“İnanıram ki, nəvəmin sorağı beynəlxalq bilik yarışlarından gələcək”




Şirinbacı nənə 7 qız dünyaya gətirib. Çətinliklərə baxmayaraq, onların hər birinə ali təhsil verib. İndi onların hər bir uğuru ilə qürur duyur, adları çəkiləndə sevincdən gözləri dolur.
Şirinbacı nənənin sözlərinə görə, həyat yoldaşı dünyasını dəyişəndə övladları kiçik olub. Odur ki, həyatın hər çətinliyinə, sözün həqiqi mənasında, sinə gərərək onları böyüdüb. Yəni o, uşaqlarına həm ana olub, həm də ata... Uzun müddət Mingəçevir Şüşə Zavodunda, daha sonra müxtəlif yerlərdə xadimə kimi çalışıb. Nə gecəsi olub, nə də gündüzü. Əsas amalı isə onların yeddisini də alisavadlı görmək istəyib və bu arzusuna nail olub. Dediyinə görə, qız uşaqlarının təhsil alması çox önəmlidir.
Bu gün onun qızlarının hərəsi bir sahənin mütəxəssisidir. Onların hər uğurundan ürəyi dağa dönür Şirinbacı nənənin. El adətincə, o, yeddi qızının yeddisini də köçürüb (14 ilə yaxındır kı, 3 qızı Almaniyada yaşayır). Qonşuda, qohum-əqrəba arasında övladdan söz düşəndə isə o belə deyir: görüm siz də mənim kimi övladlarınızdan yarıyasınız. Hazırda Şirinbacı nənənin 10 nəvəsi, 3 nəticəsi var. Dediyinə görə, nəvə-nəticələri də anaları kimi biliyə çox maraq göstərirlər.
Bu günlərdə Şirinbacı nənə ilə görüşəndə onun sevincinin həddi-hüdudunun olmadığının şahidi olduq. Onunla söhbətdən məlum oldu ki, sən demə, nəvəsi Hüseyn bu il Mingəçevir Özəl Türk Liseyinə qəbul olunub. Türk liseylərində təhsil alan şagirdlərin daha mükəmməl təhsilə yiyələndiklərini vurğulayan Şirinbacı nənə bu təhsil ocaqlarının sorağının dünyanın müxtəlif guşələrindən gəldiyini söylədi: “Bu məktəblərin şagirdləri beynəlxalq yarışlarda dəfələrlə qələbə qazanıb. İnanıram ki, mənim də nəvəmin sorağı beynəlxalq bilik yarışlarından gələcək, mənim də nəvəm ölkəmizin təhsilini ucaldanların sırasında olacaq”. Elə Hüseyn də bizimlə söhbətində nənəsinin bu arzusunu gerçəkləşdirməyə səylə çalışacağını bildirdi.
Daha sonra indiki güzəranından söz açan Şirinbacı nənə dedi: “Aldığım pensiya mənə yetir. Üstəlik, nəvələrimə də xərclik verə bilirəm. Sağ olsun Prezidentimiz hər il bizim pensiyaları artırır”. Şirinbacı nənə söhbətinin bu yerində bir qədər fikrə getdi və əlavə etdi: “Oğlum yoxdur, lakin elə bilirəm ki, Prezidentimiz İlham Əliyev mənim doğma oğlumdur”.
Səhhəti ilə bağlı heç bir problem yaşamadığını deyən Şirinbacı nənə hələ Almaniyada yaşayan qızlarına da baş çəkmək niyyətindədir: “Hərçənd yol çox uzaqdır, lakin yollar məni yora bilməz”.
Şirinbacı nənənin böyük qızı Rəxşəndə xanım bizimlə söhbətində anasını çox sevdiyini söylədi. Bildirdi ki, anası onlara həmişə halal dolanmağı tövsiyə edib. Elə bu halallıq da bizim ailəmizin leytmotivi olub. Rəxşəndə xanım belə dəyərli anaların qədrini bilməyi də tövsiyə etdi: “İnanın, anam mənim hər şeyimdir, rahatlığımdır, firavanlığımdır, bir sözlə, həyatımın mənasıdır. İnandırım sizi, işdən yorğun gəlib, başımı onun dizi üstə qoyanda bütün yorğunluğum bir anda perik düşür. Məncə, bu da anaların bir hikmətidir”.
Onu da qeyd edək ki, Şirinbacı Əzizova həm əmək veteranı, həm də çoxuşaqlı ana olduğuna görə onu “Qəhrəman ana” döş nişanı ilə təltif ediblər.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43911
       

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF