QAFQAZ UNİVERSİTETİ TƏLƏBƏLƏRİNİN TÜRKİYƏ TƏCRÜBƏSİ


Əvvəlki illərdə olduğu kimi bu il də Qafqaz Universitetinin 100-ə yaxın tələbəsi Türkiyədə dövlət və özəl sektor müəssisələrində yay təcrübə proqramlarında iştirak edir
Türkiyənin bir-sıra dövlət qurumları və qabaqcıl şirkətləri ilə əməkdaşlıq edən universitet II və III kurslarda oxuyan tələbələrin praktikalarının Türkiyədə keçirilməsini təmin edir. Proqrama dərslərində müvəffəqiyyətlə fərqlənən və nümunəvi davranışı ilə seçilən tələbələr daxil edilir.
Proqramda əsasən İqtisadiyyat və idarəetmə fakultəsinin Maliyyə, Dünya iqtisadiyyatı, Dövlət və bələdiyyə idarəetməsi, Biznesin təşkili və idarəedilməsi, Menecment, Beynəlxalq münasibətlər, Regionşünaslıq ixtisaslarının və Mühəndislik fakultəsinin Sənayenin təşkili və idarəolunması, Kompyuter mühəndisliyi ixtisaslarının tələbələri iştirak edir.
Bankasya, Petkim, Kuveyttürk bank, Colins, İstanbul Böyükşəhər bələdiyyəsi, Samsun Böyükşəhər bələdiyyəsi, Uyumsoft proqramlaşdırma şirkəti, Boğaziçi universiteti, TASAM və TESEV stratejik tədqiqatlar mərkəzi kimi müxtəlif sahələrdə qabaqcıl müəssisələr olaraq tanınmış qurumlarda tələbələr dərslərdə aldıqları bilikləri praktiki həyatda tətbiq etmə bacarэqlarına yiyələnir.
Təcrübə proqrama əsasən 1 ay davam etməkdədir. Tələbələr bu müddət ərzində bir tərəfdən ixtisasları ilə əlaqəli yeni tətbiqi bacarıqlar əldə edərkən digər tərəfdən qardaş ölkə Türkiyə ilə yaxından tanış olma imkanı əldə edir. Belə ki, praktika müddətində tələbələrə rəhbərlik etmək üzrə universitet tərəfindən təyin edilmiş təcrübəli müəllimlər bir tərəfdən təcrübə proqramının gedişatına nəzarət edərkən, digər tərəfdən həftə sonu gəzinti proqramları tərtib edərək tələbələrin Türkiyədəki tarixi-mədəni əhəmiyyətə malik məkanları görməsini təmin edir. Artıq ənənə halını almış Qafqaz tələbələrinin Türkiyədə yay təcrübə proqramı müvəffəqiyyətlə davam etdirilməkdədir. Tələbələr ölkəmizi və universitetimizi layiqincə təmsil etməkdə, təcrübə keçdikləri qurumlarda xüsusi rəğbət qazanmaqdadır.
Universitetin səyləri nəticəsində tələbələrə Türkiyədə yay təcrübə proqramı keçmə imkanı daha da genişləməkdədir. Belə ki, SOCAR də ortaqlarından olduğu Petkim ilə ötən il başlayan əməkdaşlıq bu il daha da genişlənmiş və Mühəndislik fakultəsi tələbələri ilə birlikdə İqtisadiyyat fakultəsi tələbələri də bu müəssisədə təcrübə keçməyə qəbul edilib. Bu il ilk dəfə olaraq Samsun Böyükşəhər Bələdiyyəsi də Qafqaz Universiteti Dövlət və bələdiyyə idarəetməsi ixtisası tələbələrinə praktika imkanı verib.
Qafqaz universitetinin Dövlət İdarəçilik Akademiyası ilə olan əməkdaşlığı çərçivəsində DİA-nın tələbələri də Qafqaz tələbələri ilə birgə təcrübə proqramında iştirak edib. Xatırladaq ki, tələbələrin Türkiyədə yay təcrübə proqramı Türkiyə Respublikası Baş Nazirliyi İnkişaf və Əməkdaşlıq Baş İdarəsi tərəfindən də dəstəklənir. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır