələbə təhsil alır. İndiyədək Universitet Azərbaycan ziyalılar ordusuna 120 mindən artıq yüksək ixtisaslı mütəxəssis vermişdir. BDU güclü maddi-texniki bazası, 2 milyondan çox kitab fondu olan zəngin kitabxanası, onlarca tədris laboratoriyası, geniş tədris və elmi-tədqiqat kompleksi olan müəssisəsidir.
·  Ölkəmizin 2005-ci ilin mayından qoşulduğu Bolonya prosesi tətbiq edildikdən sonra Universitetdə tədris prosesinin gedişi və tələbələrin aktivliyi ötən illərə nisbətən xeyli yüksəkdə olduğu müəyyən edilmişdir.
·  Bu yaxınlarda Təhsil Nazirliyinin konfransında yalnız BDU-nun 61 aliminin dünyanın aparıcı jurnallarında məqalələrinin dərc olunduğu xüsusi vurğulandı. Heç bir universitetdə belə göstərici olmayıb.
·  Bakı Dövlət Universiteti bu gün 34 beynəlxalq qrant proqramları üzərində işləyir. Bu sıraya ABŞ, Kanada, Avropa ölkələri, ÇXR, Koreya, Yaponiya və digər ölkələrin elmi-tədqiqat mərkəzləri daxildir.
·   Etiraf etmək lazımdır ki, bu uğurları əldə etməkdə qardaş Türkiyənin təhsil ocaqlarının böyük köməyi olmuşdur. Müstəqilliyimizin ilk illərində məhz türk liseyləri bizi Avropa təhsil sisteminə bağlayan bir körpü rolunu oynamışdır. Bu gün yalnız Bakıda deyil, Azərbaycanın bir çox əyalətlərində fəaliyyət göstərən Azərbaycan-Türkiyə liseyləri bölgələrimizdə müasir məktəb təsəvvürünü oyada bilmiş və bir sıra sahələrdə nümunə meyarı ola bilmişdir.
· Güclü intellektual potensiala malik olan vətəndaş yetişdirməklə yanaşı vətənpərvər, milli ideyalarla yaşayan bir şəxsin formalaşdırılması da təhsil müəssisələrinin əsas vəzifələrindən biridir.
·   Azərbaycanın bu gününə və gələcəyinə sədaqətlə xidmət edən və əsil insan yetişdirməyi qarşısına məqsəd qoyan Çağ Öyrətim İşlətmələri şirkətinin  Liseyləri, Qafqaz Universiteti, Araz hazırlıq kursları bu missiyanı ləyaqətlə yerinə yetirir. Bizdə belə bir atalar sözü var: “Dost yolda tanınır”. Birgə keçdiyimiz bu 20 illik yol Azərbaycan-Türkiyə dostluğunun əbədi və sarsılmaz olduğunu göstərmişdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF