Qafqaz Universiteti nazirliklə əlbir olub iş gördü


 22.06.2012, 18:48 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə «Karyerada ilk addım» devizi altında növbəti aktiv məşğulluq tədbirini 22 iyun tarixində Qafqaz Universitetində keçirib. Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç tədbirin açılışında iştirak edərək, tədbirin təşkilati vəziyyəti, təqdim olunan boş iş yerləri, onların tələbə və məzunların aldıqları ixtisaslar və gələcək karyeraları baxımından münasib olması və s. ilə tanış olub, tədbirdə iştirak edən işəgötürənlərin, həmçinin tələbə və məzunların tədbir barədə fikir və rəylərini öyrəniblər.
KİV-ə müsahibəsində nazir Fizuli Ələkbərov son illərdə «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbirlərinin artıq ənənə halını aldığını və bu tədbirlərin müsbət nəticələr verdiyini, hər il yalnız belə tədbirlər nəticəsində 600-700 gəncin münasib iş yerləri ilə təmin olunduğunu qeyd edib. Nazir bildirib ki, gənclərin malik olduqları qabiliyyət və bacarıqlarını cəmiyyətə təqdim edə bilməsi onların gələcək karyerasının inkişafı üçün vacib şərtlərdən biridir. Belə tədbirlərdə bunun üçün, yəni tələbələrlə, xüsusən universiteti bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürən müəssisə  və  təşkilatlar arasında əlaqələrin qurulması üçün lazımi şərait yaradılır və  onlarda öz bacarıq səviyyələrini işəgötürənlərə təqdim etmək və onlarla ünsiyyət qurmaq sahəsində müəyyən təcrübə formalaşır. Bu mənada tələbə və məzunlar üçün faydalı olan bu aktiv məşğulluq tədbirləri bütün ali təhsil müəssisələrində təşkil olunacaq.
Məlumat üçün bildirək ki, tədbirdə 79 müəssisə və təşkilat tərəfindən 687 boş iş yeri təqdim olunub. Həmin müəssisələrdən 9-u dövlət, 70-i qeyri-dövlət müəssisələridir. Tədbirin əsas məqsədi  məzun və  tələbələrə aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək, bununla da işəgötürənlərə qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasında imkan yaratmaq, eyni zamanda işaxtaran vətəndaşların layiqli  işlə təminatına köməklik göstərmək olub.
Tədbirdə qeyri-neft sektoru üzrə fəaliyyət göstərən iri  şirkət və  kompaniyalardan «AzərcellTelekom» MMC,  «Bakcell  LTD» MMC, «EuropeanTobacco – Baku» ASC, «AzərsunHolding» MMC, «Veysəloğlu Yayıcılı Qardaşlar» MMC, Dövlət Neft Şirkətinin İnsan Resursları  Departamenti, İmprotexTravel  MMC, «Atəşgah» sığorta şirkəti, «Ataturizm» MMC, «Paşa Travel» MMC, «Royal Bank» ASC, «Ata Holding» ASC və  digər    müəssisələr iştirak  ediblər. Tədbirin gedişində  işaxtaran vətəndaşlar və  peşəyönümü  üzrə müasir texnologiyalar əsasında məsləhət almaq istəyənlər üçün seminar-treninq də təşkil olunub.
2008-ci  ildən başlayaraq «Qafqaz»  Universitetində «Karyerada  ilk  addım» devizi altında keçirilmiş aktiv məşğulluq tədbirlərində ümumilikdə 301 müəssisə tərəfindən tələbə və məzunların seçiminə  2721 boş vakant iş yeri  təqdim edilib. Tədbirlərdə  iştirak etmiş tələbə və məzunlardan 622 nəfərə göndəriş verilib, 246 nəfər münasib işlə  təmin edilib. Ümumilikdə, Bakı  şəhəri üzrə bu vaxtadək «Karyerada  ilk  addım» devizi  altında keçirilmiş aktiv məşğulluq tədbirlərində 1241 işəgötürən təşkilat tərəfindən 7915 boş vakant iş yeri  təqdim olunub. Tədbirlərdə  iştirak edənlərdən 2338 nəfərə göndəriş verilib, 1175 nəfər münasib işlə  təmin edilib.

Modern.az
http://modern.az/articles/25653/1/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır