“Şahinlər” hərbi düşərgəsi bu il 7-ci dəfə təşkil olundu


 Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərin övladları, rayonun aztəminatlı ailələrindən olan, həmçinin “SOS-Azərbaycan” uşaq kəndində tərbiyə alan 250 nəfər uşaq üçün Quba Özəl Türk Liseyi ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü “Şahinlər” yay istirahət düşərgəsi başa çatmışdır. Böyüməkdə olan gənc nəslin yay istirahətinin mənalı təşkili, onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi istiqamətində Səbail və Quba Rayon İcra Hakimiyyətləri, DİN Daxili Qoşunlar Komandanlığı və "Çağ" Öyrətim İşlətmələri Şirkətinin birgə layihəsi əsasında düşərgə həyata keçrilmişdir.
Düşərgədə şagirdlər üçün hərbi-səhra çadırı qurulmuş, səhra mətbəxi yerləşdirilmiş, həyətdə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, ölkədəki ordu quruculuğuna, Milli qəhrəman Mübariz İbrahimova, Daxili Qoşunların fəaliyyətinə, bu il 7-ci dəfə təşkil olunan “Şahinlər” hərbi düşərgənin tarixinə həsr olunmuş stendlər asılmışdır. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan etmişdir.
Uşaqların Qubanın görməli yerlərinə, rayonun tarixi guşələrinə, o cümlədən Quba şəhərində kütləvi məzarlığa gəzintiləri təşkil olunmuşdur. İstirahətin 1-ci günü Daxili Qoşunlar tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilmişdir. Məktəblilər Daxili Qoşunların hərbi hissəsində şəxsi heyətin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuş, xüsusi təyinatlı bölüyün məşqələlərinə qatılmışlar.
Avqustun 10-da Quba Özəl Türk Liseyində düşərgənin bağlanışı ilə əlaqədar tədbir təşkil olunmuşdur. Tədbirdə iştirak edən Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, DİN Daxili Qoşunların Qərərgah rəisinin birinci müavini general-mayor Şahin Məmmədov, “Çağ” Öyrətim işlətmələri İdarə Heyətinin sədri Enver Özeren, Səbail Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Xalidə xanım Bayramova, Quba Rayon İcra Hakimiyyətinin birinci müavini Yusif Abidov və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün qurulmuş şəraitlə yaxından tanış oldular. Sonra düşərgənin rəisi Faiq Qurbanov düşərgə haqqında qonaqlara məlumat verdi. Tədbidə çıxış edən natiqlər düşərgə haqqında öz fikirlərini söylədilər. Böyüməkdə olan gənc nəslin yay istirahətərinin mənalı və səmərəli təşkili, onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi istiqamətində, gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq məqsədi ilə belə düşərgələrin vacibliyi haqqında danışdılar.
Düşərgədə idman yarışlarında qalib gəlmiş, tərbiyəsinə görə fərqlənən bir qrup şagirdə, uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərinə və hərbçilərə medallar və qiymətli hədiyyələr təqdim edildi.
Daha sonra yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif  hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdiriblər. Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin çıxışı maraqla qarşılanıb. Bundan başqa, respublikamızın tanınmış incəsənət xadimləri və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən bayram konsertində düşərgədə istirahət edən uşaqlar da öz məharətlərini göstəriblər.
 
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır