Qafqaz Universitetində “Bilik Günü”

“Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə Qafqaz Universitetində keçirilən açılış mərasimi ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid oğul və qızlarımızın, elm, mədəniyyət və maarif sahəsində xüsusi xidmətləri olmuş elm adamlarının xatirəsinin yad edilməsi və Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnlərinin oxunmasıyla başladı.
Universitetin rektoru prof.dr.Ahmet Saniç açılış nitqi ilə çıxış edərək “Qafqaz Universitetinin  qurulduğu  1993- cü ildən bu günə kimi  ulu öndər  Heydər  Əliyevin  qoymuş  olduğu  təhsil siyasətini  qürurla həyata keçirdiyini, ən yüksək  səviyyəli təhsil verdiyini, və  dünya  universitetləri   ilə rəqabət  apardığını vurğuladı. Rektor bunun bariz nümunəsi  kimi  bir neçə il ardıcıl olaraq yüksək bal toplayanların Qafqaz Universitetini seçmələri ilə qürur duyduğunu bildirdi.
Çağ Öyrətim İşlətmələri Şirkətinin prezidenti, dr. Ənvər Özərən Qafqaz Universitetindəki sağlam ab-havanın, düzgün və məqsədyönlü pedoqoji yönümün, yalnız  millətin gələcəyini hədəf seçən mərama bağlılığın əsas fəaliyyət göstərici olduğunu önə çəkdi. Yeni tələbə adını qazanmış tələbələri təbrik edən Ənvər bəy uğurlara ürəkdən sevindiyini bildirdi: “1995-ci ildən başlayaraq Universitetlərə tələbə qəbulunun nəticələrinə görə,  Qafqaz Universiteti ali məktəblər arasında reytinq cədvəlinə başçılıq edir. Qafqaz Universiteti  dünyanın 700 ən yaxşı universitetinin siyahısına daxil olub. Qafqaz Universiteti Almaniyanın Frankfurt şəhərində keçirilmiş Keyfiyyət üzrə “BİD” Beynəlxalq Konvensiyasında “International Arch of Europe” nominasiyası üzrə qızıl mükafata layiq görülüb.  Bu uğurların nəticəsidir ki, 2012-2013-cü il tədris ilində 600-dən yüksək bal toplayaraq ali məktəblərə daxil olan  abituriyentlərin I ixtisas qrupu üzrə 59 nəfəri, II ixtisas qrupu 91 nəfəri,  III ixtisas qrupu üzrə  7 nəfəri, IV ixtisas qrupu üzrə 2 nəfəri Qafqaz Universitetinin   tələbələridir”.
700 bal toplayan tələbələrə hədiyyə olunan kompüterləri təqdim edən Millət vəkili Kamilə Əliyeva və Abşeron Rayonu İcra Başçısının müavini Sərviz Süleymanov tələbələri təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı. Qəbul imtahanlarında 700 bal toplayaraq Qafqaz Universitetinin Dünya iktisadiyyatı fakultəsinə daxil olan Nərgiz Məzahirqızı və Sənayenin Təşkili və İdarəetmə fakultəsinə daxil olmuş Orxan Səfərov çıxış edərək, bu təhsil ocağını ən müasir tələblərə cavab verən, dünya standartlarına uyğun tədrisi ilə fərqləndiyi üçün seçdiklərini qeyd etdilər.
Universitetin Tədris İşləri üzrə prorektoru Prof. Dr. Cihan Bulut fəxrlə bildirdi ki, 2012-2013-ü  tədris ilində Qafqaz Universitetinə qəbul olan 670 tələbənin 52 nəfəri 650-dən, 152 nəfəri 600-dən yuxarı  bal  toplamış abituriyentlərdir.
Elmi İşlər üzrə prorektor Prof. Dr. Niftalı Qocayev tələbələrə yeni tədris ilində uğurlar arzulayaraq Qafqaz universitetinın yeni tədris ilinə  yeni müasir təhsil standartlarına cavab verən tədris korpusunun və qızlar üçün müasir tipli yataqxananın istismara təhvili ilə start verdiyi diqqətə çatdırdı.
Mərasimdə Universitetin gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında bütün təhsil ocaqlarına örnək  olduğu xüsusilə vurğulanaraq yeni tədris ilinın daha bir əlamətdar hadisəsi qeyd edildi. Bu ildən etibarən “İlin klubu” və “İlin klub məsləhətçisi ”nominasiyasına start verilərək, ötən tədris ilinin ən fəal klubu “OĞUZ KLUBU” , ilin ən aktiv klub məsləhətçisi, Biznesin İdarəedilməsi fakültəsinin baş müəllimi Dr. Rasim Abutalıbov elan edildi.
Açılış mərasimi universitetin özfəaliyyət kollektivlərinin hazırladığı maraqlı proqramla yekunlaşdı.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF