Türkiyənin Orta Doğu Texniki Universitetinin dəstəyi ilə Qafqaz Universitetində texnoparkın yaradılması məsələsi müzakirə olunmuşdur

Bakı, 27 sentyabr (AzərTAc). Təhsil naziri Misir Mərdanov Qafqaz Universitetinin rektoru Əhməd Saniç və Türkiyənin Orta Doğu Texniki Universiteti texnoparkının müdir müavini Ufuk Batum ilə görüşmüşdür.
Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə Orta Doğu Texniki Universitetinin dəstəyi ilə Qafqaz Universitetində texnoparkın yaradılması məsələsi müzakirə olunmuşdur.
M.Mərdanov Azərbaycan ilə Türkiyə əlaqələrinin, o cümlədən təhsil sahəsindəki əməkdaşlığın əhəmiyyətindən danışmışdır.
Nazir Qafqaz Universitetində texnoparkın yaradılması təşəbbüsünün təqdirəlayiq olduğunu bildirmiş, bu təcrübəni Azərbaycanda ali təhsilin inkişafına yeni bir töhfə kimi dəyərləndirmişdir.
Qafqaz Universitetinin rektoru Əhməd Saniç Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə aparılan əməkdaşlıq çərçivəsində ilkin olaraq Sumqayıt texnoparkından istifadə olunmasının nəzərdə tutulduğunu vurğulamışdır. Rektor, eyni zamanda, Orta Doğu Texniki Universiteti texnoparkının yaradılması təcrübəsindən istifadə etməklə Qafqaz Universitetində müvafiq strukturun fəaliyyətinin təşkili məsələsinin müzakirə olunduğunu söyləmişdir.
Orta Doğu Texniki Universiteti texnoparkının müdir müavini Ufuk Bulut Türkiyədə ötən əsrin ikinci yarısından vüsət alan sənayeləşmənin texniki ali məktəblərin fəaliyyətinin istehsalata uyğun qurulması ilə nəticələndiyini bildirmişdir. Ali təhsil müəssisələrində aparılan elmi-tədqiqatların nəticələrinin istehsalat sahələrinə tətbiqinin əhəmiyyətindən bəhs edən qonaq, həmçinin peşəkar mütəxəssislərin hazırlanmasında bu təcrübənin əvəzsiz rol oynadığını vurğulamışdır.
Azərbaycan üçün yeni olan bu təşəbbüsün uğurlu nəticələr verəcəyinə inamını ifadə edən M.Mərdanov bu təcrübədən gələcəkdə digər ali məktəblərin də bəhrələnəcəyinə ümidvar olduğunu söyləmişdir. Nazir ali məktəblərin texnoparklarının olmasını əlavə maliyyə təminatı, elmi-tədqiqatların səmərəliliyinin artırılması və stimullaşdırılması baxımından yüksək qiymətləndirmişdir.
http://www.azertag.com/node/1006029

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF