Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısı hər zaman beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir

Bakı, 7 iyun (AzərTAc). AzərTAc xəbər verir ki, iyunun 7-də Qafqaz Universitetində 2011-2012-ci tədris ilində keçirilən seminarlar çərçivəsində “Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzünün nəticələri, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı” mövzusunda tədbir keçirilmişdir.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç çıxış edərək bildirmişdir ki, universitet ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 20 ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində ali təhsil müəssisəsi böyük uğurlara imza atmış, əzmlə fəaliyyət göstərmişdir.
Məruzə ilə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə danışarkən bildirmişdir ki, M.Qorbaçov Sovet İttifaqının rəhbəri seçildikdən sonra onun rəğbətindən istifadə edən ermənilər “Böyük Ermənistan” yaratmaq iddialarını daha da fəallaşdırmışdır. 1988-1992-ci illərdə Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir.
Komitə sədri demişdir ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə dörd qətnamə qəbul edərək, Ermənistan silahlı qüvvələrindən işğal etdiyi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz boşaltmağı tələb etmişdir. Lakin rəsmi Yerevan bu qətnamələrin heç birinə əməl etmir.
Ə.Həsənov qaçqın və məcburi köçkünlərin yaşayış yerləri, onların sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə də məlumat vermişdir. Bildirmişdir ki, indiyədək Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün 71 müasir qəsəbə salınmışdır. Yüz iyirmi min qaçqın və məcburi köçkün bu qəsəbələrə köçürülmüşdür.
Beynəlxalq miqyasda Azərbaycanın qazandığı uğurlardan danışan Ə.Həsənov demişdir ki, 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi etməsi Azərbaycanın dünyada artan nüfuzunun bariz nümunəsidir. Bundan əlavə, BMT-nin İqtisadi və Sosial Şurasının qəbul etdiyi qərara əsasən, Azərbaycan qurumun Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzv seçilmişdir ki, bu da ölkəmizin dünyada qazandığı çoxsaylı uğurlardan biridir.
Baş nazirin müavini qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısı hər zaman beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycanda səfərdə olan BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş dövlətimizin başçısının bu istiqamətdə gördüyü işləri digər ölkələr üçün nümunə adlandırmışdır.
Sonra Ə.Həsənov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.
Tədbirdə çıxış edən “Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə göstərdikləri diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki, məhz bu diqqət və qayğının nəticəsində şirkət də bir çox uğurlar əldə etmişdir.
Ə.Özərən diqqətə çatdırmışdır ki, “Çağ” Öyrətim İşlətmələri Şirkəti uğurlu fəaliyyəti ilə hər zaman ulu öndərin və Prezident İlham Əliyevin etimadına sadiq qalacaqdır.
Tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinin “Çağ” Öyrətim İşlətmələri Şirkəti haqqında söylədikləri fikirləri əks etdirən videoçarx və “Vətən həsrəti… sönməyən ümidlər” sənədli filmi nümayiş etdirilmişdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF