Türkiyədə Milli Məclisin deputatı, professor Musa Qasımlının ”SSRİ-Türkiyə münasibətləri” kitabı çapdan çıxmışdır

Ankara, 29 may (AzərTAc). Azərbaycan Milli Məclisinin deputatı, professor Musa Qasımlının ”SSRİ-Türkiyə münasibətləri” kitabı Türkiyədəki ən böyük yayım evlərindən biri olan “Kaknüs” nəşriyyatında çapdan çıxmışdır.
Qafqaz Universitetinin müəllimi Abdülkərim Üregenin türk dilinə tərcümə etdiyi və nəfis poliqrafik tərtibatı olan kitabda ötən əsrin ikinci yarısında dünyanın ən qüdrətli iki dövlətindən biri olan Sovet İttifaqı ilə Türkiyə arasında əlaqələrin dərin siyasi təhlili, xüsusilə 70-ci illərin sonundan etibarən Varşava Müqaviləsi Təşkilatının lideri olan Moskva və NATO- nun üzvü Ankara arasında ziddiyyətlərin səbəbləri geniş spektrli mənbələrin köməyi ilə dərindən araşdırılmışdır.
Müəllifin dərin elmi araşdırmaları nəticəsində “soyuq müharibə” şəraitində Moskva-Ankara siyasi gərginliyinə səbəb olan amillər ayrı-ayrılıqda təhlil olunur.
Kitabda “soyuq müharibə” anlayışı, bu təbəddülatların fonunda Sovet ordusunun Əfqanıstana müdaxiləsi, bunun sosialist bloku ilə Qərbin münasibətlərinə, o cümlədən Türkiyə ilə SSRİ arasında əlaqələrə mənfi təsiri, habelə Kipr probleminin ikitərəfli münasibətlərdə yaratdığı gərginlik konkret faktlarla təhlil olunmuşdur.
Zəngin mənbələrlə həmin dövrün siyasi proseslərinin əsaslandırıldığı 464 səhifəlik kitabda yer alan digər mövzular arasında SSRİ-nin “soyuq müharibə” şəraitində Bosfor və Dardanel boğazları məsələsini yenidən gündəliyə gətirməsi, Türkiyədə 1980-cı il 12 sentyabr hərbi çevrilişinin qarşılıqlı münasibətlərə təsiri, tərəflərin apardıqları gizli mübarizənin detalları, Bolqarıstan məsələsinin Moskvanın Ankara ilə əlaqələrində yaratdığı gərginlik də vardır.
Professor M. Qasımlının kitabındakı ən mühüm və bu gün də aktual olan fəsil isə Ermənistanın o zamankı SSRİ rəhbərliyi qarşısında qondarma “erməni soyqırımı” və Azərbaycana qarşı ərazi iddialarını qaldırması haqqındadır. Müəllif bu iki məsələ arasında əlaqələri təhlil etmiş, Sovet İttifaqına başçılıq edənlərin ermənilərin bu əsassız iddiaları ilə bağlı mövqeyini konkret faktlarla əsaslandırmışdır. Bu kontekstdə Azərbaycanın SSRİ ilə Türkiyə arasındakı münasibətlərdəki rolu, Sovet İttifaqının sonuncu rəhbəri Mixail Qorbaçovun türk cümhuriyyətlərinə inamsızlığının səbəbləri də geniş şəkildə təhlil edilmişdir.
Dünya və Türkiyədə siyasət araşdırmaçılarının ilk dəfə tanış olacağı Azərbaycan, Rusiya, Türkiyə və Gürcüstan arxivlərində “çox məxfi”, “məxfi” və “xidməti” qrifləri altında qorunan sənədlər, ABŞ Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsinin mətbuatda yer almış hesabatları və Ermənistan mənbələrinə əsasən qələmə alınmış monoqrafiyalar kitabı mötəbər bir elmi mənbəyə çevirir.
Dünyanın ən yeni tarixində yer almış digər mühüm hadisələr – Məhmət Əli Ağcanın Roma Papası II İohann Pavelə sui-qəsdi, Birinci Körfəz müharibəsinin SSRİ-Türkiyə münasibətlərinə təsiri də oxuculara ətraflı şəkildə təqdim olunur.
Oqtay Bayramov
AzərTAc-ın xüsusi müxbiri
Ankara

http://www.azertag.com/node/961083

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF