Gürcüstanın paytaxtı Tbilisidə “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda 6-cı beynəlxalq konfrans işə başlayıb.

Qafqaz Universitetindən Gün.Az-a verilən məlumata görə, Gürcüstan Təhsil və Elm Nazirliyi, Tbilisi Beynəlxalq Qaradəniz Universiteti, Qafqaz Universiteti (Azərbaycan), İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinin təşkilatçılığı ilə keçirilən konfrans ayın 19-a kimi davam edəcək.

Konfransın keçirilməsində məqsəd informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə edilmiş yüksək innovativ elmi nəticələrlə bağlı bilik və təcrübə mübadiləsi aparmaqdır.

Tədbirdə informasiya-kommunikasiya texnologiyalarının təhsil, elm, iqtisadiyyat, biznes, səhiyyə, idarəetmə, dövlət strukturlarında və digər sahələrdə tətbiqinin daha da yaxşılaşdırılması yolları müzakirə olunur. Konfransın təşkilatçısı olan universitetlərin rektorları gündəlikdə duran məsələlərlə bağlı çıxış edirlər.

Tbilisi Beynəlxalq Qaradəniz Universitetinin rektoru Ercan Tunc bildirb ki, konfrans naqilsiz internet, 3 və 4-cü nəsil mobil texnologiyaların inkişafına əsaslanan müxtəlif texniki məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir:

“Burada müxtəlif elm sahələrində çalışan gənc alim və mütəxəssislərə elmi axtarışlarının nəticələrini təqdim etmək üçün yaxşı şərait yaradılıb”.

Qeyd edək ki, konfransda 20-dən çox ölkədən 70-ə yaxın nümayəndə iştirak edir. Azərbaycandan isə tədbirə 20-yə yaxın elm xadimi qatılıb.

2009-2011-ci illərdə belə bir konfrans Bakıda keçirilib. Konfransın 2013-cü ildə də Bakıda təşkili planlaşdırılır.

Mirvari Kamilqızı
Gün.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF