"Çağ" Azər­bay­can mək­təb­li­si­ni bey­nəl­xalq olim­pi­a­da­la­ra çı­xar­dı

Qafqaz Univesitetində "Çağ" Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyətinin 20 illiyinə həsr olunmuş "Müasir Azərbaycan və "Çağ Öyrətim" mövzusunda elmi-praktik konfrans keçirildi. Təhsil Nazirliyi, "Çağ"ın və "Qafqaz"ın birgə təşkil etikləri tədbirdə Türkiyədən gəlmiş nümayəndələr də iştirak etdilər.
 Əvvəlcə tədbir iştirakçıları azadlığımız uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri oxundu.
Konfrans iştirakçılarını salamlayan Qafqaz Universitetinin rektoru, prof. dr. Ahmet Saniç mənsub olduğu qurumun ən yaddaqalan günlərini yaşadığını söylədi. Bildirdi ki, 20 il öncə müstəqillik əldə etmiş qardaş Azərbaycanın təhsil həyatına ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə türk məktəbləri qədəm qoydu və sədaqətə etibarla xidmətə başladı. "Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik", - deyərək qarşımızda yeni-yeni hədəflər qoyan Heydər Əliyev kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin "ata yadigarı" kimi gördüyü müəssisələrə şəxsi diqqət və qayğısı sayəsində müəssisəmizin uğurları daha çox oldu. Bircə faktı qeyd edim ki, bu gün "Qafqaz"ın məzunlarının sorağı dünyanın 52 ölkəsindən gəlir. Onlar Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla yanaşı, diasporumuzun möhkəmlənməsinə də öz töhfələrini verirlər. Bütün bu fəaliyyətlərdə Təhsil Nazirliyinin, xüsusən də cənab nazir prof. Misir Mərdanovun müstəsna rolunu da qeyd etmək yerinə düşərdi".
4 ildir ölkəmizdə səfir kimi çalışdığını və bu müddətdə "Çağ"ın fəaliyyətini yaxından izlədiyini bildirən Türkiyənin ölkəmizdəki səfir Hulusi Kılıç onların Azərbaycan, eləcə də Türk dünyası naminə gördükləri işlərdən qürur duyduğunu dilə gətirdi: "Bu məktəblərdə türk dünyasını layiqlə təmsil edəcək gənclər yetişirlər". O, bu məktəblərə olan qayğının yeni üfüqlər açdığını da bildirdi.

"Çağ" Azərbaycan məktəblisini beynəlxalq olimpiadalara çıxardı"
Konfransı tarixdə izi qalacaq bir tədbir kimi dəyərləndirən təhsil naziri Misir Mərdanov "Çağ"ın ölkəmizə gəlişinin tarixini vərəqlədi. Daha sonra dedi: "20 il tarixi baxımdan qısa bir zamandır. Lakin "Çağ"ın bu tarixinin səhifələrini vərəqlədikcə onlarla iyirmi ildə görülən işlərin şahidi olmaq mümkündür. "Çağ"ın ölkəmizdə fəaliyyətinin iki onilliyi tamam olur. Qarşıdan yeni onilliklər gəlir. Əminəm ki, onlar təhsilimzdə hələ çox yeniliklər gətirəcəklər". Daha sonra Türkiyədən təşrif buyurmuş qonaqlardan, o cümlədən Türkiyə Cümhuriyyəti Parlamenti Sədrinin müavini prof. dr. Mehmet Sağlamdan söz açan nazir ötən əsrin 90-cı illərində yaşanmış bir mətləbdən söz açdı: "O illərdə nazirliyimizin dəftərxana ləvazimatı, o cümlədən bir ton kağız almağa belə imkanı yox idi. O zaman Mehmet Sağlam bizim ölkəmizə 100 ton kağız göndərdi. Yəni demək istəyirəm ki, ən çətin günlərimzdə Türkiyə bu və ya digər formada bizə əl tutub".
Daha sonra nazir dedi: "Xoca əfəndinin məqsədi türkçülüyü dünyada yaymaqdan ibarət idi. O, buna görə təhsildən istifadəyə önəm verdi. Bu gün dünyanın 152 ölkəsində "Çağ"ın məktəbləri var. (Hətta Harvard Universitetinin fəaliyyət göstərdiyi şəhərdə "Çağ"ın məktəbi var) Bu o deməkdir ki, dünyanın 152 ölkəsində türkçülük də təbliğ olunur".
"20 ildir ki, "Çağ" Azərbaycan təhsili üçün bir örnəkdir", - sözləri ilə çıxışını davam etdirən təhsil naziri hazırda bu məktəblərdə çalışan müəllimlərin 80%-nin yerli kadrlardan ibarət olduğunu söylədi: "Bu isə "Çağ"ın eyni zamanda daha bacarıqlı, bilikli müəllimlər də yetişdirməsindən xəbər verir. "Çağ" Azərbaycan məktəblisini beynəlxalq olimpiadalara çıxardı. Məhz "Çağ" ilk dəfə beynəlxalq bilik yarışlarından ölkəmizə medallar gətirdi. Bu gün təhsilimizin sorağı dünyanın müxtəlif ölkələrindən gəlir. "Çağ"ın məktəblərində təhsil alanların, demək olar ki, hamısı ali məktəblərə qəbul olunurlar. Bu gün bu məktəblər yetişdirdikləri dünya səviyyəli həkimləri, mühəndisləri ilə Azərbaycanımıza xidmət edirlər". Misir Mərdanov bütün bu kimi uğurlarda "Çağ"da fəaliyyət göstərən doğru, dürüst adamların əməyinin olduğunu vurğuladı: "Burada çalışanlardan öyrənmişik və çox şey də öyrənəcəyik. Son illər bu məktəblərə axının artmasının da əsasını  halallıqda axtarmaq lazımdır. Halallıq olan yerdə inkişaf da var, tərəqqi də". Təhsil naziri Misir Mərdanov "Çağ"ın bu səviyyəyə gəlməsində müəyyən çətinliklərlə qarşılaşdığını vurğulamaqla yanaşı, onların necə həll olunmasından da söz açdı: "Bu məsələdə "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Enver Özerenin də, sözün həqiqi mənasında, fədakarlığı mühüm rolu oldu. Onun döymədiyi qapı qalmadı, açılmayan qapıları açdı və çox problemləri həll etdi".
 
"Bu gün "Çağ"ın məktəbləri dünyanın hər yerində var"
Türkiyə Cümhuriyyəti Parlamenti Sədrinin müavini, prof. dr. Mehmet Sağlam çıxışında ilk dəfə ölkəmizə gəlişindən söz açdı və bildirdi ki, bu dəfəki səfərində çox inkişafın şahidi olub. Daha sonra o, Azərbaycan təhsilinin, eləcə də mədəniyyətindən söz açdı. Dedi ki, son illər bu sahələrdə Azərbaycan mühüm uğurlar imza atıb, bu mənada bizim də bu məmləkətin bəzi örnəklərindən faydalanmağımız lazımdır. Bu gün Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitin önəmli bir rəqəm olduğunu qeyd edən Mehmet Sağlam bunu ölkəmizin bu sahəyə olan diqqəti ilə izah etdi. Daha sonra o dedi: "Bu gün "Çağ"ın məktəbləri dünyanın çox ölkələrində var. Bu isə o deməkdir ki, bu məktəblər türk dilini də təbliğ edirlər. Türk dili ilə azərbaycan dili arasında elə bir fərq olmadığını nəzərə alsaq, bu elə azərbaycan dilinin təbliğidir". Mehmet Sağlam "Çağ"ın keçirdiyi tədbirlərdən də söz açdı: "Türkiyəyə marağı artırmaq məqsədi ilə keçirilən Beynəlxalq Türkcə Olimpiadalarının Bakıda keçirilən finalında tələbələrimiz var gücü ilə yarışdı. VI Beynəlxalq Türkcə Olimpiadalarının Azərbaycan finalına Təşkilat Komitəsinin sədri olaraq şəxsən qatılmışdım. Möhtəşəm bir mərasimlə hafızəmdə qalan bu finalda mənim də favoritim olan Qara dəniz türküsü ilə birinci olan qızımızı hamınız xatırlayırsınız. Bu il Türkcə Olimpiadalarına 150 ölkə qatılır. Azərbaycanın "Çağ"ın timsalında bu yarışa qatılması bu ölkənin təbliğinə daha geniş imkanlar açır".
Mehmet Sağlam maraqlı bir məqama da toxundu: "Böyük Atatürk hələ neçə il öncə: "Siz onların gəlməyini gözləməyin, özünüz gedin", - deyirdi. Bu mənada "Çağ" onun da vəsiyyətini yerinə yetirmiş oldu, yəni 20 il öncə Azərbaycana gəldi və qarşıya qoyduğu missiyanı uğurla həyata keçirdi. Təbii ki, bu işdə Heydər Əliyevin danılmaz xidmətləri olub". "Mənim bir röyam var: türk dünyasının birliyini görmək. İnanıram ki, bu röyam da bu cür məktəblərdə yetişənlərin sayəsində gerçəkləşəcək",- sözləri ilə çıxışını davam etdirən natiq məhz təhsilimizlə buna nail olacağımızı əminliklə dilə gətirdi.

"Əgər məndən soruşsalar"
"Azersun Holdinqin" İdarə Heyətinin sədri Abdulbarı Goozalın sözlərinə görə, insanın dəyəri onun insanlığa göstərdiyi xidməti ilə ölçülür. Bu mənada "Çağ"ın əməkdaşlarının xidməti insanlığa xidmətdir. Daha sonra ölkəmizin son illərdəki iqtisadi yüksəlişindən söz açan natiq artıq Azərbaycanın bəzi dövlətlər tərəfindən qısqanclıqla qarşılandığını dedi. O, yetişməkdə olan gənc nəsillə Azərbaycanın hələ çox uğurlara imza atacağını vurğuladı. Daha sonra o, söhbətini iş prosesində qarşılaşdığı məqamlarla davam etdirdi. Bildirdi ki, onun rəhbərlik etdiyi müəssisələrə üz tutan ali savadlı gənclərin bəziləri heç işə başlamamışdan öz şərtlərini söyləyirlər. Lakin "Qafqaz"ın məzunları: "İşləyərik, işimizi dəyərləndirərsiniz" deyirlər. Çıxışına isə bu sözlərlə tamamladı: "Əgər məndən soruşsalar ki, hazırda rəhbərlik etdiyiniz holdinqin idarəçiliyini kimə əmanət edərsiniz, mən onda düşünmədən belə deyərdim: "Qafqazın məzunlarından birinə".

Ən etibarı yer...
Millət vəkili Qənirə Paşayeva çıxışına "Niyə Heydər Əliyev "Çağ"a belə etimada göstərdi" sualı ilə başladı və onu özünəməxsus şəkildə cavablandırdı: "Ulu öndər təhsillə yanaşı, digər mill mənəvi dəyərlərə də yüksək dəyər verirdi. Çünki "Biz bir millət, iki dövlətik" deyən ümummilli lider yaxşı bilirdi ki, bu məktəblərdə yetişənlərdə həm türk, həm də azərbaycan dilinə eyni sevgi olacaq. O, yaxşı bilirdi ki, bu məktəblərdə milli-mənəvi dəyərlərə çox önəm verilir. Bir sözlə, o, yaxşı bilirdi ki, təhsil millətin gələcəyidir. Bu mənada, "Çağ" ulu öndərin etimadını tam doğrultdu". Millət vəkilinin sözlərinə görə, "Çağ"ın nəzdində fəaliyyət göstərən "Qafqaz" bir çox sterotipləri qırdı: "Bir vaxtlar hamı dövlət ali məktəblərində təhsil almağa can atırdı. İndi isə ən yüksək bal toplayanlar "Qafqaz"a üz tuturlar. Bu isə "Qafqaz"ın dünya standartlarına cavab verən bir ali məktəbə çevrilməsinin bariz nümunəsidir".
Qənirə xanım "Çağ"ın məktəbləri ilə bağlı yaddaşında silinməz izlər buraxmış bir hadisəni də xatırladı. Dedi ki, hələ jurnalist kimi fəaliyyət göstərdiyi illərdə Əfqanıstana yolu düşmüşdü: "O zaman həmin məmləkətdə vəziyyət o qədər də ürəkaçan deyildi. Hətta mənə otellərdə belə qalmağı məsləhət görmədilər. Onda mən sual etdim ki, bəs gecələmək üçün hara üz tutub. Mənə orada fəaliyyət göstərən Türk liseyini nişan verdilər və mən ora üz tutdum".
Çıxışını isə millət vəkili bu sözlərlə tamamladı: "Bu gün Azərbaycan təhsilinin bayramıdır. Bu bayramda zəhməti olanların hər birinə təşəkkürümü bildirməklə yanaşı, deyirəm: "Hər zaman yanınızdayam. Mən sizə həmişə xidmət etməyə hazır olan könüllü üzvlərinizdənəm".

"Çağ"dan örnək götürdük"
Akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva isə dedi: "Dövlət müstəqilliymizin ilk aylarında bu məktəblərin Azərbaycana gəlişi həm təhsilimizin, həm də dövlətimizin inkişafı naminə göstərilmiş qardaşlıq köməyi idi. "Çağ" Öyrətim bir tərəfdən dövləti zəruri kadr potensialı ilə təmin edir, digər tərəfdən gənc nəsli milli-mənəvi dəyərlər ruhunda tərbiyə edir ki, bu da öz növbəsində dövlət müstəqilliyinin qorunmasında müstəsna əhəmiyyətə malikdir.
Onun sözlərinə görə, son illər respublikamızda həm maddi-texniki bazasına, həm də pedaqoji kadrların elmi potensialına görə nümunəvi sayılan məktəblər fəaliyyətə başlayıb. Bu məktəblərdən biri də onun rəhbərlik etdiyi Akademik Zərifə Əliyeva adına liseydir: "Məktəbimiz işini "Çağ"ın modeli əsasında qurub və bunun da uğurları göz qabağındadır. Belə ki, hər iki buraxılışdakı  251 məzunumuz istisnasız olaraq tələbə adını qazanıb. Yeri gəlmişkən, ötən ilki məzunlarımızdan 14 nəfəri hazırda "Qafqaz" Universitetinin tələbəsidir. Onlardan 8 nəfəri imtahanlarda 650-dən yuxarı bal toplayıb.  Məzunlarımızdan 5 nəfəri Prezident təqaüdçüsüdür ki, onlardan biri də "Qafqaz" Universitetinin tələbəsidir.  Məzunlarımızın  bu universiteti seçməsi heç də təsadüfi deyil. Bu, "Çağ " Öyrətim İşlətmələri, xüsusilə də "Qafqaz" Universiteti ilə məktəbimiz arasındakı səmimi dostluq və əməkdaşlıq münasibətlərinin nəticəsidir. Bu münasibətlərdə  universitetin rektoru, professor Əhməd Saniçin və professor- müəllim heyətinin məktəbin şagirdləri ilə mütəmadi görüşləri, onlara yalnız ali məktəb rəhbəri kimi deyil, eyni zamanda bir alim və  ziyalı kimi dəyərli məsləhətlər verməsi xüsusi yer tutur.
 
"Türk liseyləri bizi Avropa təhsil sisteminə bağlayan bir körpü rolunu oynayıb"
"Konfransda Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması hər birimizdə, o cümlədən məndə xoş əhval oyatdı. Lakin mənə elə gəlir ki, artıq Türk dövlətlərinin vahid bir himninə ehtiyac var". Millət vəkili, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov isə çıxışına bu sözlərlə başladı. Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar düşünməyə dəyər.
"Çağ"la bağlı ürək sözlərini dilə gətirən rektor rəhbərlik etdiyi təhsil ocağının uğurlarından da danışdı. O, bu uğurlarda "Çağ"ın da payı olduğunu söylədi: "Etiraf etmək lazımdır ki, bu uğurları əldə etməkdə qardaş Türkiyənin təhsil ocaqlarının böyük köməyi olub. Müstəqilliyimizin ilk illərində məhz türk liseyləri bizi Avropa təhsil sisteminə bağlayan bir körpü rolunu oynayıb. Bu gün yalnız Bakıda deyil, Azərbaycanın bir çox əyalətlərində fəaliyyət göstərən Azərbaycan-Türkiyə liseyləri bölgələrimizdə müasir məktəb təsəvvürünü oyada bilib və bir sıra sahələrdə nümunə meyarı olub. Mən onların təcrübəsinin öyrənilməsini hər məktəbimizdə təbliğ edirəm".
"Güclü intellektual potensiala malik olan vətəndaş yetişdirməklə yanaşı, vətənpərvər, milli ideyalarla yaşayan bir şəxsin formalaşdırılması da təhsil müəssisələrinin əsas vəzifələrindən biridir. "Çağ" bu vəzifələrin də öhdəsindən uğurla gəlir",- sözləri ilə çıxışını davam etdirən A. Məhərrəmov belə bir məqama da toxundu: "Böyük tədris müəssisələrində bəzən tələbələr arasında xoşagəlməz hadisələr də yaşanır. Belə hallar yaşananda həmin an ağlımdan keçən bu fikir olur: Qayda-qanunu pozan "Çağ"dan gələnlər ola bilməz. Çünki bu şirkətin təhsil ocaqlarınd, sözün həqiqi mənasında, mentalitetimizə uyğun gənclər yetişdirilir".
Abel müəllim dünyəvi misallar gətirməklə təhsil, elm sahəsində bu və ya digər uğurların əldə olunmasında şəraitin vacibliyini vurğuladı. Onu sözlərinə görə,  türk liseylərinin sayəsində ölkəmizdə də belə bir şərait yaranmaqdadır: "Məhz bu məktəblərin yetirmələri Nobel mükafatını da əldə edəcəklər".
O, çıxışını isə bu sözlərlə bitirdi: "Belə bir atalar sözü var: "Dost yolda tanınır". Birgə keçdiyimiz bu 20 illik yol Azərbaycan-Türkiyə dostluğunun əbədi və sarsılmaz olduğunu göstərib".

Rektorun təklifi
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru prof. Mirdaməd Sadıqov "Çağı"n təhsilimizə yeni düşüncə gətirdiyin bildirdi: "Məhz bu düşüncə tərzimizin sayəsində bu gün təhsilimizdə uğurlar əldə olunmaqdadır". O, bu uğurların sayının çox olacağını əminliklə dilə gətirdi. Rektor rəhbərlik etdiyi təhsil ocağının "Çağ"la əlaqələrinin genişləndiyini də diqqətə çatdırdı: "Bu ilin fevral ayında "Qafqaz"ın rektoru Ahmet Saniç bizim universitetin qonağı oldu. Bu görüş çərçivəsində Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin rektorları arasında üçtərəfli memorandum imzalandı. Əminik ki, bu anlaşma universitetlərimiz arasında tədris və elmi əlaqələri daha da möhkəmləndirəcək". Mirdaməd Sadıqov həmçinin belə bir tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirməklə yanaşı, belə mərasimlərlə bağlı öz təklifini də səsləndirdi: Zənnimcə, belə tarixi konfransların bölgələrində də təşkili vacibdir".
 
"Bakını daha füsunkar gördüm"
 Türkiyədəki Turqut Özal Universitetinin rektoru prof. dr. Erol Oral (Qeyd edək ki, o, bir müddət Qafqaz Universitetinə rəhbərlik edib) bildirdi ki, "Çağ" Öyrətim İşlətmələrinin təhsil modeli Şərqin milli dəyərlərə söykənən əxlaq anlayışı ilə Qərbin texnoloji müvəffəqiyyətinin cəmləndiyi bir təhsil modeli olaraq qiymətləndirilə bilər. Bu modeldə məqsəd Azərbaycanın digər müasir ölkələrə paralel olaraq irəliləmə və inkişafına nail olmaqdır. "Çağ" da bu missiyanı layiqlə yerinə yetirir". "Çağ"ın Azərbaycandakı fəaliyyətini mütəmadi izlədiyini vurğulayan Erol bəy öz həmkarlarına uğurlar dilədi. O, ölkəmizə bu dəfəki səfəri ilə bağlı düşüncələrini də tədir iştirakçıları ilə bölüşdü: "Nə gizlədim, bu dəfəki gəlişimdə özümü yuvasına qayıtmış bir quş kimi hiss etdim. Ən əsası, 7 il öncə tərk etdiyim Bakını daha füsunkar gördüm".

"Çağ"dan bir mənzərə
TUSİAB-ın başkan müavini Mühammed Güven "Çağ"ın ölkəmizdəki fəaliyyətindən qürur duyduğunu dilə gətirdi və bu qürurgətirici məqamlardan birini belə bir faktla açıqladı: "1997-2011-ci illərdə liseylərdən məzun olmuşların ali məktəblərə qəbuluna nəzər salsaq, belə bir mənzərə alınar. Bu məktəblərdən 5751 nəfər şagird məzun olub, onların 97,63%-i universitetlərə qəbul olunub. Onlardan 3559-u Azərbaycanda, 1960 nəfər isə xarici ölkələrdə təhsil almaq hüququ qazanıblar. Bu tələbələrin 524-ü ölkəmizdə yüksək bal kimi qəbul olunan 600 balı keçib və 50 nəfər tələbə Prezident təqaüdündan faydalanmaq hüququ qazanıb".

"Azərbaycanlı müəllimlər bu gün amerikalı gənclərə dərs deyirlər" 
"Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri dr. Enver Özeren isə çıxışına belə başladı: "Çağ" Öyrətim artıq 20 ildir ki, ulu öndər Heydər Əliyev irsinə, onun inam və etibarına, etimadına sədaqətlə xidmət edir. Geridə qalan iyirmi il ərzində Azərbaycan-Türkiyə təhsil müəssisələrindən minlərlə gənc məzun olmuş, bu gün ölkənin iqtisadi inkişafında, siyasi və ictimai həyatında fəal iştirak edir, elmi fəaliyyətləri ilə Azərbaycanın tərəqqisinə xidmət edirlər. Şagird və tələbələrimiz öz bilik və bacarıqları ilə Azərbaycanı həm bölgədə, həm də dünyada şərəflə təmsil edirlər. Artıq sayı 500-ə yaxınlaşan beynəlxalq fənn olimpiadaları ilə, dünyanın dörd bir yanında ən məşhur universitetlərdə aldıqları təhsillə, qazandıqları ixtisasla, elmi dərəcələrlə, ən başlıcası, milli və ümumbəşəri əxlaqi dəyərlərə sahib olmaları ilə, Vətənə, xalqa, dövlətə, onu təmsil edən Prezidentə sədaqətləri ilə fərqlənir, diqqəti cəlb edir və təqdir edilirlər. Onun sözlərinə görə, hazırda dünyanın 150 ölkəsində "Çağ"ın məktəbləri fəaliyyət göstərir. Bunlar eyni zamanda Azərbaycanı da uğurla təmsil edirlər. Bu gün ABŞ kimi bir ölkədə məzunumuz olmuş 50-yə yaxın azərbaycanlı müəllim çalışır. Bu isə o deməkdir ki, azərbaycanlı müəllimlər bu gün amerikalı gənclərə dərs deyirlər.
Qeyd edək ki, təhsil naziri Misir Mərdanovun aparıcılıq etdiyi bu konfransın sonunda plaketlər də təqdim olundu.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=42925

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF