“Azərbaycan bu ədalətsiz vəziyyətlə heç zaman barışmayacaq”

Qafqaz Universitetində 2011-2012-ci tədris ili aylıq seminarlar seriyasından növbəti seminar keçirilib. Seminarda Baş Nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov “Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzünün nəticələri, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı” mövzusunda çıxış edib. Tədbirdə “Vətən həsrəti... Sönməyən ümidlər” sənədli filmi də nümayiş olunub.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Qafqaz Universitetinin rektoru, professor Ahməd Saniç çıxış edərək bildirib ki, universitet ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində 20 ilə yaxındır ki, etimada sədaqətlə fəaliyyət göstərir. “Qafqaz”ı ulu öndərin şah əsəri adlandıran rektor bu müddət ərzində ali təhsil müəssisəsinin böyük uğurlara imza atdığını diqqətə çatdırıb. O, həmçinin Əli Həsənovun fəaliyyəti haqqında məlumat verərək, onu qaçqınların və köçkünlərin problemlərinin həllində mühüm addımlar atmış dövlət adamı kimi dəyərləndirib.
Daha sonra kürsüyə dəvət olunan Əli Həsənov təhsil sahəsində müəyyən uğurlara imza atmış və ulu öndər Heydər Əliyev tərəfindən yüksək dəyərləndirilmiş “Çağ”ın “Qafqaz Universitetində çıxış etməkdən məmnun olduğunu dilə gətirməklə yanaşı, təhsillə bağlı fikirlərini də tədbir iştirakçıları ilə bölüşüb: “Mənim fikrimcə, təhsil bir nömrəli strateji sahədir. Çünki hər bir dövlətin, millətin sabahı onun inkişafından çox asılıdır. Ölkəmizdə bu sahəyə dövlət səviyyəsində ciddi qayğı var. Amma mənə elə gəlir ki, bu sahəyə cəmiyyət bütövlükdə qayğı ilə yanaşmalıdır”. Bir zamanlar Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışarkən hazırda fəaliyyət göstərən Sumqayıt Özəl Türk Liseyinin binasının bu qurumun istifadəsinə verilməsində yaxından iştirakına görə qürur hissi keçirdiyini dilə gətirən Əli Həsənov bu addımı heç bir göstəriş almadan atdığını söyləyib.

Türkiyə olmasaydı...
Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin problemlərinin hələ də ölkəmizin bir nömrəli problemi olaraq qaldığını vurğulayan natiq bu problemin tarixi köklərindən söz açıb. Bildirib ki, son iki yüz ildə regionda zaman-zaman gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar: “1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun (Ağdam, Füzuli, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Kəlbəcər) ərazisi işğal olundu, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü”. Onun sözlərinə görə, sonuncu bu işğal prosesində SSRİ-nin ilk Prezidenti Mixail Qorbaçovun, eləcə də Boris Yeltsinin danılmaz xidmətləri olub. Ə. Həsənov onların bu əməllərini erməni lobbisinə yaxınlıqları, həmçinin ətrafında çalışdıqları ermənilərin təzyiqi ilə izah edib: “Ermənilər Fransada Qorbaçovun həyat yoldaşını çox qiymətli muzey eksponatı bağışlamaqla onu ram etdilər. 1992-ci ilin may ayının 7-də Yeltsin anası erməni olan Qraçova müdafiə nazirinin səlahiyyətlərini etibar etdi. Səhəri gün, yəni mayın 8-də Şuşa işğal olundu. May ayının 17-də Qraçov bu vəzifəyə təyin olundu. O da  ertəsi gün, yəni mayın 18-də Laçını işğal etdi”.  O daha sonra deyib: “Türkiyə olmasaydı, işğalın coğrafiyası daha da böyük ola bilərdi. O zaman Naxçıvan da təhlükə altında idi”.
“BMT Təhlükəsizlik Şurası münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 4 qətnamə qəbul edib, lakin Ermənistan bu qərarların heç birinə əməl etmir”, - deyən Əli Həsənov ermənilərin Türkiyəyə, Gürcüstana, Rusiyaya qarşı da ərazi iddiaları ilə çıxış etdiyini vurğulayıb. Onun sözlərinə görə, nə qədər ki, Ermənistanı regional layihələrdən kənarda saxlayan, öz millətini səfalətə sürükləyən Sarkisyan başda olmaqla 1988-1993-cü illərdə Qarabağda cinayətlər törətmiş quldurlardan ibarət dəstə idarə edir, münaqişənin həllində müsbət dəyişiklik olmayacaq: “Yeri gəlmişkən onu da deyim ki, hazırda Ermənistan erməniləri ilə bu gün hakimiyyəti zəbt etmiş Qarabağ erməniləri arasında kəskin konflikt hökm sürür”.
Əli Həsənov daha sonra deyib: “Ermənilər bir zamanlar türklər tərəfindən soyqırıma məruz qaldıqlarını iddia edirlər. Türkiyə Cümhuriyyəti isə dəfələrlə bəyan edib ki, gəlin arxivləri ortaya qoyaq, əsil həqiqəti üzə çıxaraq. Amma onlar buna məhəl qoymurlar. Çünki yaxşı bilirlər ki, arxiv materialları açılsa, dünya onların iç üzlərini görəcək. Daha doğrusu, məlum olacaq ki, o vaxt türklər ermənilərə qarşı deyi, ermənilər türklərə qarşı soyqırım həyata keçiriblər. Hazırda onların məskunlaşdıqları ərazilər də Azərbaycanın tarixi əraziləridir”. Əli Həsənov həmçinin bildirib ki, ermənilər hazırda Azərbaycana qarşı ideoloji müharibə aparır. Amma Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Belə ki, artıq Azərbaycan diasporu xaricdə ermənilərdən daha fəaldır. İnformasiya müharibəsində indi biz onlardan qabaqdayıq. Bu məsələdə Türkiyə də bizə yaxından köməklik göstərir. Artıq erməni diasporu dalana dirənib”. Natiq bildirib ki,  20 ildir ki, dünyanın mötəbər qurumları bu problemlə məşğuldur, lakin indiyədək heç nəyə nail ola bilməyiblər.
“Bəs bu məsələ öz həllini necə tapacaq? sualını isə Əli Həsənov belə cavablandırıb: “Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan bu ədalətsiz vəziyyətlə heç zaman barışmayacaq. Ermənistan mövqeyindən əl çəkməsə, Azərbaycan Silahlı Qüvvələri istənilən vaxt torpaqları azad edəcək. Bu bəyanat bu gün də qüvvədədir”.

“Yaxın 3-4 ildə Bakıda evlə təmin olunmayan məcburi köçkün ailəsi qalmayacaq”
Daha sonra Əli Həsənov ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğıdan söz açıb. Bildirib ki, indiyədək onlar üçün 71 qəsəbə salınıb. Həmin qəsəbələrə 120 min insan köçürülüb: “Təbii ki, bu kimi işlərdə beynəlxalq humanitar təşkilatlar da öz köməyini bizdən əsirgəməyiblər. Onların arasında Türkiyənin təşkilatları daha çox fərqlənib”. O, həmçinin qeyd edib ki, bu il dövlət onlar üçün yeni binaların tikilməsinə 300 milyon manat vəsait ayrılıb: “Hazıda respublikamızın 10 rayonunda onlar üçün yeni mənzillər inşa olunur”. Onun sözlərinə görə, bu gün Bakıda 50 mindən çox qaçqın, köçkün ailəsi yataqxanalarda yaşayır: “Bu ilin sonunda BDU-nun yataqxanalarında məskunlaşanlar yeni binalara köçürüləcəklər. 3-4 il ərzində isə Bakıda qeyri-normal şəraitdə yaşayan heç bir qaçqın, məcburi köçkün ailəsi qalmayacaq”.
Seminarda Əli Həsənov tədbir iştirakçılarının suallarını da cavablandırıb. Tədbirin sonunda çıxış edən “Çağ” Öyrətim şirkətinin prezidenti Ənvər Özərən dəyərli çıxışına görə Əli müəllimə təşəkkürünü bildirib.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action;jsessionid=3B342158D2B20E35BAE30F3468875EFA.node1?newsId=43815

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır