Qafqaz Universitetinin iş dünyası ilə əlaqələr üzrə prorektoru, dosent Təyyar Mustafayev hesab edir ki, müasir dövrdə gənclərin iş tapa bilməmələrinin əsas səbəblərindən biri də onların düzgün ixtisas seçməmələridir

Hər il ali məktəblərə qəbul imtahanları ərəfəsində ölkəmizdə ixtisas seçimi məsələsi əksər ailələrdə ciddi müzakirə və mübahisə mövzusu olur. Səbəbi də odur ki, bir çox valideynlər övladlarının ixtisas seçiminə hörmətlə yanaşsalar da, bəziləri buna qarşı çıxırlar.
Mütəxəssislərin qənaətinə görə, seçimə qarşı çıxan valideynlərin çoxu övladlarının ya həkim, ya da müəllim olmasını istəyənlərdir. Bundan əlavə, ölkəmizdə nədənsə polis öz oğlunu polis, həkim öz övladını həkim görmək istəyir və s. Bu il də ailələrdə belə fikir ayrılığının olacağı istisna deyil. Bəs ixtisas seçərkən nələrə diqqət etmək lazımdır?
Mütəxəssislər hesab edirlər ki, ixtisas seçimində övladın istedadı, qabiliyyəti və marağı da nəzərə alınmalıdır. Çünki araşdırmalar göstərir ki, istedadla ixtisas üst-üstə düşəndə, bir-birini tamamlayanda gələcəkdə həmin şəxs mütləq bu sahədə inkişaf edir və özünü təsdiqləyə bilir.
İxtisas seçimi ilə bağlı ekspertlər tərəfindən ümumi qəbul olunmuş prinsiplər də var ki, bu, dünyanın bütün ölkələrində qəbul olunur və tətbiq edilir. Məsələn, xasiyyətcə həssas, cəsarətsiz, qorxaq olanlara həkimlik, polis, hərbçi sənətini seçmək tövsiyə edilmir. Qəti fikirli, məntiqlə hərəkət edən, qanunlarımıza maraq göstərirsinizsə  vəkil və ya hakim ola bilərsiniz. Ünsiyyəti sevməyən, soyuqqanlısınızsa, insanlarla sıx ünsiyyət qurulması lazım olan işlərdən qaçın. Utancaq, kompleksli, tez həyəcanlanan, davranışlarını idarə edə bilməyən, öz fikrini isbat etməkdə çətinlik çəkənlərə isə həm də incəsənət sahəsinə yönəlməmək məsləhətdir. Əsas məqam odur ki, ali məktəbə qəbul olmaq istəyən şəxs mütləq ixtisas seçərkən istedadla yanaşı, xarakterini də nəzərə almalıdır. İxtisasını özü seçən şagirdlər mütləq və mütləq bu barədə valideynlərinin, yaxınlarının məsləhətlərini də nəzərə almalıdırlar. Ən azından onlardan həmin sənətin müsbət və mənfi tərəflərini öyrənməkdə fayda var.

“Arzu etmədiyin ixtisası mənimsəmək də çətindir”
Qafqaz Universitetinin iş dünyası ilə əlaqələr üzrə prorektoru, dosent Təyyar Mustafayev hesab edir ki, müasir dövrdə gənclərin iş tapa bilməmələrinin əsas səbəblərindən biri də onların düzgün ixtisas seçməmələridir: “Gənclər ali məktəblərə daxil olarkən ixtisas seçimini düzgün aparmadıqları üçün sonradan iş tapmaqda çətinlik çəkirlər. Hazırda orta məktəbi bitirən şagirdlərin əksəriyyəti üçün əsas məqsəd universitetə qəbul olmaqdır. Bu zaman ixtisas və peşə seçiminə o qədər də əhəmiyyət verilmir. Əksər hallarda valideynlər də bu cür düşünürlər. Halbuki əsas məqsəd düzgün ixtisas seçimi olmalıdır. Gənclər elə ixtisas seçməlidirlər ki, gələcəkdə həmin sahədə özlərinə münasib iş tapa bilsinlər”.
İxtisas seçimi ilə bağlı tövsiyələrini açıqlayan T. Mustafayev deyib: “Abituriyentlər yalnız harasa düşmək xatirinə ixtisas seçməməlidirlər. Çünki bunun nəticəsi olmayacaq və həyatı boyu əzab çəkəcəklər. Arzu etmədiyin ixtisası mənimsəmək də çətindir. Bundansa, hazırlaşıb gələn il daha hazır vəziyyətdə imtahana gəlmək olar. TQDK bu mərhələdə abituriyentlərə kömək məqsədilə hərtərəfli məlumat verir, onlar üçün informasiya bolluğu yaradır. Abituriyentlər bilirlər ki, onlarla birgə müsabiqədə iştirak edənlərin sayı nə qədərdir, nəticələri necədir, bu və ya digər ixtisasa qəbul olmaq şansı nə qədərdir”.

“Harasa düşmək xatirinə ixtisas seçməyin”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə isə abituriyentlərə ixtisas seçimində bu tövsiyələri verib: “İxtisas seçimi ilə bağlı tövsiyəm odur ki, abituriyentlər yalnız harasa düşmək xatirinə ixtisas seçməsinlər, çünki bunun nəticəsi olmayacaq və həyatları boyu əzab çəkəcəklər. Arzu etmədiyin ixtisası mənimsəmək də çətindir. Bundansa, hazırlaşıb gələn il daha hazır vəziyyətdə imtahana gəlmək olar”. TQDK sədri bu mərhələdə abituriyentlərə kömək məqsədilə hər il “Abituriyent” jurnalının xüsusi buraxılışının çap olunduğunu deyib: “Biz hər dəfə vurğulayırıq ki, hər bir gənc seçim barədə qərar verməzdən əvvəl ixtisasın mahiyyətini dərk etməli, onu yaxşı-yaxşı təhlil etməli, bütün cəhətləri əvvəlcədən nəzərə almalıdır. Lakin təcrübə göstərir ki, ali təhsil müəssisələrinə qəbula hazırlaşanların heç də hamısı bakalavr ixtisaslarının mahiyyəti haqqında tam və aydın təsəvvürə malik olmur və təəssüf ki, bir çox hallarda kortəbii seçim edirlər. Buna görə də gənclərimizə ali təhsil ixtisaslarının xarakteristikası, təyinatı, bakalavriat təhsili başa çatdıqdan sonra peşə-ixtisas hazırlığına uyğun olan fəaliyyət sahə və istiqamətləri, gələcək iş yerləri barədə məlumat və açıqlamalar verilməsinə böyük ehtiyac vardır”.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır